![]()
Kəlbəcər rayonunda yerləşən hərbi hissələrdən birində müqavilə əsasında çalışan bir qrup mülki işçi redaksiyaya müraciət edərək əmək hüquqlarının pozulduğunu bildirir. Şikayətçilərin sözlərinə görə, onlar işə qəbul edilərkən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə əmək müqavilələri imzalayıb və fəaliyyətləri həmin müqavilələr əsasında tənzimlənib.
Müraciətdə qeyd olunur ki, hərbi hissəyə yeni maliyyə rəisi təyin edilənədək iş şəraiti normal olub və hər hansı ciddi problem yaşanmayıb. Lakin iddialara əsasən, vəzifəyə maliyyə xidmətinin rəisi Elşad Ələsov təyin olunduqdan sonra vəziyyət dəyişib. Bildirilir ki, o, əmək qanunvericiliyinin tələblərini pozaraq müqavilə əsasında çalışan işçiləri qeyri-rəsmi şəkildə əlavə işlərə cəlb edir, onları gündəlik iş rejimi ilə işləməyə məcbur edir və bu zaman müxtəlif təzyiq üsullarından istifadə edir.
Şikayətçilər iddia edirlər ki, Ələsov bu addımlarını guya yüksək vəzifəli şəxslərin göstərişləri ilə əsaslandırır ki, bu da kollektivdə narazılıq və gərginlik yaradıb. Onların sözlərinə görə, maliyyə rəisi vəzifə səlahiyyətlərini aşaraq digər sahələrə də müdaxilə edir, hətta hərbi hissə rəhbərliyinin səlahiyyətlərinə aid məsələlərdə belə qərar verir.
Ərizədə o da vurğulanır ki, işçilər ilkin əmək müqavilələrinə əsasən 15 gün iş, 15 gün istirahət prinsipi ilə fəaliyyət göstərməli olduqları halda, hazırda bu rejimə əməl edilmir. Yeni işə qəbul olunan şəxslər üçün isə gündəlik iş qrafiki tətbiq olunur.
Müraciətdə bəzi hallarda yüksək vəzifəli şəxslərin adlarından istifadə edildiyi də qeyd olunur. Bu kontekstdə Hikmət Mirzəyev və Adil Qurbanovun adlarının hallandırıldığı bildirilir.
Şikayət Zakir Həsənovun ünvanına təqdim olunub. Müraciət müəllifləri işğaldan azad edilmiş ərazilərdə çalışan mülki işçilər üçün nəzərdə tutulmuş növbəli iş sisteminin qorunmasını, əmək qanunvericiliyinə əməl olunmasını və yaranmış vəziyyətin obyektiv şəkildə araşdırılmasını xahiş edirlər.
Redaksiyaya təqdim edilən rəsmi ərizədə bir qrup işçinin adı qeyd olunub. Onlar artıq bir neçə ildir IV Ordu Korpusunun tabeliyində fəaliyyət göstərən hərbi hissələrdə mülki işçi kimi çalışdıqlarını bildirir və mövcud vəziyyətin əmək müqavilələrinin şərtlərinə zidd olduğunu vurğulayırlar.
Şikayətçilər aidiyyəti qurumlardan qanunsuz halların aradan qaldırılmasını və əmək hüquqlarının bərpa edilməsini tələb edir.
Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
Ps. Müraciət edən şəxslərin vəsiqələrinin və əmək müqavilələrinin surətləri redaksiyaya təqdim edilsə də, məxfilik baxımından onlar saytda dərc edilmir. Bütün materialları aidiyyəti qurumlara təqdim etməyə hazırıq.



Subyekt.az