![]()
Kəlbəcərə yol alan hər kəsin ilk gördüyü mənzərə – dağların qoynunda min bir bulağın səsi, yaşıl meşələrin nəfəsi və əsrlərin izlərini daşıyan abidələrdir. İşğaldan azad olunmuş bu torpaqda bu gün quruculuq işləri gedir, həm də yaddaş dirçəlir.
Lakin Kəlbəcər yalnız yolları, kəndləri və evləri ilə deyil, ən çox təbiəti və tarixi irsi ilə yaşamalıdır. Bu sərvətlərin qorunması hər birimizin mənəvi borcudur.
Su – Kəlbəcərin damarlarında axan həyat
Dağlardan süzülən sərin bulaqların səsi insanı düşüncələrə qərq edir. Bu sular təkcə Kəlbəcərin yox, Azərbaycanın gələcəyidir. Dünyada içməli su qıtlığı getdikcə kəskinləşir. Biz isə bulaqlarımızı, çaylarımızı necə qoruyuruq? Bir plastik qab, bir atılmış torba bu gözəl sərvəti çirkləndirməyə kifayətdir. Unutmamalıyıq! hər damla su gələcək nəsillərin haqqıdır.
Tarixi abidələr – dağlarda yaşayan yaddaş
Kəlbəcərin dağlarında gəzərkən daşların altında gizlənmiş izlərə rast gəlmək mümkündür. Dağıdılmış məscidlərin qalıqları, sökülmüş abidələr bizə illərin faciəsini danışır. Amma bu izlər həm də dirçəlişə çağırır. Çünki abidələri bərpa etmək – sadəcə divar hörmək deyil, xalqın kimliyini yenidən ayağa qaldırmaqdır.
Meşələrin səssiz sakinləri
Səhərin ilk işığında Kəlbəcərin meşələrində addımlayanda quşların səsi, yarpaqların xışıltısı eşidilir. Amma hər an qanunsuz ovçuluğun səsi də bu ahəngi poza bilər. Təbiətin səssiz sakinləri – marallar, ayılar, quşlar – bu torpağın ruhudur. Onları qorumaq üçün nəzarət güclənməli, ovçuluq sərt qaydalarla tənzimlənməlidir.
Təmizlik – vicdan məsələsi
Bulağın başında dayanıb ovuc-ovuc su içərkən kənarda atılmış plastik butulkaları görəndə insanın içi sızlayır. Təbiəti qorumaq qanunla yanaşı vicdan məsələsidir. Əgər biz hər birimiz tullantını yerə deyil, qaba atsaq, uşaqlarımıza təmiz bir Kəlbəcər miras qoya bilərik.
Çağırış
Kəlbəcər bu gün dirçəlir. Amma əsl dirçəliş yalnız asfalt yollarla, yeni evlərlə deyil – bulaqların təmizliyi, meşələrin yaşıl qalması, tarixin bərpası ilə ölçüləcək.
Buradan hər kəsə səslənirik: dövlət qurumları, ictimai təşkilatlar, vətəndaşlar – gəlin birlikdə hərəkət edək. Bu torpağın suyuna, daşına, ağacına sahib çıxaq.
Çünki Kəlbəcər bizim mirasımızdır, gələcək nəsillərə əmanətimizdir. Onu qorumaq – millət olaraq varlığımızı qorumaq deməkdir.

Rövşən Hüseynli
#Kəlbəcər #BöyükQayıdış
Subyekt.az