![]()
Xalqımız 1990-cı ilin müdhiş 20 Yanvar faciəsini heç vaxt unutmaya caq dır. Çünki o, ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi, bu bütü n Azərbaycan xalqına, Azərbaycan ölkəsinə edilən hərbi təcavüz idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanları dır, onlar millətimizin qəhrəmanlarıdır.
Heydər Əliyev
Ümummilli lider
XX əsr tarixinə insanlığa və bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş 1990-cı ilin 20 Yanvar hadisələrinin 35-ci ildönümü ərəfəsindəyik. Xalqımızı qəlbən sarsıtmış bu faciənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif rəylərə rast gəlinsə də, bütün əks mövqelər məhz bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini əvəz etmiş, nəsildən-nəslə qan yaddaşı və gen vasitəsilə ötürülmüşdür. Tariximizin 20 Yanvar səhifəsinin unikallığı isə ondadır ki, o eyni vaxtda həm faciə, həm də qəhrəmanlıq nümunəsidir. Bəli elə bu qəhrəmanlıq və faciə hissimizi bir daha yada salmaq hamımızın ən ümdə vəzifəsidir.
Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 1990-cı ilin qanlı yanvarından 26 il ötür. Həmin gün azadlıq, istiqlaliyyət uğrunda küçələrə, meydanlara çıxan Azərbaycan xalqına qarşı törədilmiş ağlasığmaz terror aktı dəhşətli bir cinayət hadisəsi kimi tarixə düşmüşdür. Həmin gün müstəqillik istəyi ilə həmrəylik nümayiş etdirən dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbiri Beynəlxalq İnsan Haqları Bəyannaməsinin və bu sahədə qəbul olunmuş digər konvensiyaların müddəalarının kobud şəkildə pozulması demək idi. Artıq çökməkdə olan sovet reyimi son günlərində bütün tarixi ərzində törətdiyi cinayətlər sırasına misli görünməmiş bir vəhşilik aktı da əlavə etdi. 1990-cı il yanvarın 19- dan 20-nə keçən gecə təpədən-dırnağa qədər silahlanmış sovet ordusu hissələri heç bir xəbərdarlıq edilmədən Bakı şəhərinə və Azərbaycanın bir sıra digər rayonlarına yeridilərək Azərbaycan xalqına vəhşicəsinə divan tutdu. O vaxt SSRİ rəhbərliyinin açıq şəkildə Ermənistanın respublikamıza qarşı ərazi iddialarını dəstəkləməsi və Azərbaycan rəhbərlərinin xəyanətkar siyasət yeritməsi xalqı qəzəbləndirmişdi. Torpaqlarının bir qarışını da düşmənə qıymayan xalq ayağa qalxmış və bu ayrı-seçkiliyə, ədalətsizliyə dözməyərək, “Torpaqdan pay olmaz!” deyərək etiraz səsini ucaltmışdı. Öz konstitusiya hüquqlarının bərqərar ediməsi tələbi ilə küçə və meydanlara çıxan dinc əhali qəflətən gülləboran edildi, insanlar hətta faşistlərin də törətmədikləri qəddarlığa məruz qaldılar. Küçə və meydanlar insan qanına boyandı. Yüzlərlə dinc əhali qətlə yetirildi, ağır yaralandı, ömürlük şikəst oldu. Sovet reyiminin bu qanlı terror aktı barədə bütün dünyaya məlumat yayıldı. 1987-ci ildə Heydər Əliyevin min hiylə və məkrlə keçmiş SSRİ rəhbərliyindən uzaqlaşdırılması nəticəsində Azərbaycanın düşmənlərinin, ölkəmizə qarşı torpaq iddiasında olan nankor qonşumuzun sanki əli-qolu açıldı. Bununla da Azərbaycanın tarixində növbəti dəhşətli anlar mərhələsi başlandı. Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycan torpaqlarına təcavüz planlarını gerçəkləşdirə bilməyən qüvvələr fəallaşaraq öz işğalçılıq niyyətlərini həyata keçirməyə başladılar. Bu işdə keçmiş SSRİ rəhbərliyinə arxalanan təcavüzkar Ermənistan Azərbaycan ərazilərinə iddialarını daha həyasız şəkildə irəli sürdü. Bu haqsızlığa etiraz edən xalqın səsini boğmaq üçün qanlı terror aktına əl atan Sovet rejimi Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmətdə olan erməniləri respublikamızın üzərinə göndərdi. Sovet ordusunun şəhərə girməsi Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi, SSRİ Ali Sovetinin 19 yanvar 1990-cı il tarixli qərarı, eləcə də keçmiş SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun razılığı ilə olmuşdur. Azərbaycanı sovet imperiyasının buxovlarında saxlamaq, sovet reyiminin hegomonluğunu hələ uzun müddət davam etdirmək və milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya böyük bir ordu yeridilmişdi. Sonradan məlum oldu ki, xalqın haqq səsini batırmaq üçün 35 minlik ordu yeridilib. Azərbaycan xalqına divan tutulması üçün SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin hazırlayıb həyata keçirdiyi əməliyyatda xüsusi təyinatlı “ALFA və SSRİ DTK-nın “A” təxribat qrupları əsas vəzifələrin icraçıları olublar. Mixail Qorbaçov başda olmaqla Sovet imperiyasının digər rəhbərləri də milli ayrı-seçkilik bəhanəsindən istifadə edərək öz çirkin niyyətlərini həyata keçirdilər. Guya Bakıya yeridilən qoşun hakimiyyəti zorakı yollarla ələ keçirməyə çalışan 2 millətçi “ekstremistlər”i zərərsizləşdirəcək və hərbçi qulluqçuların ailələrini qoruyacaqmış. Bu, qabaqcadan hazırlanmış uydurma plan idi. Elə həmin vaxt Bakıda daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. Sovet dövləti tabeçiliyində olan həmin qüvvələrdən istifadə edə bilərdi. 