
Başlıbel faciəsi
Kəlbəcərin ən ucqar kəndinin mühasirədə qalanları 114 gün düşmənə baş əyməyib
Azərbaycan torpaqlarına iki əsrdir təcavüz edən ermənilərin ötənilki məğlubiyyəti tarixi ədalətin bərpası kimi də yazıldı yaddaşlara. Lakin unudulmayan dəhşətlər və faciələr var ki… Onları nə zaman unuda bilər, nə bugünkü, nə də gələcək nəsillər.
Kəlbəcər Ermənistanla Azərbaycanın arasında bir qala qapısı idi. İki əsrlik ermənilərin öz imperiya xislətli havadarlarının hərtərəfli maddi, hərbi dəstəyi ilə dəfələrlə etdiyi hücumlara Kəlbəcərin igidləri adi silahlarla belə sinə gərib, bir qarış torpağının işğal altına düşməsinə imkan verməmişdi.
Ötən əsrin 90-cı illərində isə ölkəmizdə siyasi hakimiyyət böhranından istifadə edən erməni-rus şovinist birləşməsi Qarabağa, o cümlədən Kəlbəcərə qəfil hücum etməklə, tarixi ərazilərimizi təcavüzə məruz qoymuşdu. 30 ilə yaxın davam edən bu işğala ötən il son qoyularkən daşnakların necə vandal olduqlarını dünyaya göstərdi.
Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətlə bildirdiyi kimi, hər şeyin zaman ehtiyacı var. Bəli, həmin zaman gəlmişdi: 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi 10 noyabr 2020-ci il tarixində Ermənistanın və onun havadarlarının məğlubiyyəti ilə başa çatdı. Ermənistanın təcavüzkar siyasəti nəticəsində doğma yer-yurdundan qovulan, öldürülən, girov aparılanların bir qismi də kəlbəcərlilər, daha çoxu bəlkə də rayonun ən iri yaşayış məntəqəsi olan Başlıbel kəndinin camaatı idi.
Əslində, Kəlbəcərin Tutquçay ərazisindəki 40-dək yaşayış məntəqəsinin əhalisi Tunelin erməni silahlı quldurları tərfindən bağlanmasına görə, mühasirədə qalmışdı.
Hadisələrin canlı şahidləri o dəhşətli günlərdən söz açanda adamı vahimə bürüyür. Erməniərin əzazil olması, insanlığa qarşı törətdiklərini dillə söyləmək, qələmə almaq belə dəhşətdir.
Kəlbəcərin bütün kəndləri, hətta, rayon mərkəzi tamamilə boşalsa da, Başlıbelin əhalisinin əksəriyyəti, xüsusən də yaşlılar ev-eşiyindən çıxmamışdı. Dünyadan və rayon mərkəzindən xəbərsiz, yolsuz, işıqsız, televiziyasız idilər. Xəbərsiz kənddən çıxanlar da buna görə Tuneldə girov götürülür, əsir alınaraq Ermənistana, ya da Xankəndinə aparılırdı. Bunu da ucqar kənddəkilər bilmirdi. Başlıbel camaatı, beləcə, mühasirəyə düşdüklərini çox gec, daha doğrusu, aprel ayının 4-5-dən sonra bilmişdilər. Ona görə də ermənilərin kəndə hücumundan əvvəl hələ də qarla örtülü Dəlidağa qalmağı qərara almışdılar. Kənddən xeyli aralı dağlardakı kaha və mağaralar onların sığınacağına çevrilmişdi.
“Qanlı kah”a, qarlı dağlar və mağaralar…
…Aradan illər keçsə də, o dəhşətlər nə unudulurdu, nə də, təəssüf ki, isti-isti qələmə alınıb geniş ictimaiyyətə çatdırılırdı. Nədənsə, qələm sahibləri də belə faciələrimizin tarixləşdirilməsində öz üzərinə düşən missiyanı unudurdular. Zaman-zaman erməni vandallarının xalqımıza, ümumiyyətlə, türklərə qarşı törətdiyi soyqırımı siyasəti qismən işıqlandırılıb ki, onlar da arxivləşərək, üstünü yüz illərin “tozu” basıb.
Xocalı, Ağdaban, Qaradağlı, Bağanis Ayrım, Başlıbel… faciələri əvvəlkilərindən fərqli olaraq yaxşı ki, qələmə alındı. Bu dəhşətləri hələ 1998-ci ildə çapdan buraxılan “Ümid işığı” kitabımda bədii şəkildə oxuculara təqdim edilmişdir: “yaralı saz” hekayəsi vasitəsilə. Əslən Başlıbeldən olan jurnalist Elxan Salahlının siyasi publisistik janrda qələmə aldığı, 2018-ci ildə çapdan buraxılan “Qanlı kaha” əsəri də məhz həmin faciədən bəhs edir. Hazırda sənədli film çəkilməsi nəzərdə tutulan həmin kitab faciənin miqyasını və dərəcəsinin ağırlığını tam, dolğun və əhatəli şəkildə əks etdirir. Müəllif hadisələrin canlı şahidlərinin ifadələri əsasında qələmə aldığı faciə ermənilərin necə qəddar və amansız olduğunu bir daha təsdiq edir. Əslində, Qarabağda ermənilərin törətdiyi bütün faciələr silsiləsinin bədii həlli üçün belə əsərlər qələmə alınmalıdır.
