![]()
Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına — Kəlbəcər rayonuna köç edən soydaşlarımız Subyekt.az-a müraciət edərək qarşılaşdıqları ən vacib problemlərdən birini diqqətə çatdırıblar.

Sakinlərin bildirdiyinə görə, Kəlbəcərə qayıdan əhali arasında yaşlılar, eləcə də daimi tibbi nəzarətə və təcili tibbi yardıma ehtiyacı olan şəxslər üstünlük təşkil edir. Hazırda isə Kəlbəcər şəhərində tam fəaliyyət göstərən xəstəxana kompleksi olmadığı üçün təcili tibbi xidmətin əlçatanlığı ciddi narahatlıq doğurur.
Müraciətdə qeyd olunur ki, xəstəxana kompleksi inşa edilənədək Kəlbəcər şəhərinin modul tipli təcili tibbi yardım briqadası və bir təcili yardım avtomobili ilə təmin olunması bölgədə yaşayan sakinlərin həyati ehtiyacıdır.
Onların sözlərinə görə, bu məsələ hazırda ən vacib və təxirəsalınmaz problemlərdən biridir.
Subyekt.az kollektivi olaraq biz də Kəlbəcərə dönən soydaşlarımızın xahiş və tələblərini nəzərə alaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və TƏBİB-in rəhbərliyinə müraciət edirik. Aidiyyəti qurumları bu məsələni diqqətdə saxlayaraq qaldırılan problemin həllinə dəstək olmağa çağırırıq.
İnanır və ümid edirik ki, yaxın zamanda bu müraciət müsbət həllini tapacaq və Kəlbəcərdə yaşayan sakinlərin təcili tibbi yardım ehtiyacı təmin ediləcək.
Subyekt.az olaraq sakinlərin bu haqlı tələbini nəzarətdə saxlayacaq və mövzu ilə bağlı yenilikləri oxucularımıza çatdıracağıq.

Rövşən Hüseynli
Kəlbəcər – Bakı
Subyekt.az