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq Bakıda fövqaladə vəziyyət elan olunması haqqında fərman imzaladı. Lakin buna baxmayaraq, Bakıda dinc əhaliyə divan tutulması üçün hazırlanmış plan məxfi şəkildə həyata keçirildi. İlk növbədə, Azərbaycan televiziyasının enerji bloku partladıldı. Bu əməliyyatı SSRİ DTKnın “ALFA” qrupu yanvarın 19-da həyata keçirdi. Respublika üzrə televiziya verlişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan olunmasından xəbərsiz əhaliyə amansız divan tutdu. Günahsız insanları tankların tırtılları altında xıncım-xıncım edərək, qadağan olunmuş güllələrlə qətlə yetirərək bəşər tarixində görünməyən vəhşiliyə əl atdı. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yanvarın 20-də səhər saat 7.00-da respublika radiosu ilə bildirildi. Buna qədər yüzlərlə insan qətlə yetirilmiş, çoxlu sayda insan isə ağır vəziyyətdə xəstəxanalara yerləşdirilmişdi. Nəticədə ölənlərin sayı 137-yə çatdı. 700- dək adam ağır bədən xəsarəti aldı, 800 nəfərdən çox Azərbaycan vətəndaşı qanunsuz həbs edildi. Həlak olan dinc sakinlər arasında uşaqlar, qocalar, gənclər və qadınlar var idi. Bakının zəbt edilməsinə və sovet ordusunun dinc əhalini amansızcasına qətlə yetirilməsi əməliyyatına SSRİ müdafiə naziri Yazov rəhbərlik edirdi. Azərbaycanın o vaxtkı rəhbərliyi isə qətiyyətsizlik, qorxaqlıq və siyasi təslimçilik nümayiş etdirdi. Azərbaycana qarşı soyqırımı həyata keçirmiş Sovet rejiminə qarşı ən kəskin bəyənatı, o vaxt Moskvada yaşayan, ermənilərin fitvası, min hiylə və məkri ilə 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırılmış, lakin hələ də təqib və təzyiqlərə məruz qalan ümummilli lider Heydər Əliyev verdi. Ulu öndər faciə törədiləndən bir gün sonra yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi, dünyanın bütün kütləvi informasiya vasitələrinin nümayəndələri qarşısında SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı kəskin pislədi, bunu insanlığa, humanizmə sığışmayan hərəkət kimi qiymətləndirdi. O, bu dəhşətli faciəyə siyasi qiymət verilməsini tələb etdi. Təəssüflər olsun ki, Azərbaycanın o vaxtkı rəhbərliyi yenə də kölə psixologiyasından əl çəkməmiş, bu qanlı cinayətin bilavasitə təşkilatçısı və iştirakçısı olmuş SSRİ rəhbərliyinin mövqeyini dəstəkləmiş cinayətkarların məsuliyyətə cəlb olunmasından ötrü heç bir tədbir görməmişdir. Əksinə, bu qanlı cinayəti ört-basdır etmək üçün bütün vasitələrə əl atmışdır. 20 Yanvar faciəsinə ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə siyasi-hüquqi qiymət verilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də bu məsələni geniş müzakirə edərək qanlı hadisəyə siyasihüquqi qiymət verdi. Həmin vaxt qəbul edilmiş böyük əhəmiyyət kəsb edən bu sənəddə qeyd olunurdu ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri M.S.Qorbaçov, Sov.İKP.MK katibi A.Girenko, SSRİ müdafiə naziri V.Bakatin, Sov.İKP MK-nın məsul işçisi A.Mixaylov, Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov, Nazirlər Sovetinin sədri A.Mütəllibov, Azərbaycan KP MK-nın büro üzvləri V.Polyaniçko, M.Məmmədov, V.Hüseynov xalqımıza qarşı törədilən bu siyasi və hərbi qəsd üçün birbaşa məsuliyyət daşıyır və cavabdehdirlər.
Ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bu dəhşətli cinayət hadisəsinə obyektiv qiymət verildi. Məhz ulu öndərin təklifi ilə 1994-cü ildə 20 Yanvar hadisələrini yetərincə qiymətləndirmək istiqamətində addımlar atıldı. Böyük tarixi şəxsiyyətin fərmanı ilə 137 nəfərə 20 Yanvar şəhidi adı verilmiş, onların ailələrinə birdəfəlik yardım göstərilmişdir. Ümummilli lider 20 Yanvar günü imperiya qoşunları qarşısında mərdi-mərdanə dayanan Azərbaycanın mərd oğul və qızlarının bu dəyanətini çox yüksək qiymətləndirərək demişdir: “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta, şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990- cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün Azərbaycan xalqı özünün milli mənliyini qorumaq üçün canlarından keçən övladları ilə fəxr edir.”