Kitabda göstərilir ki, o hadisələrin şahidi, əslən başlıbelli İsmət, Elşad, Mahir, Müşfiq… kimi döyüşkən oğullar kənd camaatını qoruyub salamat çıxarmaq üçün dağlara çəkilməyi məsləhət bilmişdilər. Onlar o dəhşətli günlərin qeydlərini edib saxlayıblar ki, gələcək nəsillərə düşmənin necə amansız olduğunu anlada bilsinlər.
Yaşadığı və işlədiyi Bakıdan doğmalarını mühasirədən xilas etməyə gedən İsmət o günləri belə xatırlayır: “Aprelin 18-i idi. Səhər tezdən “Yol yarı” dərədən Porttaya bir maşın çıxdı. Maşından iki nəfər düşdü. Öz aralarında nəsə danışıb, çayın o tayındakı kahaları göstərərək maşina oturub qayıtdılar geriyə. Keşikçilər bu xəbəri kahadakılara verib əlavə etdilər ki, düşmən onların yerini bilir. Odur ki, tədbir görmək lazımdır. İsmət qız-gəlinə, uşaqlara tapşırdı ki, kahadan bayıra çıxmaq olmaz. Silahlı gənclər kahanın ətrafında mövqe tutdular. Aradan yarım saat keçməmiş “Dəvə bulağı” tərəfdən Porttaya iki-üç maşın qalxdı. Silahlı quldurlar zirehli geyimli idilər. Xəbərdarlıq atəşi olmadan kahanı gülləbarana tutan düşmən qüvvələri səsucaldanla tabe olmağı əmr etdilər, əks təqdirdə kahanı partlatmaqla hədələdilər. Xəbərdarlıq kahadakı qocaları, uşaqları vahimələndirsə də, kimsə yerindən tərpənmədi. Ömründə saxta danışmayan, fitnə-feldən uzaq qocalar düşmənin bu alçaq niyyətlərini başa düşmədiklərindən, qırğına səbəb olmadan kahadan çıxmağı məsləhət bildilər. Lakin İsmətlə Elşad qəti etiraz etdilər. Amma qocaları öz inadından döndərmək çətin oldu. Əlacsız qalıb razılığa gəldilər. İyirmi nəfərə qədər qoca, qadın, uşaq, körpə kahanın qarşısına çıxdı”.
Elşad əmisi oğlu İsmətin fikrini davam etdirərək deyir ki, erməni qəddarı kahadan çıxanların arasında silahlıları görməyib yenidən əmr etdi: “Haydı, girin içəri kaftarlar, kim varsa qoy çıxsın, yoxsa kahanın külünü göyə sovuracağıq! Dima adlı bir quldur Yaqub kişiyə yaxınlaşıb ona var gücü ilə bir sillə çəkdi:
– Sənə demədim ki, kahadakıları bayıra çağır?!
Yaqub kişi dodaqları əsə-əsə bildirdi ki,
“peyğəmbər haqqı, içəridə heç kim qalmayıb”.
Bu, Yaqub kişinin sonuncu kəlməsi oldu. Quduzlaşmış dığa onu üç güllə ilə yerə sərdi. İsmət buna tablaşmadı, Müşfiqə “hazır ol!”-deyib həmin qulduru nişan aldı. Atışma getdikcə güclənirdi. İsmətlə Mahirə işarə etdim ki, camaatı kahadan çıxarıb yeri dəyişmək lazımdır.
Məni burada tək qoymağa İsmətin ürəyi gəlmədi:
– Nə danışırsan, çıxsaq da bir yerdə çıxacağıq, qalsaq da bir yerdə qalacağıq,-dedi…
Gecəyarısı dəfn
Elşad o günləri gözləri önünə gətirir: “…Kəndin yaxınlığındakı Portta belə dəhşət görməmişdi. Al-qana bələnmiş kənd əhlini basdırmaq üçün qəbir qazılırdı. İsmət için-için ağlayır, səsini boğurdu ki, düşmən eşitməsin. On iki meyit idi. Üçündən başqa qalanları al-qan içində idi. Kəfənsiz şəhidlərin səssiz-səmirsiz torpağa tapşırılması uşaqlara dərd oldu. Kəndin ilk şəhid balası Namiq torpağa tapşırılan gün hamı şaxsey-vaxsey getmişdi. Dəlidağ leysan ələmişdi. “Çalmalı” çalmasını yolub məzarın üstünə sərmişdi. İndi sanki yanaşı yatan bu üryan bədənlərin kimsəsi yox idi. Hamı daşlaşmışdı. Yox, hamının səsi qalmışdı daş altında. Gecəyarısı ağlamaq olardı?! İsmət sakitcə ağlaya-ağlaya torpağı qazır, Mahir meyitləri öz paltarlarına bükür…
– Bu da Büsatın meyiti,-kimsə pıçıldayır.
