Subyekt.az Cəbhə.İnfo-ya istinadla bildirir ki, Rusiya və Qərb münasibətlərinin hər an Üçüncü Dünya müharibəsinə çevrilə biləcəyi bir şəraitdə Müstəqil Dövlətlər Birliyi ölkələrinin təhlükəsizlik və kəşfiyyat orqanlarının Moskvada toplaşması diqqəti cəlb edir.
Kreml bu tədbiri xüsusi xidmət orqanlarının 20-ci iclası kimi təqdim etməyə çalışsa da, Rusiya rəsmilərinin səsləndirdiyi siyasi bəyanatlar bu müzakirələrin heç də adi rotasiya qaydasında keçirilmədiyini göstərir. Rusiyanın əsl məqsədini anlamaq üçün ilk növbədə, rəsmi Moskvadan gələn açıqlamalara diqqət yetirmək lazımdır. Təhlükəsizlik və kəşfiyyat xidmətləri rəhbərlərinin görüşündə Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov ABŞ-nin hədəfinin yalnız Rusiya deyil, həm də MDB ölkələri olduğunu iddia edib. “ABŞ-nin Prezidenti Co Baydenin komandası dünyada vəziyyəti mümkün qədər gərginləşdirə bilər”,-deyə Bortnikov bildirib. Bortnikovun fikrincə, Donald Trampın prezident seçilməsi çətin ki, ABŞ-nin xarici siyasətində köklü dəyişikliklərə səbəb olsun. Onun sözlərinə görə, ABŞ, Böyük Britaniya və müttəfiqləri MDB ölkələri arasında müttəfiqlik münasibətlərinə kobud şəkildə müdaxilə etmək cəhdlərini davam etdirəcəklər. FTX rəhbəri onları inteqrasiya proseslərinə mane olmaqda, birliyin təhlükəsizliyini və sabitliyini təmin etməyə yönəlmiş səyləri gözdən salmaqda ittiham edib. “Biz istənilən təxribata hazır olmalıyıq”,-deyə Bortnikov bəyan edib.
“ABŞ-nin yeni prezidentinin seçilməsinin Vaşinqtonun xarici siyasətində köklü dəyişikliyə səbəb olması ehtimalı azdır. Baydenin çıxıb getməkdə olan komandasının daxili siyasi mübarizə çərçivəsində ilk növbədə, postsovet məkanında, Yaxın və Orta Şərqdə, eləcə də Cənub-Şərqi Asiyada vəziyyəti mümkün qədər gərginləşdirməyə çalışacağı istisna olunmur”,-deyə Bortnikov bildirib. Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin ABŞ və onun avropalı müttəfiqlərinin Müstəqil Dövlətlər Birliyində Ukrayna ssenarisini həyata keçirmək üçün onların ərazisindəki millətçilərlə əlaqə saxladığını bildirib “Vaşinqton, London və Brüsseldə birliyin ayrı-ayrı ölkələrinə Ukrayna ssenarisini tətbiq etmək variantlarını araşdırırlar. Bu, milli kimliyin gücləndirilməsi bəhanəsi ilə dar pərəstişkar millətçiliyi qızışdırmaq və Qərblə inteqrasiyaya təkan vermək deməkdir. Amerika və Avropa xüsusi xidmət orqanlarının MDB məkanında millətçi partiya və hərəkatlarla sabit əlaqələri haqqında məlumatlar var”,-deyə Narışkin bəyan edib.
Rusiya Prezidenti Vladimir Putin isə iclas iştirakçılarına ünvanladığı təbrik məktubunda bugünkü geosiyasi gərginlik şəraitində MDB ölkələrinin kəşfiyyat xidmətləri arasında konstruktiv əməkdaşlığın zəruri olduğunu qeyd edib. “MDB və qonşu regionlarda sabitliyin pozulmasının qarşısını almaq vacibdir. Bunun üçün isə əvvəlki kimi hər hansı neqativ tendensiyanı və kollektiv təhlükəsizliyə potensial təhlükəni müəyyən etmək lazımdır”,-deyə Putin bildirib. Göründüyü kimi, Rusiya rəhbərliyinin MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat xidmətlərinin iclasını çağırması NATO ilə mümkün müharibə ssenarisi fonunda baş verə biləcək prosesləri proqnozlaşdırmağa hesablanıb. Artıq NATO üzvü olan ölkələrin icazəsi ilə Ukraynanın Rusiya ərazisinin dərinliklərini yaxın və ortamənzilli raketlərlə vurmağa başlamasından sonra rəsmi Moskva üçün bufer zona kimi postsovet məkanının geosiyasi əhəmiyyəti xeyli artıb. Hətta eskalasiya Rusiya və NATO arasında açıq müharibə mərhələsinə daxil olarsa, tərəflərin bir-birinə qarşı uzaqmənzilli raketlərlə zərbə vuracağı da istisna edilmir. Bu baxımdan, keçmiş SSRİ respublikalarını “yaxın xaric” adlandıran Kreml MDB-ni əvvəllər yalnız öz təsir zonası hesab edirdisə, indi orta və uzaqmənzilli raketlərdən müdafiə olunmaq üçün təhlükəsizlik zolağı kimi sayır. Ona görə də MDB ərazisinin həm Rusiya, həm də Qərb üçün geostrateji rolunun artması müşahidə olunur. Moskvada keçirilən bəyanatda verilən açıqlamalar Rusiyanın perspektivdə Qərbin ətraf regionlardan hücum planları ilə bağlı kəşfiyyat məlumatları və təhlükəsizlik zəmanətləri almaq istəyindən xəbər verir. Rusiya MDB ərazisindən özünə qarşı yönələcək hər hansı təhlükənin və hücumun həmin dövlətləri hədəfə gətirəcəyinə dair hədələyici mesaj verir. Narışkin Ukraynada olduğu kimi, MDB ölkələrində də millətçi qüvvələrin olmasından söz açmaqla Rusiyanın özünü Qərbdən müdafiə etmək üçün istənilən postsovet respublikasına hücuma hazır olduğu barədə xəbərdarlıq edir. Ona görə də Kreml baş verə biləcək Üçüncü Dünya müharibəsi ehtimalı halında MDB ölkələrinə Qərbin deyil, Rusiyanın yanında yer almaq çağırışı edir. Bu isə Ukrayna müharibəsi fonunda Rusiya və Qərb arasında bloklaşmanın artıq MDB-yə də təsir etdiyini göstərir. Putinin mesajı isə MDB respublikalarını Rusiyanın ətrafında birləşdirməyəı hesablanıb. Proseslərin yeni istiqamət alması Qərb və Rusiya arasında gedən geosiyasi qarşıdurmanın MDB məkanına yayılmasına səbəb ola bilər.
Subyekt.az