Bakının ən yüksək, ən gözəl nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var: Şəhidlər Xiyabanı. Ölkəmizə rəsmi səfərə gələn xarici qonaqlar Şəhidlər Xiyabanına aparılır, Vətən uğrunda canlarını qurban verən mərd oğul və qızlarımızın məzarları üstünə gül dəstələri qoyulur, onların unudulmaz xatirələri yad edilir. Ümummilli lider Heydər Əliyevin yolunu ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev şəhid ailələrinə böyük diqqət və qayğı göstərir, onları yeni mənzillərlə təmin edir, digər ehtiyaclarını ödəyir. Dövlət başçımızın göstərişi ilə Şəhidlər Xiyabanında hər il abadlıq və yenidənqurma işləri aparılir. Vətənimizin müstəqilliyi, azadlığı uğrunda canlarını qurban verən mərd oğul və qızlarımızın əziz xatirələri qəlbimizdə həmişə yaşayacaq. 20 Yanvar faciəsi istiqlaliyyətə can atan xalqımızın mübarizliyini, qəhrəmanlığını, qorxmazlığını, cəsarətini nümayiş etdirdi. Xalqın qanı bahasına qazanılmış müstəqillik əbədi və daimidir.
20 Yanvarda sovet reyiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan xalqının tarixində iki milli intibah dövrünü xüsusilə qeyd etmək lazımdır. Bunlardan birincisi XIX əsrin axırları-XX əsrin əvvəlləri idisə, digəri 1988-ci ildən başlanan və ancaq oyanış mərhələsini keçə bilən o izdihamlı illər idi. İkinci hadisə, təəssüf ki, hələ də öz elmi-fəlsəfi təhlilini tapmamışdır. Bu elə bir dövr idi ki, bir tərəfdən, qarşıda imperiya buxovlarından azad olmaq şansı, müstəqillik perspektivi görünürdü, digər tərəfdən milli varlığın rəmzlərindən biri olan Vətən torpağına qəsd edilmişdi. Həmin dövr hamımız üçün ağrılı, həyəcanlı və eyni zamanda ümüdli bir dövr kimi yadda qalmışdır. Hamı hər gün, hər saat həm də nə isə qorxulu, sevincli bir şey gözləyirdi. Kimin ki, yeniyetməlik çağı bu dövrə düşmüşdü, onlar gözlərini açıb bu təzadlar içərisində yol seçmək məcburiyyətində idilər. Kim ki, Ülvi kimi hələ gənclik dövründə ikən yetkinlik məqamına çatmışdı, o, hisslərini şeirlərində, düşüncələrini məqalələrində, iradi əzmini əməllərində ifadə edirdi.
Heç bir xəyanət və fəlakət unudulmur. 1990-cı il yanvarın 20-də xalqımıza qarşı törədilmiş qanlı qırğın həm xəyanət idi, həm də fəlakət. Dövlətin öz vətəndaşına xəyanəti, xalqımızın başına gətirilən növbəti fəlakət. Hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələnlər, bir tərəfdən xəyanət və fəlakətin səbəbkarlarını lənətləyir, digər tərəfdən qürur hisslərini gizlətmirlər. Axı, şəhidlər təpədən dırnağacan silahlanmış qoşunun qabağından qaçmadı, bizə Vətəni necə sevməyi, azadlıq, müstəqillik uğrunda qurban getməyi öyrətdi, ölümləri ilə ölümsüzlük qazandı. Hər il Şəhidlər xiyabanını ziyarət etməyə ölkəmizin müxtəlif bölgələrindən minlərlə insan gəlir. Siyasi əqidəsindən, dinindən və dilindən, təhsilindən və tutduğu vəzifəsindən asılı olmayaraq, buadamlar qanlı cinayətin səbəbkarlarını lənətləyir, şəhidlərin ruhuqarşısında baş əyirlər.
Insan insan olur öz hünəriylə,
Millət millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.
Şəhidlik, həqiqətən də, qeyrət və hünər zirvəsidir. Hər kəsin də taleyinə bu müqəddəsliyə qovuşmaq yazılmır. Bəlkə də ona görə Şəhidlər xiyabanı nəsillərin əbədi ziyarətgahına çevrilir. Həmişə onlarla fəxr edirik. Hər kəs bir ömrün sahibidir. Az-çox yaşamağından asılı olmayaraq bir gün son gəlir. Şəhidlər isə adilikdən çox uzaqdırlar. Onlar ölməzliyə qovuşublar. Nura qənşər bir yolun əbədi yolçularıdır.
Rövşən Hüseynov,
Azərbaycan Jurnalistlər Birliyinin Üzvü
Subyekt.az xəbər portalının təsisçi-baş redaktoru
Subyekt.az