![]()
Kəlbəcər rayonunda yayılan son görüntülər yalnız iki dağ keçisinin faciəvi şəkildə məhv olmasını deyil, bölgənin flora və faunasının sistemli şəkildə məhv edilməsini bir daha gündəmə gətirib. Rəsmi versiyaya əsasən, heyvanların “qayalardan yıxılaraq” elektrik dirəyinə düşməsi və cərəyan vurması ilə tələf olduğu bildirilir. Lakin videokadrlar və yerli mənbələrdən alınan məlumatlar bu açıqlamanın tam həqiqəti əks etdirmədiyini göstərir və ciddi şübhələr yaradır.
Dağ keçilərinin təbiət davranışı nəzərə alındıqda iki fərqli heyvanın təsadüfən elektrik xətlərinin üzərinə düşməsi real görünmür. Çevikliyi, təhlükəni hiss etmə instinkti ilə tanınan bu heyvanların belə şəkildə məhv olması daha çox “ovçuların əl işi”nə bənzəyir. Yerli sakinlərin də qeyd etdiyi kimi, hadisənin təbii səbəblərlə izahı inandırıcı deyil.
Kəlbəcərdə təbiətin məhvi tək bu hadisə ilə bitmir. Son illər bölgədə fauna və flora ciddi təhlükə altına düşüb:
Dağlarda çöl heyvanlarının sayı kəskin azalıb, ovçular cəzasız şəkildə fəaliyyət göstərir;
Meşələrdə ağac kəsintisinin miqyası genişlənir;
Çaylarda balıq ehtiyatı demək olar ki, tükənib, ekosistem çökmə həddinə çatıb.
Azad olunmuş ərazilərdə təbiətin bərpasına böyük ümidlər bəslənsə də, faktlar göstərir ki, Kəlbəcərin ekosistemi nəzarətsizliyə, məsuliyyətsizliyə və mənfəət güdən qrupların fəaliyyətinə təslim edilib.
Bu gün asılı vəziyyətdə qalan yalnız dağ keçiləri deyil — bütün Kəlbəcərin təbiəti təhlükə altındadır. Təbiəti məhv edənlərin cəzasız qalması bu kimi “təsadüfi ölümləri” artırır və prosesin qarşısını almaq üçün təcili tədbirlərə ehtiyac var.
Subyekt.az olaraq aidiyyəti dövlət qurumlarını hadisəni obyektiv şəkildə araşdırmağa, məsul şəxslərə qarşı tədbir görməyə və Kəlbəcərin flora-faunasının qorunması üçün real mexanizmlər yaratmağa çağırırıq. Təbii sərvətlərin bu şəkildə məhv edilməsi həm ekoloji, həm də milli təhlükəsizlik baxımından ciddi problemdir. Susmaq isə bu cinayəti legitimləşdirmək deməkdir.
Rövşən Hüseynli
Subyekt.a