![]()
İşğaldan azad olunmuş Kəlbəcər şəhərində fəaliyyət göstərən Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü təbiətin qoynunda böyük sevinc və ruh yüksəkliyi ilə qeyd ediblər.
Bayram tədbiri Kəlbəcərin əsrarəngiz təbiəti fonunda təşkil olunub. Şagirdlər müxtəlif əyləncəli oyunlarda iştirak edib, musiqi nömrələri təqdim edib, maraqlı yarışlarda qüvvələrini sınayıblar. Tədbir boyunca uşaqların üzündəki sevinc, doğma yurdda keçirilən ilk belə bayramın yaratdığı qürur hissi hər kəs tərəfindən böyük məmnunluqla qarşılanıb.
Bu günün xüsusi əhəmiyyəti ondan ibarətdir ki, Kəlbəcər şəhəri işğaldan azad edildikdən sonra Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk dəfə doğma torpaqlarda qeyd olunur. Uzun illər həsrətində olduqları yurd yerlərinə qovuşan uşaqların bayram sevincini məhz öz doğma şəhərlərində yaşamaları ölkəmizdə aparılan bərpa və quruculuq işlərinin mühüm nəticələrindən biridir.
Tədbir iştirakçıları bildiriblər ki, bu gün yalnız uşaqların bayramı deyil, həm də azad edilmiş torpaqlarda həyatın yenidən canlanmasının, gələcəyimizin sahibi olan gənc nəslin doğma yurdlarında xoşbəxt və təhlükəsiz şəraitdə böyüməsinin təntənəsidir.
Kəlbəcərdə keçirilən bu əlamətdar bayram tədbiri bir daha göstərdi ki, işğaldan azad edilmiş torpaqlarımızda həyat sürətlə bərpa olunur, uşaqların gülüşü və sevinci isə bu dirçəlişin ən gözəl təcəssümüdür.
















































#Kəlbəcər #BəhmənCəfərov #UşaqlarınMüdafiəsiGünü #BöyükQayıdış
Subyekt.az