![]()
Həyatımızda elə günlər olur ki, insan həm kədəri, həm də sevinci bir arada yaşayır. Bu gün də həmin günlərdən biri oldu.
Səhərimizi 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş igidlərimizin xatirəsinə həsr olunmuş anım tədbiri ilə başladıq. Bu tədbir yalnız bir rəsmi mərasim deyildi – o, mənəvi borcumuzun ifadəsi, vətəndaşlıq mövqeyimizin təsdiqi idi. Şəhidlərimizin əziz xatirəsi qarşısında bir daha baş əyərək, onların bizə bəxş etdiyi zəfərin dəyərini düşündük. Çünki Vətən uğrunda can verənləri unutmaq, yaddaşımıza xəyanət etmək deməkdir. Onları yaşatmaq isə həm mənəvi, həm də vətəndaşlıq borcumuzdur.
Amma günün ikinci yarısı sevinc dolu bir müjdə ilə yadda qaldı. “Orxan” nəşriyyatının direktoru, dəyərli ziyalı və dost, gözəl insan Cəfər Əzizoğlu zəng edərək mənə yeni xəbər verdi: sayca üçüncü kitabım – “Ömrün yarı yaşında” artıq işıq üzü görüb.
Bu kitab mənim üçün sadəcə bir yaradıcılıq nümunəsi deyil, həm də ömrün, düşüncənin və duyğuların aynasıdır. Kəlbəcər həsrətli, zəfər müjdəsi gətirən şeirlərimlə zəngin olan bu toplu nəfis tərtibatı ilə seçilir. Kitabın hazırlanmasında səliqə və zövq sahibi dizayner Elçin müəllimin əməyi, istedadlı rəssam Yaşar Rəhimovun hər fəslə uyğun çəkdiyi təsviri rəsmlər xüsusi önəm daşıyır.
Əsərə ön sözü hörmətli ziyalımız Məhəmməd Nərimanoğlu yazıb. Bununla yanaşı, detektiv janrında sevilən yazıçı Elxan Elatlı, şairlər Şahin Qədirli və Cəmilə Çiçək öz dəyərli rəyləri ilə kitabı daha da zənginləşdiriblər.
“Arzudan arzu doğar” deyiblər. Bu gün mənim üçün həm kədər, həm də qürur, həm də sevinc günüdür. Bir tərəfdən şəhidlərimizin əziz xatirəsini yad edir, digər tərəfdən illərin zəhmətinin bəhrəsini – yeni kitabımın sevincini yaşayıram. Bu qovuşma təsadüfi deyil – çünki həm kədər, həm də sevinc insanın ruhunu böyüdür, onu daha da möhkəmləndirir.
Məni bu yolumda dəstəkləyən, kitabın ərsəyə gəlməsində zəhməti keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Çünki hər kitab bir ömrün parçasıdır, oxucularla birgə yaşanacaq yeni bir həyatdır.
Hörmətlə, Adil Həmid
Subyekt.az