![]()
Ədəbiyyat həyat fəlsəfəsinin, ilahi və insani duyğuların cəmləşdiyi məkandır. İnsan özünün, dünya və ilahi varlığın dərkini burada anlayır. Ədəbiyyat sahilsiz, sərhədsiz elmdir.Onun dərinliyinə vardıqca əzəmətini dərk edirik. Hər kəsi öz ağuşuna alaraq, çox az adamı buradan kamil çıxarır. Bədii aləm insan ömrünü uzadan, sağlam edən ilahi nemətdir. Bədii ədəbiyyatla tanış olmayan, oxuyub sevməyən insan kasıb və məğlubdur. O ürəkdən gələn elmdir. Ürəklə qidalanır və oradan bulaq kimi süzülür. Bədii aləm ürəklə yaşayır, dayanması ilə də sona yetir. Küləyin səsini, suyun şırıltısını, ildırımın çaxmasını və s. təbiət gözəlliklərini bizə sevdirənədəbiyyatdır. Şairlik bir başqa aləmdir. Sonu bilinməyən ümmandır. Daxilində böyük söz xəzinəsi olan insandır. Şairlərə İlahidən bir qüvvə verilir. Bu qüvvə onlara ilham, həvəs verərəkümidlər yaradır. Şair olmaq asan deyil. Bu sənət böyük sənətdir. Şairi böyük bir rəssama bənzədirəm. Rəssam hansısa bir gözəlliyi görür və onu cansız təsvir edir. Şair gözəlliyi görür və onu sözlə canlandırır. Gözlə görünən gözəllik daha ifadəli olur, daha cəlbedici xarakter daşıyır. Çünki onu bir şair canlandırır. Şair düşünür və bunu qələmə alır. Poeziya insanı, təbiəti, aləmi insana sevdirən ədəbiyyatın tərkib hissəsidir. Bu sevgi hardan qaynaqlanır? Poeziya öz qüdrətini torpaqdan, ətrafdanmı alır, yoxsa bu sadəcə ruhun gözəlliyimi? Bu suallar hələ də mübahisə obyektidir. Danılmaz həqiqətdir ki, dağlar, qayalar, çaylar və s. təbiət gözəllikləri poeziyanın yaranma mənbəyidir. Bunlar şairə ilham verir. Suyun səsi, güllərin xoş ətri, dağların uca zirvəsi, ən əsası isə vətənə sevgi, insana, torpağa sevgi, yurdabağlılıq və s. kimi duyğular insanı yazmağa səsləyir. Ömrü poeziyasının ömrü qədər olan şairlərdən biri də Nazim Hikmətdir. XX əsr Türk poeziyasının görkəmli simaları sırasında Nazim Hikmət adı hörmətlə çəkilən həyatının yetmiş ildən artıq bir dövrü ərzində mənalı yaradıcılıq yolu keçərək, xalqın bədii söz xəzinəsinə dəyərli töhfələr verən şair. Şairin saysız kitablarında toplanmış əsərlərinin əsas leytmotivini vətənə bağlılıq, milli oyanış və azadlıq uğrunda mübarizənin tərənnümü, insana sevgi və məhəbbətin tərənnümü təşkil edir. Humanizm ideyalarının carçısı olan Nazim lirikasına xas olan cəhətlərdən biri də bəşəriyyətin gələcək taleyi üçün dərin narahatlıq və məsuliyyət hissidir. Onun poeziyası orijinal obrazlılıq tərzi, üslub xüsusiyyətləri və poetik axıcılığı ilə oxucularınrəğbətini qazanıb.
