
Kəlbəcər dağlarında bəbir görüntüləndi: Qarabağın faunası də bərpa olunur
Qarabağda və Kəlbəcər istiqamətində bəbir müşahidə olunub.
Kəlbəcər işğaldan azad edildikdən sonra bəbirləri ilk müşahidə edən hərbçilər olub. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), İDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyi (WWF) tərəfindən aparılmış mütəmadi izləmələr və monitorinqlər nəticəsində Kəlbəcər rayonunda bəbirin yüksək keyfiyyətli foto və videosu əldə edilib.
Aparılmış müşahidələr bəbirlərin Qarabağ bölgəsinin digər ərazilərində də yaşadıqlarını deməyə əsas verir.
Qeyd edək ki, Ermənistanın 30 ilə yaxın davam etmiş işğalçılıq siyasəti nəticəsində Qarabağın təbiətinə ciddi ziyan dəyib.
Meşələrin qırılması və yandırılması, su ehtiyatlarının çirklənməsi, flora və faunanın məhv edilməsi, regionda yerin təkinin talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub. Qarabağ müharibəsi zamanı ermənilərin Qarabağ ərazisində basdırdıqları çoxsaylı minalardan insanlarla bərabər vəhşi təbiətin nadir növdən olan heyvanlar da ziyan çəkib.
İşğaldan azad edildikdən sonra Qarabağın ekoloji tarazlığı, o cümlədən heyvanat aləmi də bərpa dövrünə qədəm qoyub. Kəlbəcərdə bəbirin görüntülənməsi dediklərimizi bir daha sübut edir.
İnanırıq ki, doğma Qarabağ tezliklə ona vurulan yaraları sağaldacaq və dünyanın ən gözəl diyarlarından birinə çevriləcək.
Subyekt.az