![]()
Dostluğun qolları bir-birimizi dünyanın bir ucundan o biri ucuna kimi qucaqlaya biləcək qədər uzundur.
Mişel de Monten (fransız filosofu və yazıçısı)
Bu gün onun günüdür — dünyaya gəldiyi mübarək gün. Necə təqdim edim, necə tərənnüm edim ki, nə bir misqal əskik, nə bir misqal artıq olsun? Bu insan ölçüyə gəlməz — nəyi varsa, özü tanıdıb: olduğu kimi, bildiyi kimi.
Azərbaycan–Türkiyə arasında uzun illər körpü rolunu oynayan, bu qardaşlığı özünün mənəvi və şərəfli vəzifəsi sayan dəyərli insan haqqında danışıram. İlk tanışlığımızdan bu günə qədər 20 ilə yaxın şərəfli bir yol keçmişik — Tanrı utandırmasın. Mən ona dost yox, qardaş gözü ilə baxdım. Onun qardaş adına layiq olduğunu isə Kəlbəcər, Qarabağ, Laçın yanğısında gördüm.
“Dağlar oğlu, biz Kəlbəcərə gedəcəyik”, — deyərdi. Bəzən düşünürdüm ki, köçkün və qaçqın insanların ürəyinin nisgilli və sınıq olduğunu bildiyi üçün mənə bu qədər qayğı və diqqətlə yanaşır. Dinləyər, bölüşər, içimdəki vətən sevgisini mənimlə birlikdə yaşayardı. Elə bir görüşümüz olmazdı ki, orada Kəlbəcərin adı çəkilməsin. Hər görüşümüzün sonunda isə bir cümlə səslənərdi: “Kəlbəcərdə görüşəcəyik”.
O, sözünü tutdu. İlk Kəlbəcər ziyarətimizi birlikdə etdik — arzuladığımız o görüş baş tutdu. Öz evimizdə olmasaq da, Kəlbəcərin hər guşəsinin ona doğma olacağını bilirdim. İlk çayımızı Kəlbəcərdə — Bağban Ümid ocağında, baba yurdumuzda içdik. Oradan Kəlbəcərin gözəlliklərini seyr etdik, müxtəlif ərazilərini gəzdik. Kəlbəcərlilərin son ümid yeri olan — vaxtilə helikopterlərin endiyi məkanda söhbətləşdik.
1993-cü il 2 aprel tarixində oradan hansı məşəqqətlərlə ayrıldığımızı, 27 illik məcburi köçkün həyatına necə başladığımızı xatırladıq. O, əlini çiynimə qoyub gözlərimə baxaraq soruşdu: “Hər görüşümüzdə dediyim sözü xatırlayırsan? Kəlbəcərdə görüşəcəyik”.
Və əlavə etdi: “Bax, biz Kəlbəcərdəyik”.
Səmimi etiraf etdim ki, illərlə uğursuz sülh danışıqları bizdə xəyal qırıqlığı yaratsa da, ümidimiz heç vaxt ölmədi. İçimizdə yaşadı — bir gün qayıdacağımıza inandıq. Bəzən “Kəlbəcərə nə vaxt gedirik?” deyənlərə incimiş kimi olurdum. O zaman Cabir Ümidin misraları yadıma düşürdü:
“Səbrin nə çox imiş, a ev yiyəsi…”
Murovdağın ətəyinə, Kəlbəcər havasını bir anlıq udmaq üçün 450 km yolu Bakıdan necə həsrətlə gedirdik… Sanki möcüzə baş verəcək, oradan Kəlbəcərə keçəcəyik. Bir lövhə vardı — “İstiqamət Kəlbəcər: 80 km” — orada hər bir kəlbəcərli şəkil çəkdirərdi, o şəkillər həsrətin rəmzi idi.
Və möcüzə baş verdi.
2020-ci il — həyatımın ən yadda qalan tarixlərindən biri oldu. 31 avqust 2020-ci ildə övladım qardaş Türkiyə Respublikasında aldığı uzunmüddətli müalicədən sonra sağlığına qovuşaraq vətənə dönmüşdü. Cəmi 26 gün sonra isə Vətən müharibəsi başladı.
Hər uğuru bir-birimizlə bölüşdük. Hər zamankı kimi o dedi: “Hazır ol, Kəlbəcərə gedəcəyik”.
Və bu gün — biz Kəlbəcərdəyik.
33 ildən sonra 27 ailə 27 illik köçkünlük həyatına əlvida dedi və doğma ocağına qayıtdı. Bu gün Kəlbəcərdə ocaqlar yanır.
Əziz, dəyərli qardaşım, vətən adamı! Düşünürəm ki, bütün bu müjdələr sizin doğum gününüzə ən böyük hədiyyə, ən ali mükafatdır. Təpədən dırnağa can Türk oğlu — yaxşı ki, varsan! Fəxarət və qürur hissi ilə deyirəm: mənim qardaşımdır.
Yeni yaşın mübarək olsun!
İnanıram ki, Kəlbəcərdə çəkdirdiyimiz fotonun davamını bir gün Zəngəzur mahalında, Göyçədə və Təbrizdə çəkəcəyik. Bu, bizim ən ülvi arzumuzdur.






Qardaş məhəbbəti ilə,
Rövşən Hüseynli
Subyekt.az