![]()
Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin, Qərbi Azərbaycan İcmasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Xəzərin sahilindən…” televiziya layihəsinin müəllifi Fəxriyyə Lilparı layihənin efirə çıxmasının 10 illiyi və özünün əlamətdar yubileyi münasibətilə təbrik edib.

Təbrik məktubunda Fəxriyyə Lilparın uzun illər boyu ölkənin media və mədəni həyatına verdiyi töhfələr təqdirlə qeyd edilib. Bildirilib ki, onun televiziya fəaliyyətində milli-mənəvi dəyərlərin, zəngin mədəni irsin, incəsənətin və elmi düşüncənin təbliği xüsusi yer tutur. Müəllif-aparıcı, redaktor və layihə rəhbəri kimi Fəxriyyə Lilparın həyata keçirdiyi çoxsaylı layihələr Azərbaycan radio-televiziya məkanında maarifçilik ənənələrinin möhkəmlənməsinə, ictimai fikrin formalaşmasına və milli-mədəni yaddaşın qorunmasına xidmət göstərib.
Məktubda xüsusi vurğulanır ki, “Xəzərin sahilindən…” layihəsi ötən on il içində Azərbaycanın və Türk dünyasının tanınmış aydınlarının həyat və yaradıcılığının, həmçinin Qərbi Azərbaycan həqiqətlərinin ardıcıl şəkildə işıqlandırılması ilə geniş auditoriyanın rəğbətini qazanıb. Layihə milli kimliyin, tarixi yaddaşın və mənəvi dəyərlərin təbliğində bir maarifçilik platformasına çevrilib.
Komitə sədri Fəxriyyə Lilpara gələcək fəaliyyətində də yeni yaradıcılıq uğurları arzulayaraq, onun Azərbaycan jurnalistikasına, ümumən ölkənin ictimai-mədəni həyatına bundan sonra da dəyərli töhfələr verəcəyinə əminliyini ifadə edib.
Subyekt.az