![]()
Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin B.Kəngərli adına sərgi salonunda 19 may tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş gənc rəssam Xədicə Aslanovanın “Kətanın nəfəsi” adlı fərdi hesabat sərgisi təşkil olunub.
Subyekt.az xəbər verir ki, Tədbiri giriş sözü ilə açan Naxçıvan Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərin cəmiyyətin inkişafındakı fəal rolundan danışıb. Bildirib ki, dövlət tərəfindən gənclərin hərtərəfli inkişafı üçün yaradılan imkanlar ölkənin strateji prioritetlərindən biridir. Ülviyyə Həmzəyeva sərginin mahiyyəti və müəllifi haqqında geniş məlumat verərək, gənc rəssamı uğurlu yaradıcılıq fəaliyyətinə görə təbrik edib.
Daha sonra Naxçıvan Muxtar Respublikası İcra Hakimiyyətinin müavini Gülxanım Orucova, Regional Mədəniyyət İdarəsinin rəisi Azər Cəfərli, 2 nömrəli İncəsənət Məktəbinin direktoru Ceyhun Süleymanlı, həmin məktəbin rəsm dərnəyinin müəllimi Nizami Məmmədov, eləcə də Rəssamlar Birliyinin Heyət üzvü, Əməkdar rəssam Telman Abdinov çıxış edərək Xədicə Aslanovanı təbrik edib, ona gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıblar.
Sonda Xədicə Aslanova və ailə üzvləri çıxış edərək sərginin təşkilinə dəstək göstərənlərə və tədbirdə iştirak edən qonaqlara minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, sərgidə gənc rəssamın müxtəlif janrlarda işlədiyi əsərlər nümayiş olunub və tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
















#NaxçıvanRəssamlarBirliyi #MilliTəsviriSənətimiz
Subyekt.az