
Millət vəkili, əməkdar jurnalist Aqil Abbas Kəlbəcər muzeyi, bu muzeyin necə qurulması ilə bağlı maraqlı yazı yazıb. Subyekt.az “Kəlbəcərdə Şamil Əsgərov muzeyi…” adlı yazını təqdim edir:
Vaxtilə rayonlarda tarix-diyarşünaslıq deyilən muzeylər açılırdı. Təbii ki, həmin rayonların ərazisində tapılan müxtəlif qədim əşyalar, sənət əsərləri-filan və s. ən çox da şəkillər bu muzeyi bəzəyirdi.
İki muzey haqqında danışmaq istəyirəm. Birində çox olmuşam, birini isə görməmişəm. Görmədiyim muzeyə Məmməd Arazın gözləri ilə baxmışam.
Birinci görmədiyim muzeydən danışım. Kəlbəcərdə xalqımızın ağsaqqallarından biri Şamil Əsgərov yaratmışdı. Dövlətin dəstəyi ilə yox, özü düşüb kəndbəkənd, qəbiristanlıq-qəbiristanlıq, evbəev gəzib həmin muzey üçün əşyalar toplayırdı. Birinə yalvarırdı, birinə xahiş edirdi, birindən söyüb alırdı, birindən hörmətinə görə alırdı. Və dişiylə-dırnağıyla çox möhtəşəm bir muzey yaratmışdı. Məmməd Arazın dili ilə desək, bu muzeyə girən insan Kəlbəcərin minillik yox, ikiminillik və daha çox tarixi ilə tanış olurdu.
Və bunların çoxunu da öz cibinin puluna edirdi. Hökumət muzeylərə o qədər də pul ayırmırdı, necə ki, indi də ayırmır. Yəni Şamil Əsgərov bütün var-dövlətini Kəlbəcərdəki muzeyi yaratmağa sərf edirdi. Sonra şərlədilər də, tutdular da, amma çıxdı və yenə həmin muzeyi daha da zənginləşdirdi.
İndi baxıram oğlu Bərzani həmin muzeyi yenidən yaratmaq üçün Kəlbəcərdədi, kəndbəkənd gəzir, nələrsə axtarır, nələrsə tapır. Təbii ki, o heç vaxt atasının yaratdığı muzeyi bərpa edə bilməyəcək. Çünki ermənilər həmin muzeyidarmadağın ediblər.
Biz çıxanda adamlar imkan daxilində öz canlarını və bir də ehtiyacı olan nələrisə götürə bilirdilər. Kim idi muzey haqqında fikirləşən. O vaxt muzey ilə bağlı dövlət və hökumət düşünməli idi, onda da nə dövlət vardı, nə də hökumət. Yəni ermənilər Kəlbəcərin minillik, iki minillik, bəlkə də daha çox bir tarixini məhv elədilər.
İndi Bərzani kəlbəcərlilərə müraciət edir ki, ona kömək olsunlar. Kimdə nəsə bir şey varsa muzeyə bağışlasınlar.
Məndə babamdan qalmış kiçik bir xəncər var, bir az da qırılıb, həmin xəncəri Kəlbəcərdəki yeni yaradılan muzeyə hədiyyə edəcəm. Bilmirəm bəlkə 100-150 ildən çoxdu qalıb, babam Kolanı Abbas bəyin xəncəridi, daha doğrusu, qəməsidi.
Belə bir muzeyi də Ağdamda Yusif Əhmədov yaratmışdı. O da kəndbəkənd, qəbiristanlıq-qəbiristanlıq, evbəev gəzib qədim əşyaları toplamışdı. O da cibindən çox pul xərcləmişdi həmin muzeyi yaratmaq üçün. Haçansa prokuror olmuşdu, hakim olmuşdu, həmin vaxt qazandığı pulları bu muzeyin yaradılmasına sərf etmişdi. Qeyri-adi bir adam idi, elə Şamil Əsgərov kimi. Orda Pənah xanın, İbrahim xanın, Məmməd bəy Cavanşirin qılıncları vardı. Yalvarırdım ki, Yusif müəllim o Məmməd bəyin qılıncını nə qədər istəsən pul verirəm, sat mənə. Deyərdi ki, o səndən bahalıdı, pulun çatmaz. Həmin muzeyi də hökumət çıxarmadı, ermənilər dağıtdı. Və yəqin indi aparıb üstündə adları yazılmış qılıncların yazılarını pozub ermənicə nəsə yazıb muzeylərdə saxlayırlar. Amma xeyiri yoxdu, türk qılıncı dünyadakı bütün qılınclardan fərqlidi. Yəni, erməni onun erməni qılıncı olduğunu deyə bilər, sübut edə bilməz. Çünki dünyanın ekspertləri çörəyi qulağına yemir.
İndi Bərzani Əsgərov gedib Kəlbəcərdə öz atasının yaratdığı muzeyi yenidən bərpa edir. Görən, Ağdamda bunu kim edəcək?
Yusif Əhmədov sirli adam idi, onun ailəsi haqqında heç kim məlumat bilmirdi. Yevlağın qəzet redaktoru Əminə Yusifqızı ilə fəxr edərdi. Və hamı onu Yusif müəllimin qızı kimi qəbul edirdi Ağdamda. Və mən bunu heç vaxt Əminə xanımdan soruşmadım, heç indi də soruşmuram. Amma onu bilirəm ki, Əminə Yusifqızı Yusif Əhmədov kimi bir kişiyə layiqli xanımdı.
Ola bilər ki, biz Bərzani kimi Ağdamda Tarix muzeyi qura bilmədik. Amma eybi yox, belə bir muzeyi yaradarıq, Qarağacıdan da bir ovuc torpaq qoyarıq o muzeyə ki, bizim tariximiz budur.
Bərzani bəyə uğurlar arzulayıram.
Və sonda. Çox istərdim ki, Kəlbəcərdə bir Aşıq Şəmşir muzeyi də yaradılsın. Təkcə Kəlbəcərdə yox, Ağdabanda. Və muzeydə də Kəlbəcərdən çıxan böyük şair və yazıçıların xatirə əşyaları yer alsın: Miskin Abdaldan tutmuş Sücaət, Elvüsala, Adil Cəmilə, Ələmdar Cabbarlıya qədər.
Subyekt.az