![]()
Kəlbəcər rayonunun Mollabayramlı kənd sakinləri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıblar.
Məktubda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illərdə mühüm siyasi, iqtisadi və sosial nailiyyətlər qazandığı, xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində icra olunan layihələrin yüksək qiymətləndirildiyi bildirilib. Qeyd olunub ki, dövlət başçısının uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən biri kimi mövqeyini daha da möhkəmləndirib, azad edilmiş torpaqlarda həyatın bərpası və sosial-iqtisadi inkişaf istiqamətində mühüm nəticələr əldə olunub.
Sakinlər məktubda Birləşmiş Millətlər Təşkilatının Mənzil-Qərargahında Azərbaycan Respublikası ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında imzalanmış əməkdaşlıq sənədini yüksək qiymətləndirərək, həmin sənəd çərçivəsində Kəlbəcər rayonunun Mollabayramlı kəndinin pilot layihələr sırasına daxil edilməsini məmnunluqla qarşıladıqlarını ifadə ediblər. Vurğulanıb ki, beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanacaq müasir ərazi planlaşdırılması sənədləri kəndin gələcək inkişafının təmin olunmasına, dayanıqlı məskunlaşmanın formalaşdırılmasına və müasir yaşayış mühitinin yaradılmasına mühüm töhfə verəcək.
Məktub müəllifləri Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin bərpasına və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsinə göstərdiyi xüsusi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı tikinti, abadlıq və infrastruktur layihələri rayon sakinlərində böyük qürur hissi yaradır və doğma yurda qayıdış inamını daha da gücləndirir.
Məktubda, həmçinin, Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonu üzrə Xüsusi Nümayəndəliyinin, hüquq-mühafizə orqanlarının və digər dövlət qurumlarının bölgədə həyata keçirdiyi fəaliyyət yüksək qiymətləndirilib. Bildirilib ki, əlaqələndirilmiş dövlət siyasəti nəticəsində Böyük Qayıdış prosesinin uğurla həyata keçirilməsi, təhlükəsiz, müasir və dayanıqlı yaşayış mühitinin formalaşdırılması istiqamətində mühüm işlər görülür.
Məktubun sonunda Mollabayramlı kənd sakinləri dövlət başçısına möhkəm cansağlığı, ali dövləti fəaliyyətində yeni uğurlar arzulayaraq, Azərbaycanın daha da qüdrətlənməsi, işğaldan azad edilmiş ərazilərin inkişafı və Böyük Qayıdış strategiyasının uğurla davam etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətini bundan sonra da qətiyyətlə dəstəkləyəcəklərini bildiriblər.

Subyekt.az