![]()
Kəlbəcər rayonunun dağlıq ərazilərində meşə yanğınları davam edir. Relyefin çətin keçilən olması yanğının söndürülməsini xeyli çətinləşdirir. Dağlıq və sıx meşəlik ərazilər yanğınsöndürən nəqliyyat vasitələrinin hərəkətini mümkünsüz edir.
Fövqəladə Hallar Nazirliyinin Kəlbəcər şöbəsinin əməkdaşları, Kəlbəcər Polisi və hərbi qulluqçular artıq bir neçə gündür yanğınla mübarizə aparırlar. Payız mövsümündə quru yarpaqların və ot örtüyünün çoxluğu alovun daha geniş ərazilərə yayılmasına səbəb olur.
Əgər yanğının söndürülməsinə təyyarə və helikopterlə havadan müdaxilə edilməzsə, daha böyük meşə sahələrinin yanaraq məhv olması riski artır. Son aylarda respublika ərazisində yağıntının az olması və Kəlbəcər təbiətinə xas olmayan quraq iqlim şəraiti də yanğının sürətlə yayılmasına şərait yaradır.
İşğaldan azad olunmuş ərazilərə səfər edən hər kəsi ehtiyatlı olmağa çağırırıq. Dağlıq və meşəlik ərazilərdə diqqətli davranmaq, yanğın riskini minimuma endirmək üçün son dərəcə vacibdir.
Gəlin təbiətimizi qoruyaq.

Rövşən Hüseynli
Subyekt.az