![]()
Bu yazını bir kəlbəcərli olaraq yazmamalıydım. Lakin kəlbəcərli olaraq bunu yazmağa mənəvi borcluyam!
Bir müddətdir ki, mənə edilən müraciətləri bir kəlbəcərli olaraq cənab Prezidentin yürütdüyü siyasətə kölgə sala biləcəyi narahatlığı ilə ictimailəşdirməkdən imtina edirəm. Lakin çox böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, artıq bıçaq sümüyə dirənib. Bunu görüb, bilib susmaq Vətənə, dövlətə və cənab Prezident İlham Əliyevə xəyanət olardı!
Aylardır Kəlbəcərə köç edən soydaşlarımızdan məktub və müraciətlər alırıq. Bir daha vurğulayıram ki, bu müraciətlərin ictimailəşdirilməsində maraqlı tərəf deyilik. Ancaq Kəlbəcərə cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində doğma yurdlarına qayıdan hər bir sakin bizim üçün əziz və doğmadır. Onların sosial rifahının təmin olunması Azərbaycan dövlətinin missiyasıdır.
Çox təəssüf edirəm ki, aidiyyəti qurumlar bu missiyanı layiqincə yerinə yetirməkdə çətinlik çəkirlər. İlk növbədə bildirmək istəyirəm ki, Kəlbəcərə köç edən ailələrin sayı yüzlərlə və ya minlərlə deyil. Bu günə qədər rəsmi olaraq cəmi 162 ailə Kəlbəcərə köçürülüb. Təəssüf doğuran hal isə odur ki, həmin ailələrin müəyyən hissəsi artıq onlara verilən evlərdə yaşamır. Onları öz doğma yurdlarından və Kəlbəcərdən uzaqlaşdıran əsas səbəb isə işsizlikdir.
Problemin kökündə plansız və əlaqələndirilməmiş köçürülmə prosesi dayanır. Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məskunlaşma məsələlərini həyata keçirdikdən sonra öz missiyasını başa çatmış hesab edir. İnsanların məşğulluq məsələləri ilə məşğul olmalı olan sosial müdafiə sistemi isə bu gün öz vəzifə və səlahiyyətlərinin nədən ibarət olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir.
Eyni zamanda, Kəlbəcərdə Prezidentin Xüsusi Nümayəndəliyi də öz vəzifə səlahiyyətlərini tam şəkildə həyata keçirməkdə çətinlik çəkir. Çünki qurum yalnız səlahiyyətləri çərçivəsində müəyyən işlər görür və aidiyyəti üzrə göstərişlər verir. Nəticə isə göz önündədir.
Kor-təbii köçürülmə və “tapşırıq” sistemi
Burada xüsusilə vurğulamaq istəyirəm: diqqət yetirin və tədbir görün!
Bu gün Kəlbəcərə köçürülən ailələrin böyük əksəriyyəti işsizlikdən əziyyət çəkir. Üstəlik, bu problem təkcə Kəlbəcərlə məhdudlaşmır, bütün Qarabağ bölgəsini əhatə edir.
Səbəb nədir?
Məsələn, təhsil sahəsində iş üçün müraciət edən şəxsə bildirilir ki: “Səni biz köçürməmişik, get Qaçqınların İşləri üzrə Dövlət Komitəsinə müraciət etsinlər və səni işlə təmin etsinlər.” Bu hadisə Ağdərə rayonunda baş verib və həmin fikirlər Regional Təhsil İdarəsinin rəhbəri tərəfindən səsləndirilib.
Digər ərazilərdə də vəziyyət fərqlidirmi? Təəssüf ki, eyni problemlər təkrarlanır.
Ədalət prinsipinə söykənərək, Kəlbəcərə köç edən ailələrin hər birindən ən azı bir nəfərin işlə təmin edilməsi mümkündür. Bu, sosial bərabərliyin təmin olunmasına da xidmət edərdi.
Lakin Kəlbəcər Xüsusi Nümayəndəliyinin əməkdaşlarından biri (etik səbəblərdən adını çəkmirəm) bir kəlbəcərli sakinə belə məsləhət verib: “Minik avtomobilini sat və uşaqlarına çörək al.” Həmin əməkdaş unudur ki, qarşısında dayanan insan 33 il erməni faşizminin həyata keçirdiyi vandalizmin qurbanıdır!