– Qəbirin birini böyük qazın: iki nəfərlik osun. Qorxudan ürəyi partlayan ananın boynuna sarılmış beş-altı yaşlı Zülfiyyə də “buz heykəl”ə dönmüşdü. “Bu “heykəl”i basdırmaq olmaz!”-kimsə qışqırmaq istəyir, səsi içində boğulur. Beləcə, bir məzarda dəfn olunur ana-bala…”
O gecə torpağa tapşırılanların kimlər olduğunu xatırlamaq üçün Elşad cibindən çıxardığı qanlı dəftərçəsindən oxuyur:”…Əmralıyev Məhəmməd, oğlanları Surxay, Çingiz, qızı Ayğün, kəndarası “Yetim” ləqəbli tanınan Gülarə qarı, Laçından Əhliman, Zərdabdan Vüqar, Hümbət kişinin həyat yoldaşı Çiçək…”
Hüseyn kişinin ürəyi kənddə ikən partlamış, el adəti ilə dəfn olunmuşdu. Ömür-gün yoldaşı Şamama isə yağılar tərəfindən əsir aparılmışdı. Mayaxanım “Böyük qalaça”da, Tutu qarı isə Başlıbel binəsində tək qalıb yiyəsizlikdən ürəyi partlamışdı…
“O dünyadan” gələnlər
Üç ay ərzində dağda-daşda gizlənib düşmənə təslim olmamaq onlara onsuz da baha başa gəlmişdi. Həm sayları azalırdı, həm də yeməyə ərzaqları tükənirdi. Daha kəndlərə girmək də qorxulu idi. Erməni quldurları öyrənmişdilər ki, qayalarda, mağara və kahalarda silahlılar var. Onlar da bizimkilərdən qorxurdular. Buna görə də dağlara qalxa bilmirdilər.
Bir həftədən artıq idi ki, Başlıbeldən İstisu, Qaraçanlı, Söyüdlü istiqamətinə yol başlamışdılar. Tunel bağlı olduğuna görə, ancaq əlac qarlı-tufanlı dağlara qalmışdı: ermənilər hələ oralara qalxa bilməmişdi. Yol uzun, yoçuları yorğun… Bir həftədən artıq idi ki, yo gəlirdilər. On-in iki nəfərdən ibarət dəstənin Qoşqarın zirvəsinədək gəldiyi yol həm uzun, həm də qorxulu idi. Gündüzlər kəşfiyyata çıxan cavanlar gecələr bələdçilik edir, yorulub qalanların əlindən tutur, onlarda öləziyən “ümid çırağı”nı sönməyə qoymurdular.
Aralarında qoca, uşaq, qız-gəlin olan dəstə bir ay idi ki, “o dünya”dan yol başlamışdı. Öndə və arxada əlisilahlı cavanlar gəlirdi. Üz-gözlərindən aclıq, yorğunluq, vahimə yağan bu tərki-vətənlər sanki əsrin o başından başlamışdılar yolu. İllərə bərabər olan o üç ay həm ağrı-acılı, həm də şirin xəyala çevrilirdi.
Dağın sonuncu aşırımına az qalmışdı. Bu aşırım olumla ölüm arasında körpü idi. Aşırımdan bircə addım irəlidə həyat, arxada isə əsirlik, girovluq, zülm-zillət dolu dəhşətlər vardı. Hamı heyi kəsilmiş halda sürünür, taqətdən düşmüşlər dizütə düşərək nəfəs alır və yenidən irəliləyirdi. Əzablı yolların sonuncu addımlarından sanki daş asılmışdı. İki addım yolu iki saata qurtarmaq olmurdu.
Elşad axırıncı nəfərin də aşırımı aşdığını görüb dərindən bir ah çəkdi. Qəlbindən keçdi ki, gör bir nəyə sevinirik: torpağı, yurdu yağıya verib, başımızı götürüb qaçırıq. O, Başlıbeldən gecəikən ərzaq üçün kəndə girərkən aşıq İmranın evindən götürdüyü sazı bura qədər qoruyub saxlamışdı. Çiynindən aşırıb sazı ilk və son dəfə köynəyindən çıxardı. Dikin qaşına qalxıb bayatı çəkdi:
Əzizim oyan, dağlar,
Qəlbimi oyan dağlar.
Bu yan sizsiz qan ağlar,
Necədir o yan, dağlar?!
Daş-qayalardan səs çıxdı, sazdan yox. Saz yaralanmışdı. Güllənin qəlpəsi onun çanağını əzmiş, telini sındırmışdı. Bu da Elşada bir dərd olmuşdu. Üzünü Dəlidağa tutub demişdi:
Ay Dəlidağ, üstümüzə od ələ,
Daha bəsdi lal dayandın, gəl dilə!
Hayla gəlsin ordan Dədəm Qorqudu,
Nə günlərə qalıb görsün bu yurdu…”
Məhəmməd NƏRİMANOĞLU,
Subyekt.az