![]()
Kəlbəcər rayonu Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbdə tanınmış şair Sönməz Ələkbərlə məktəb kollektivi və şagirdlərin görüşü keçirilib. Görüş ədəbi-bədii məzmunu ilə yanaşı, həm də tarixi yaddaşın qorunması baxımından əlamətdar hadisə kimi qiymətləndirilib.
Subyekt.az xəbər verir ki, Tədbir zamanı şair öz yaradıcılıq yolu, həyat təcrübəsi və xüsusilə Kəlbəcərin işğalı illərində yaşadığı ağır günlərlə bağlı xatirələrini bölüşüb. O, 1993-cü ildə Başlıbel kəndində mühasirədə qaldığı günlərdən danışaraq, həmin dövrün acı həqiqətlərini diqqətə çatdırıb. Şairin çıxışı auditoriyada dərin təsir doğurub və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sönməz Ələkbər çıxışında gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini xüsusi vurğulayıb. O bildirib ki, tarix yalnız kitab səhifələrində deyil, onu yaşayan insanların yaddaşında qorunur və gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət daşıyır.
Görüş çərçivəsində şair öz şeirlərini səsləndirib, şagirdləri maraqlandıran sualları cavablandırıb. Eyni zamanda müəllifin yeni nəşr olunan kitabı – “Heç nə ola bilməz Vətəndən şirin” oxuculara təqdim olunub. Şair kitablarını imzalayaraq şagirdlərə hədiyyə edib ki, bu da tədbirin ən yaddaqalan məqamlarından biri olub.
Tədbirdə həmçinin həmin dövrün şahidləri də iştirak edərək xatirələrini bölüşüblər. Onların çıxışları görüşə əlavə emosional çalar qatıb və iştirakçılara tarixin canlı izlərini bir daha hiss etdirib.
Şagirdlərin şairə təqdim etdiyi güllər və səmimi münasibət tədbirə xüsusi rəng qatıb. Uzun illərdən sonra azad Kəlbəcərdə belə bir görüşün keçirilməsi mənəvi qayıdışın və tarixi ədalətin təntənəsi kimi dəyərləndirilib.
Sonda məktəb rəhbərliyi və kollektiv tərəfindən qonağa təşəkkür bildirilib, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, bu cür görüşlər gənclərin dünyagörüşünün formalaşmasına, milli-mənəvi dəyərlərin təbliğinə və tarixi yaddaşın yaşadılmasına mühüm töhfə verir.

































Subyekt.az