![]()
Bu gün sosial şəbəkələrdə Kəlbəcərə köç edən sakinlərin işıq, qaz və su təchizatı ilə bağlı problemlər yaşaması barədə yayılan məlumatlarla rastlaşdım. Təəssüf doğuran məqam ondan ibarətdir ki, bu cür xəbərlər reallığı tam əks etdirmir və ictimaiyyətdə yanlış təsəvvür yaradır.
Yeni il ərəfəsində Kəlbəcərə səfər etmiş, orada məskunlaşan soydaşlarımızla ilk yeni il tədbirlərində iştirak etmişdim. Bu, 32 ildən sonra doğma Kəlbəcərdə yaşadığım ilk yeni il sevinci idi. “Böyük Qayıdış” proqramı çərçivəsində Kəlbəcərə köçən ailələrin evlərində qonaq oldum. Onların yaşadıqları mənzillərin rahatlığı, yüksək komfortlu şəraiti, dörd mərtəbəli binalarda lift təminatı və digər məişət imkanlarının yüksək səviyyədə təşkil olunması məndə böyük məmnunluq yaratdı.
Bu gün Kəlbəcərə köç edən soydaşlarımızın yaşadığı sevinci onları ziyarət edən hər kəs aydın şəkildə hiss edə bilər. İstər yaşlı nəslin nümayəndələrinin, istərsə də uşaqların gözlərindəki sevinc bir mənalı olaraq bunu deyir: biz Kəlbəcərə köç edən ilk sakinlər olaraq xoşbəxtik.
Gəlin, gündəlik yaşayış reallıqlarına obyektiv yanaşaq. Azərbaycanın müxtəlif bölgələrində zaman-zaman elektrik enerjisinin verilməsində fasilələr olmurmu? Profilaktik tədbirlərlə əlaqədar qaz təchizatında müvəqqəti dayanmalar yaşanmırmı? Su təchizatında çətinliklərlə qarşılaşmırıqmı? Belə hallar istənilən regionda mümkündür və bu cür xırda məsələlərin şişirdilərək böyük problem kimi təqdim edilməsi, xüsusilə reytinq naminə gündəmə gətirilməsi doğru deyil. Bu cür yanaşma növbəti köç prosesləri ərəfəsində insanları ruhdan salmağa hesablanmış piar təsiri bağışlayır.
Bu gün Kəlbəcər sürətlə inkişaf edir, yenidən qurulur. Görülən işlərə kölgə salmaq əvəzinə, doğma Kəlbəcərimizin abadlığına və quruculuq prosesinə hər birimizin az da olsa töhfə verməsi vacibdir.
Ora köç edən uşaqların və yaşlı insanların motivasiyası və adaptasiyası üçün mədəni tədbirlərin təşkili mühüm əhəmiyyət daşıyır. Şənbə və bazar günləri şagirdlər üçün əyləncə və tanışlıq turlarının keçirilməsi, qonaq qismində Kəlbəcər Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin şagirdləri üçün motivasiyaedici tədbirlərin təşkilinə dəstək göstərilməsi məqsədəuyğun olardı. Eyni zamanda yaşlı sakinlərin mədəni istirahəti üçün istirahət mərkəzlərinin yaradılması da diqqət mərkəzində saxlanılmalıdır.
Bu yazının davamı olaraq qeyd etmək istəyirəm ki, Kəlbəcər rayonunda tikilən yaşayış binalarında istilik sisteminin mərkəzləşdirilmiş qaydada təşkili vacibdir. Bu təklifimi Kəlbəcər rayonu üzrə Prezidentin xüsusi nümayəndəliyinin və Kəlbəcər Bərpa-Tikinti Mərkəzinin diqqətinə çatdırıram. Rayonun dağlıq relyefi nəzərə alınaraq gələcəkdə istiliklə bağlı problemlərin qarşısının alınması üçün mərkəzləşdirilmiş qazanxana sisteminin qurulması məqsədəuyğun hesab olunur.
Hazırda Zar kəndində aparılan tikinti işləri zamanı kəndin yüksək dağlıq ərazi olduğunu nəzərə almaq vacibdir. Yaşayış evlərinin birinci mərtəbəsində yardımçı sahələrin və avtomobil dayanacaqlarının mütləq şəkildə layihələndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu cür ərazilərdə fərdi təchizat sistemlərinin iqlim şəraiti və ya texniki səbəblərdən sıradan çıxması qaçılmazdır. Bu risklərin minimuma endirilməsi üçün əsas sistemlərin mərkəzləşdirilmiş qaydada təşkili daha məqsədəuyğundur.
Ümid edirəm ki, yazıda qaldırılan məsələlər aidiyyəti qurumlar tərəfindən diqqətlə araşdırılacaq və müvafiq tədbirlər görüləcək.

Rövşən Hüseynli
Kəlbəcər – Bakı
Subyekt.az