Məni kim anlaya bilər?
Mənim yaşadıqlarımı yalnız eyni taleyi yaşamış insanlar anlayar.
Cənab Prezidentin təyin etdiyi Kəlbəcər üzrə Xüsusi Nümayəndəyə müraciət
Bəşir Hacıyev, cənab Prezidentin təyin etdiyi Kəlbəcər üzrə Xüsusi Nümayəndə, sizə sual edirəm: cəmi 162 ailənin problemlərini idarə edə bilmədiyiniz halda, gələcəkdə minlərlə kəlbəcərlinin problemlərini və doğma yurda qayıdışını necə təmin edəcəksiniz?
Kəlbəcər sizin üçün ailə podrat şirkəti deyil ki, hər kəs öz qaynını köməkçi və ya iş icraçısı təyin etsin!
Mən, Rövşən Hüseynov, Kəlbəcərdə dövlət və hökumət quruculuğuna böyük dəstək vermiş bir nəslin nümayəndəsi olaraq sizə xatırlatmaq istəyirəm ki, əslən Kəlbəcərdən olan əməkdaşlarınızın və soydaşlarımızın “aşağılanması” nə sizə, nə də rəhbərlik etdiyiniz quruma başucalığı gətirə bilər.
Sizinlə çalışan hər bir kəlbəcərli sizin həmkarınızdır. Bunu unutmayın!
Eyni zamanda, hər bir rayonun həm aqili, həm də cahili olur. Bunu da unutmayın!
Kəlbəcərdə baş verən hadisələrdən sizin qədər xəbərdar olduğumuzu da unutmayın!
Köç edən hər üç ailədən birinin bizim ailə bağlarımız olan qohumlarımız olduğunu da unutmayın!
Biz Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə hörmət əlaməti olaraq bəzən susur, bəzən də gördüklərimizi ictimailəşdirmirik. Siz isə bundan istifadə etməyə çalışmayın. Bu, sizə göstərilən etimada və sahib olduğunuz səlahiyyətə xələl gətirə bilər.
Cənab Prezident İlham Əliyevin nəyin, nə zaman və necə edilməsini çox yaxşı bildiyini də unutmayın!
Heç olmasa, Kəlbəcərə köçən ailələrin hər birindən bir nəfərin işlə təmin olunmasını həyata keçirin.
Əgər vəzifə öhdəliklərinizi yerinə yetirə bilmirsinizsə, istefa ərizəsi ilə cənab Prezidentə müraciət edin. Cənab Prezidentin həyata keçirdiyi siyasətə xələl gətirməyin.
Bu gün Kəlbəcərdə bir parça çörəyə ehtiyacı olan sakinlərin mövcudluğunu unutmaq, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətə xəyanət kimi qiymətləndirilə bilər!
Türk blogerin Laçında çəkdiyi görüntülər bizim acı reallığımızdır. İlqar Atakişiyevin bu gün Kəlbəcərdə lentə aldığı video isə artıq SOS siqnalıdır!
Hanı Kəlbəcərə köçən sakinlər?
Niyə rəsmi olaraq köçürülən 162 ailənin bir hissəsi öz mənzillərində yaşamır?
Onları doğma yurddan yenidən uzaqlaşdıran səbəblər və məsul şəxslər kimlərdir?
Kəlbəcərə səfər edən sifarişli jurnalistlər eyni sakinləri lentə alır, eyni insanlarla müsahibələr hazırlayırlar. Bəs işsiz və narazı sakinləri kim dinləyəcək və kim onların səsini çatdıracaq?
Bizə göndərilən onlarla materialı sizə görə deyil, Qarabağ Zəfərimizə və cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə kölgə düşməsin deyə yayımlamırıq.
Əgər Kəlbəcərin sahibsiz və ziyalısız olduğunu düşünürsünüzsə, böyük yanlışlıg içindəsiniz!
Ps. Bu kimi video kadrlar onlarladır…
Rövşən Hüseynov
Subyekt.az