![]()
Birinci Qarabağ müharibəsi qazisi, II dərəcəli əlil Səmədov Qənimət Musa oğlu dövlət qurumlarına müraciət edərək Kəlbəcər rayonu üzrə “Yolumuz Qarabağa” portalının aktivləşdirilməsini xahiş edib.
Subyekt.az xəbər verir ki, Qənimət Səmədov bildirib ki, o, əslən Kəlbəcər rayonunun Qaragüney kəndindəndir. Onun sözlərinə görə, ailəsi 2 aprel 1993-cü ildə rayonun işğalı zamanı məcburi köçkün düşüb. O qeyd edir ki, illər sonra Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə aparılan hərbi əməliyyatlar nəticəsində Kəlbəcər də daxil olmaqla işğal altında olan torpaqlar azad edilib.
Qazi vurğulayır ki, hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Bununla belə, onun sözlərinə görə, Kəlbəcər rayonuna giriş imkanlarının məhdud olması yerli sakinlər üçün ciddi çətinliklər yaradır.
“Digər azad olunmuş rayonlara ‘Yolumuz Qarabağa’ portalı vasitəsilə 5 günlük icazə ilə səfər etmək mümkündür. Lakin Kəlbəcər üçün bu imkan ya məhduddur, ya da praktik olaraq əlçatan deyil. Biz doğma torpaqlarımıza getmək, ata-babalarımızın məzarlarını ziyarət etmək üçün çətinliklərlə üzləşirik, bəzən təsərrüfat məqsədilə gedən şəxslərdən xahiş etmək məcburiyyətində qalırıq”, – deyə müraciətdə qeyd olunur.
Səmədov aidiyyəti qurumlara – Daxili İşlər Nazirliyinə və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə çağırış edərək, Kəlbəcər rayonu üzrə də portal sisteminin tam şəkildə aktivləşdirilməsini və vətəndaşlara ən azı 5 günlük səfər icazəsinin verilməsini xahiş edib.
Qazi hesab edir ki, bu addım Kəlbəcər sakinlərinin doğma yurdlarına səfər etməsini, yaxınlarının məzarlarını ziyarət etməsini asanlaşdıracaq və sosial ədalətin təmininə xidmət edəcək.
Sonda o, müraciətinə diqqət göstəriləcəyinə ümid etdiyini bildirərək, dövlət qurumlarına təşəkkürünü ifadə edib.





Subyekt.az