![]()
Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azəri-Türk Qadınlar Birliyinin (ATQB) sədri, millət vəkili Tənzilə Rüstəmxanlıya ünvanladığı məktubda qurumun yaradılmasının 30 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.
Təbrik məktubunda vurğulanıb ki, 1996-cı ildən fəaliyyət göstərən Birlik özəlliklə xaricdə yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlərə bağlılığının qorunması, ana dilinin təbliği və gələcək nəsillərə ötürülməsi yönündə önəmli işlər həyata keçirib. Bu fəaliyyət milli kimliyin və mənəvi yaddaşın yaşadılması baxımından yüksək qiymətləndirilib.
Komitə sədri ATQB-nin beynəlxalq əlaqələrinin genişlənməsini və diaspor mühitində fəal iştirakını Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynadığını vurğulayıb. Özəlliklə qadın təşkilatlarının bir araya gətirilməsi, mədəniyyətlərarası dialoqun təşviqi və ictimai təşəbbüslərin həyata keçirilməsi istiqamətində görülən işlər diqqətəlayiq hesab edilib.
Məktubda həmçinin Birliyin həyata keçirdiyi layihələr, elmi-nəzəri konfranslar, maarifləndirici tədbirlər və sosial təşəbbüslərin vətəndaş cəmiyyətinin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına və Azərbaycan diasporunun güclənməsinə mühüm töhfələr verdiyi bildirilib.
Fazil Mustafa qeyd edib ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişafı, milli-mənəvi dəyərlərin qorunması və diaspor fəaliyyətinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir və ATQB-nin bu sahədəki çoxillik fəaliyyəti diqqətəlayiqdir.
Sonda komitə sədri Birliyin gələcək fəaliyyətində də Azərbaycan dilinin, mədəniyyətinin və milli kimliyinin qorunması istiqamətində uğurlar qazanacağına əminliyini ifadə edib, təşkilatın rəhbərliyinə və üzvlərinə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıb.
Subyekt.az