![]()
Milli Məclisin
İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadəni 70 illik yubileyi münasibətilə təbrik edib. Məktubda deyilir:
“Hörmətli İradə xanım,

Sizi 70 illik yubileyiniz münasibətilə təbrik edir, möhkəm cansağlığı və çoxşaxəli ictimai fəaliyyətinizdə yeni uğurlar diləyirəm!
Sizin mənalı ömür yolunuz vətəndaş cəmiyyətinin inkişafına, sosial ədalət ideyasının təşviqinə, humanizm prinsiplərinin möhkəmləndirilməsinə və həssas əhali qruplarının hüquqlarının müdafiəsinə həsr olunmuş ictimai xidmət örnəklərindəndir. Uzun illər boyu nümayiş etdirdiyiniz təşəbbüskarlıq, təşkilatçılıq bacarığı və sosial məsuliyyət hissi Sizi ölkəmizin tanınmış ictimai xadimlərindən birinə çevirmişdir.
Rəhbərlik etdiyiniz “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi yüzlərlə insanın həyatına müsbət təsir göstərən layihələr həyata keçirmiş, sosial müdafiəyə ehtiyacı olan insanların hüquqlarının qorunması, onların cəmiyyətə inteqrasiyası, ictimai fəallığının artırılması və rifahının yaxşılaşdırılması yönündə önəmli xidmətlər göstərmişdir. Dövlət qurumları və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində uğurla gerçəkləşdirdiyiniz çoxsaylı sosial layihələr vətəndaş cəmiyyətinin inkişafında rol oynamışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvü kimi fəaliyyətiniz dövlət–vətəndaş cəmiyyəti əməkdaşlığının möhkəmləndirilməsinə, ictimai iştirakçılığın genişlənməsinə və sosial siyasətin daha səmərəli həyata keçirilməsinə töhfələr verir. Cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarını diqqətdə saxlayan, sosial həmrəyliyi gücləndirən və ictimai dialoqu təşviq edən fəaliyyətiniz yüksək qiymətə layiqdir.
Rəhbərlik etdiyiniz təşkilatın BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC), Avropa Birliyinin Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu və digər nüfuzlu beynəlxalq platformalarda təmsil olunması Azərbaycan vətəndaş cəmiyyətinin beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə, ölkəmizin müsbət imicinin möhkəmlənməsinə xidmət etməkdədir.
İctimai fəaliyyətinizin dövlətimiz tərəfindən “Tərəqqi” medalı ilə yüksək qiymətləndirilməsi Sizin cəmiyyət qarşısındakı xidmətlərinizin layiqli ifadəsidir.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin fəaliyyət istiqamətləri baxımından ictimai birliklərin inkişafı, sosial həmrəyliyin gücləndirilməsi, vətəndaş təşəbbüslərinin dəstəklənməsi və milli-mənəvi dəyərlər üzərində formalaşan güclü vətəndaş cəmiyyətinin təşviqi xüsusi önəm daşıyır.
Əminəm ki, zəngin həyat təcrübəniz, təşkilatçılıq bacarığınız və insanlara xidmət amalınız bundan sonra da ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına, sosial rifahın yüksəldilməsinə, milli həmrəyliyin və humanist dəyərlərin möhkəmlənməsinə töhfələr verməyə davam edəcəkdir.
Sizi bu əlamətdar yubiley münasibətilə bir daha təbrik edir, iş avandlığı, bütün nəcib təşəbbüslərinizdə yeni uğurlar arzulayıram!”
Subyekt.az