![]()
Kəlbəcər rayonunun işğaldan azad olunmasından sonra ilk dəfə olaraq 64 xanalı dama üzrə yarış təşkil edilib. “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan yarış 7–9-cu sinif şagirdləri arasında keçirilib.
Tədbir 8 may 2026-cı il tarixində Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin, eləcə də Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayonu üzrə sektorlarının birgə təşkilatçılığı ilə Kəlbəcər şəhər Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbdə baş tutub.
Yarış başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri Kəlbəcər rayonu üzrə gənclər və idman sektorunun müdiri Musa Mamedov açıq elan edib. Daha sonra Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və məktəbin direktoru Vəsilə Cəfərova çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın yekun nəticələrinə əsasən qızlar arasında Ayişə Hacızadə birinci, Səbinə Cabbarlı ikinci, Nuray İbrahimova isə üçüncü yerə layiq görülüb.
Oğlanların yarışında isə Murad Şahmuradlı qalib olub. Elməddin Şükürlü ikinci, Yusif Əhmədli isə üçüncü yeri tutub.
Sonda qaliblər Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif ediliblər.
Tədbirin keçirilməsi Kəlbəcərdə sosial-mədəni və idman həyatının bərpası istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.

























Subyekt.az