![]()
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “BAKI” Rəsm Qalereyasının müdiri, Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış qrafik-rəssam Eldəniz Babayevin fərdi yaradıcılıq sərgisinin açılışında iştirak edib.
Azərbaycan Milli Xalça Muzeyində təşkil edilən, “Sənət körpüsü: Azərbaycan–Türkiyə” adlı sərgi
qardaş ölkənin 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramına ithaf olunub.
Azərbaycandan və Türkiyədən dövlət orqanlarının, ictimaiyyətin nümayəndələrinin qatıldığı tədbirdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa çıxış edərək, sərginin Azərbaycan–Türkiyə qardaşlığının mədəni-estetik ifadəsi baxımından önəm daşıdığını bildirib. Komitə sədri vurğulayıb ki, sənət xalqlar arasında mənəvi körpülər yaradan ən güclü vasitələrdən biridir və Eldəniz Babayevin yaradıcılığında bu missiya aydın şəkildə öz əksini tapır.
Fazil Mustafa çıxışında onu da vurğulayıb ki, sərgidə təqdim olunan əsərlərdə Azərbaycan və Türkiyənin ortaq tarixi yaddaşı, milli kimlik duyğusu, istiqlal ruhu və Türk dünyasının mənəvi birliyi bədii-estetik dillə ifadə olunur. O, rəssamın yaradıcılığında tarixi şəxsiyyətlərin, milli-mənəvi dəyərlərin, etnoqrafik motivlərin və xalq yaddaşının xüsusi yer tutduğunu diqqətə çatdırıb.
Fazil Mustafa Eldəniz Babayevə uğurlu fərdi sərgisi və qarşıdan gələn yubileyi münasibətilə təbrik məktubu təqdim edib.
Təbrik məktubunda qeyd edilir ki, Eldəniz Babayev Azərbaycan təsviri sənətinin inkişafına töhfələr verən, milli-mənəvi dəyərlərin sənətdə bədii təcəssümünə uğurla xidmət edən yaradıcı aydınlardandır. Məktubda, həmçinin “Sənət körpüsü: Azərbaycan–Türkiyə” sərgisinin qardaş xalqların ortaq mədəni yaddaşını və mənəvi birliyini əks etdirən dəyərli ictimai-mədəni hadisə olduğu vurğulanıb:
“…Sərgi çərçivəsində təqdim olunan “Sənət körpüsü: Azərbaycan–Türkiyə” adlı sənədli film isə sizin həyat və yaradıcılıq yolunuzu ictimaiyyətə daha yaxından tanıtmaqla yanaşı, sənətçinin cəmiyyət qarşısındakı məsuliyyətini və mədəni missiyasını da önə çəkir.
Azərbaycan Respublikasında mədəni irsin qorunması, milli-mənəvi dəyərlərin təbliği və vətəndaş cəmiyyəti təşəbbüslərinin dəstəklənməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Sizin kimi sənət adamlarının fəaliyyəti də bu yöndə həyata keçirilən işlərə töhfə verir.
Sizi qarşıdan gələn 55 illik yubileyiniz və fərdi sərginizin açılışı münasibətilə bir daha təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq ilhamı və sənət yolunda yeni-yeni uğurlar arzulayıram!”
Subyekt.az