![]()
Kəlbəcər rayonu ərazisində aparılan axtarış tədbirləri zamanı Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidlərə aid olduğu ehtimal edilən insan qalıqları aşkarlanıb.
Subyekt.az xəbər verir ki, Kəlbəcər Rayon Təcili Tibbi Yardım briqadasının əməkdaşları tərəfindən Murov dağının ətəyi, Qızılqaya yüksəkliyi, Çıldıran yüksəkliyi və Dovşanlı Vəngi ərazisində həyata keçirilən axtarış tədbirləri nəticəsində 1992–1993-cü illərdə itkin düşmüş şəhidlərə aid olduğu ehtimal edilən insan qalıqları aşkar edilib.
Aşkar olunan insan qalıqları müəyyən edilmiş prosedurlara uyğun olaraq aidiyyəti dövlət qurumlarının nümayəndələrinə təhvil verilib. Onların şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertiza və identifikasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində axtarış tədbirləri müvafiq dövlət qurumları tərəfindən davam etdirilir.
Kəlbəcər Rayon Təcili Tibbi Yardım briqadasının əməkdaşlarının axtarış tədbirlərində göstərdikləri peşəkarlıq və fədakar fəaliyyət yüksək qiymətləndirilir.

Subyekt.az