![]()
Kəlbəcər elmi-ədəbi mühitinin beynəlxalq platformada növbəti uğuru qeydə alınıb. Kəlbəcər rayonunun yetirməsi, doktorant Jalə Nağıyeva mayın 12-də Qarabağın mərkəzi olan Xankəndi şəhərində keçirilən beynəlxalq konfransdakı iştirakı elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.
Gənc tədqiqatçı konfransda “Sücaət poeziyasında yurd itkisi və kollektiv yaddaşın poetik ifadəsi” mövzusunda məruzə ilə çıxış edib. Araşdırmada böyük şair Sücaətin köçkünlük dövrü yaradıcılığı, vətən həsrəti, yurd ağrısı və milli yaddaşın poetik ifadə formaları geniş şəkildə təhlil olunub.
Tədqiqat yalnız bir şairin poetik dünyasının araşdırılması ilə məhdudlaşmayıb, eyni zamanda Kəlbəcərin zəngin ədəbi mühitinin beynəlxalq elmi platformada təqdimatı kimi də diqqət çəkib. Məruzədə Sücaət poeziyasında vətən sevgisi, dağ insanının mənəvi dünyası, yurd nisgili və milli-mənəvi dəyərlər filoloji aspektdən təhlil edilərək iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Jalə Nağıyevanın çıxışı bir daha göstərib ki, Kəlbəcərin ədəbi irsi bu gün də yaşayır, araşdırılır və beynəlxalq elmi ictimaiyyətə təqdim olunur. Gənc alimənin beynəlxalq simpoziumda əldə etdiyi uğur həm Azərbaycan filologiyası, həm də Kəlbəcərin söz sənəti adına qürurverici hadisə kimi dəyərləndirilir.
Qeyd edək ki, bu kimi elmi fəaliyyətlər milli ədəbiyyatımızın beynəlxalq müstəvidə tanıdılması, doğma yurdumuzun ədəbi simalarının təbliği və Azərbaycan mədəniyyətinin dünyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Vüqar Şirinoğlu
Subyekt.az