![]()
Kəlbəcər şəhərinə Böyük Qayıdış prosesi ardıcıl və planlı şəkildə davam edir. Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən növbəti püşkatma mərasimi nəticəsində daha 54 ailə Kəlbəcər şəhərində yeni mənzillərin sahibi olub.
Mənzil hüququ qazanan ailələr yaxın günlərdə doğma torpaqlarına yola düşəcək. Uzun illər məcburi köçkün həyatı yaşamış sakinlər üçün Kəlbəcərdə müasir yaşayış binaları inşa olunub, şəhərin sosial infrastrukturu yenidən qurulub, mühəndis-kommunikasiya xətləri çəkilib və zəruri xidmətlər təmin edilib.
Qayıdış prosesi təhlükəsizlik, şəffaflıq və sosial ədalət prinsipləri əsasında mərhələli şəkildə həyata keçirilir. Dövlət tərəfindən yaradılan şərait sakinlərin dayanıqlı məskunlaşmasına və normal həyat fəaliyyətinin bərpasına hesablanıb.
Doğma yurda qayıdan ailələr üçün bu köç təkcə ünvan dəyişikliyi deyil, həm də illərlə davam edən həsrətin sonu, yeni həyatın başlanğıcıdır. Kəlbəcərdə həyatın tam bərpası və bölgənin sosial-iqtisadi dirçəlişi istiqamətində işlər davam etdirilir.

Azərbaycanımıza, Kəlbəcərimizə xeyirli olsun!
Rövşən Hüseynli
Subyekt.az