![]()
Kəlbəcər rayonunun Başlıbel kəndindən olan gənc idmançı Rafiq Etibar oğlu Seyidağa kinqboksinq üzrə növbəti yarışda yüksək nəticə göstərərək birinci yerə layiq görülüb.
Subyekt.az xəbər verir ki, RM İdman Klubunu təmsil edən Rafiq Seyidağa yarış çərçivəsində keçirdiyi döyüşdə rəqibini vaxtından əvvəl nokautla məğlub edərək turnirin qalibi adını qazanıb. Gənc idmançı göstərdiyi inamlı və peşəkar mübarizəyə görə qızıl medal və xüsusi diplomla təltif olunub.
Rafiq Seyidağanın əldə etdiyi uğurda onun məşqçisi, dünya və Avropa çempionu Tural Cavadovun peşəkar hazırlığı və təcrübəsinin də mühüm rolu var. Bu nəticə həm idmançının fərdi hazırlığının, həm də məşq prosesinin yüksək səviyyədə təşkilinin göstəricisi kimi qiymətləndirilə bilər.
Kəlbəcərin Başlıbel kəndindən olan Rafiq Seyidağanın idman arenasında qazandığı növbəti qələbə doğma yurdun adını uğurla təmsil edən gənclərin sayının artmasının göstəricisidir. Onun bu uğuru Kəlbəcər ictimaiyyəti, doğmaları və idmansevərlər tərəfindən böyük rəğbətlə qarşılanır.
Subyekt.az kollektivi adından Rafiq Etibar oğlu Seyidağanı qazandığı parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, yeni idman nailiyyətləri və beynəlxalq arenalarda Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmağı arzulayırıq.
Rövşən Hüseynli
Subyekt.az