![]()
Kəlbəcər rayonunun yenidən qurulan Zar kəndində xeyir-şər mərasimlərinin keçirilməsi üçün xüsusi zalın tikintisi təklif olunur.
Subyekt.az xəbər verir ki, bu barədə Səxavət Kəlbəcərli Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə müraciət edib.
Müraciətdə qeyd olunur ki, Zar kəndində 855 yaşayış evinin tikintisi nəzərdə tutulub və kənddə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Bununla yanaşı, kəndin sosial infrastrukturunun formalaşdırılması zamanı sakinlərin xeyir-şər mərasimlərinin keçirilməsi üçün xüsusi məkanın yaradılması da nəzərə alınmalıdır.
Müəllifin sözlərinə görə, əldə etdiyi məlumatlara əsasən, kəndin tikinti layihəsində belə bir mərasim zalının inşası nəzərdə tutulmayıb. O hesab edir ki, bu məsələ yenidən nəzərdən keçirilməli və layihəyə daxil edilməlidir.
Müraciətdə Kəlbəcərin sərt iqlim şəraitinə xüsusi diqqət çəkilir. Bildirilir ki, qış aylarında havanın temperaturunun kəskin aşağı düşməsi, qar və şaxtalı hava şəraiti yas mərasimlərinin açıq havada, çadır qurulmaqla təşkil edilməsini ciddi çətinliyə çevirir. Belə vəziyyət xüsusilə yaşlı insanlar, qadınlar və uşaqlar üçün əlavə problemlər yaradır.
Səxavət Kəlbəcərli vurğulayır ki, mərasim zalı yalnız yas mərasimləri üçün deyil, toy, nişan, ailə məclisləri, ictimai görüşlər və digər tədbirlərin təşkili baxımından da kənd sakinləri üçün mühüm sosial obyekt ola bilər.
Müraciətdə qeyd edilir ki, doğma yurda qayıdış yalnız yaşayış evlərinin tikintisi ilə məhdudlaşmamalı, insanların sosial və məişət ehtiyaclarının tam şəkildə qarşılanması, rahat, təhlükəsiz və ləyaqətli yaşayış şəraitinin yaradılması ilə müşayiət olunmalıdır.
Müəllif Dövlət Komitəsinin sədrindən Zar kəndinin tikinti və sosial infrastruktur layihələrinə yenidən baxılarkən müasir standartlara uyğun, geniş, qış aylarında isidilə bilən və zəruri sanitar-məişət şəraiti ilə təmin olunan xüsusi mərasim zalının tikintisi məsələsinə diqqət yetirilməsini xahiş edib.
Müraciətdə vurğulanır ki, 855 ailənin yaşayacağı Zar kəndində bu ehtiyacın indidən nəzərə alınması gələcəkdə sakinlərin sosial-məişət problemləri ilə üzləşməsinin qarşısını ala bilər.
Səxavət Kəlbəcərli müraciətinin sonunda bildirib ki, kəndin böyüklüyü təkcə tikilən evlərin sayı ilə deyil, orada yaşayan insanların ehtiyaclarının nə dərəcədə qarşılanması ilə ölçülür.
Kəlbəcər – Zar kəndi
Subyekt.az