![]()
32 ildən sonra Kəlbəcərdə ilk dəfə bal festivalının keçirilməsi sadəcə bir kənd təsərrüfatı tədbiri deyil, Azərbaycanın möhtəşəm qayıdışının, milli birliyinin və zəfərinin rəmzidir. Bu gün Kəlbəcər dağlarının ətəyində, bulaqların səsi, çiçəklərin ətri ilə dolu yaylaqlarda insanlar yalnız balın şirinliyini deyil, həm də azadlığın, qürurun, ümidin dadını yaşayırlar.
Kəlbəcər tarixən təbii sərvətləri, zəngin florası və balı ilə şöhrət tapıb. Min bir dərdin dərmanı olan Kəlbəcər balı təkcə bölgənin deyil, bütün Azərbaycanın tanıtım nişanına çevrilib. Təəssüf ki, 30 ildən çox işğal altında qalan bu yurd yerlərində arıların vızıltısı susmuş, bulaqların suyu kimsəsiz qalmış, çiçəklərin ətri yad ellərə sovrulmuşdu. Amma Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin qanı bahasına bu torpaqlar azadlığa qovuşdu, həyat geri döndü.
Bu gün Kəlbəcərdə keçirilən bal festivalı həm də bir rəmzi məna daşıyır. Təbiətin, kənd təsərrüfatının, turizmin, ən əsası isə həyatın öz axarına qayıtmasının göstəricisidir. Festivalda sərgilənən hər bir məhsul, çadırların önündə qurulan hər bir stend, yurdumuza qayıdan inamın, dirçəlişin və quruculuğun canlı sübutudur.
Azərbaycan xalqı üçün bu festival sadəcə kənd təsərrüfatı uğuru deyil, həm də milli qürur hadisəsidir. Çünki Kəlbəcərdə səslənən hər bir şən mahnı, dadılan hər bir bal nümunəsi şəhidlərimizin müqəddəs qanı hesabına bu gün bizə qismət olub. Onların fədakarlığı sayəsində Vətən torpaqlarında həyat yenidən boy atır, kəndlərimiz, yaylaqlarımız abadlaşır, mədəniyyətimiz öz doğma yurduna dönür.
Kəlbəcərin bal festivalı bir başlanğıcdır. Qarabağın və Şərqi Zəngəzurun digər bölgələrində də belə tədbirlər keçiriləcək, Azərbaycan kənd təsərrüfatı, turizmi və mədəni irsi dünyaya tanıdılacaq. Bu torpaqlar bir daha boş qalmayacaq, arıların vızıltısı, bulaqların şırıltısı, insanların gülüşü daim buradan ətrafa yayılacaq.
Bu gün Kəlbəcərdəki festival həm də bir mesajdır – Azərbaycan xalqı qalibdir, öz yurduna sahib çıxır və həyatın bütün sahələrində inkişafla irəliləyir. Şəhidlərimizin ruhu şad olsun – onların qəhrəmanlığı sayəsində biz bu gün Kəlbəcərdəyik!


















































Rövşən Hüseynli
Subyekt.az