Həyat və yaradıcılığı
Nazim Hikmət 1902-ci il yanvar ayının 15-də zadəgan ailəsində anadan olmuşdur. 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olmuş, Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeir yazdığı üçün 1919-cu ildə oradan xaric edilmişdir. “Sərvliklərdə” adlı ilk
şeiri 1918-ci ildə “Yeni məcmuə” jurnalında dərc olunmuşdur. 1920-ci ildə o, işğal olmuş İstanbuldan milli azadlıq uğrunda vuruşan Anadoluya getmişdir. 1921-ci ildə Sovet Rusiyasına gəlmiş, 1922-1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin oxumuşdur. Kommunist Universitetində 1924-cü ildə Türkiyəyə qayıtmış, inqilabi “Oraq-çəkic” qəzetində, “Aydınlıq” jurnalında Lenin ideyalarını tərənnüm edən əsərlərlə çıxış etmişdir. Həmin orqanlar bağlandıqdan sonra təqib olunan və 1925-ci ildə qiyabi surətdə 15 il həbsə məhkum edilən Nazim Hikmət 1927-ci ildə yenidən gizli olaraq SSRİ-yə gəlmişdir. 1928-ci ildə Bakıda şairin “Günəşi içənlərin türküsü” adlı ilk şerlər kitabı çapdan çıxmışdır. 1938-ci ildə yenidən Türkiyəyə qayıtdıqdan sonra həbs olunan Nazim Hikmət 8 ay həbsxanada yatmış və işdə heç bir dəlil-sübut olmadığına görə azad edilmişdir. 1929-cu ildə “835 sətir”, 1930-cu ildə “Baron-3”, 1930 cu ildə “1+1=1”, 1931-ci ildə “Səsini itirmiş şəhər” kitablarındakı şerlərdə xalqın ağır həyatı, inqilabi mübarizəyə çağırış öz əksini tapmışdır. 1924-cü ildə yazdığı “Cokonda və Şi-Ya – u” poeması, 1932-ci ildə yazdığı “Benerci özünü niyə öldürdü” mənzum romanı imperializmin müstəmləkə siyasətinə qarşı yönəlmişdir. Onun “Kəllə”, 1932-ci ildə “Bir ölü evi, yaxud mərhumun naləsi”, “Bayramın ilk günü”, 1935-ci ildə “Şöhrət və ya unudulan adam” pyeslərində kapitalizm quruluşu kəskin şəkildə ifşa edilmişdir. 1932-ci ildə türk kommunistlərini yekdil mübarizəyə səsləyən “Gecə gələn teleqram” şer toplusuna görə 5 il həbs cəzasına məhkum olunmuşdur. Bir ildən sonra amnistiya əsasında azad edilmişdir. Sonralar şair demək olar ki, hər yeni kitabın nəşrindən sonra həbsə məhkum olunmuşdur. 1935-ci ildə yazdığı “Taranta Babuya məktublar” poemasında, 1936-cı ildə qələmə aldığı “Alman faşizmi və irqçiləri” publisistik əsərlərində faşizm və onun Türkiyədəki tərəfdarları ifşa olunur. 1936-cı ildə şairin Türkiyədə sağlığında son kitabı – “Şeyx Bədrəddinin dastanı” çapdan çıxmışdır. 1938-ci ildə sübut olunmamış ittiham əsasında 28 il 4 ay həbs cəzasına məhkum edilən Nazim Hikmət məşhur “İnsan mənzərələri” epopeyasını, “Həbsxanadan məktublar” silsiləsini, “Məhəbbət əfsanəsi”, “Yusif və Züleyxa” pyeslərini və s. əsərlərini həbsxanada yazmışdır. 1950-ci ildə mütərəqqi dünya ictimaiyyətinin tələbi ilə Türkiyə hökuməti N.Hikməti azad etməyə məcbur olmuşdur. 1951-ci ildən ömrünün sonunadək ikinci vətəni sayılan SSRİ-də yaşayan və bu dövrdə 1952-ci ildə “Türkiyədə”, 1955-ci ildə “Qərib adam”, 1956-cı ildə “İvan İvanoviç vardımı, yoxdumu”, 1960-cı ildə “Domokl qılıncı” və s. pyeslərini, şer və poema, poeziyaya və dramaturgiyaya dair məqalələrini yazmışdır. SSRİ-də Nazim Hikmətin ssenariləri və əsərlərinin süjetləri əsasında kinofilmlər (“Bir məhəlləli iki oğlan”, “Sevdalı bulud”, “Yaşamaq gözəldir, qardaşım” “Məhəbbətim, kədərim mənim”) çəkilmişdir. Novator şair olan Nazim Hikmət türk ədəbiyyatını yeni forma və mütərəqqi məzmunla zənginləşdirmişdir. Onun poeziyasına kəskin publisistika ilə yanaşı dərin lirizm xasdır. Türk poeziyasına sərbəst şeir vəznini Nazim Hikmət gətirmişdir. Yaradıcılığı müasir türk ədəbiyyatına güclü təsir göstərmişdir. Əsərləri dünya xalqlarının çoxunun dilinə tərcümə olunmuş, pyesləri bir sıra ölkələrdə tamaşaya qoyulmuşdur. 1951-ci ildə Ümumdünya Sülh Şurası Bürosunun və 1959-cu ildən sonra isə onun Rəyasət Heyətinin üzvü olmuşdur. Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlmiş, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır. Azərbaycana həsr olunmuş şeirləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri vardır. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunmuş, pyesləri tamaşaya qoyulmuşdur. Bəstəkar A.Məlikov şairin “Məhəbbət əfsanəsi” pyesi əsasında eyniadlı balet yazmış, Azərbaycanın digər bəstəkarları şerlərinə romanslar bəstələmişlər. R.Babayev “Kəllə” pyesinə illüstrasiyalar çəkmiş, M.Rzayeva şairin büstünü yaratmışdır. Azərbaycan ədəbiyyatşünasları şairin həyat və yaradıcılığına dair bir sıra sanballı əsərlər yazmışdır. Nazim Hikmət 1963-cü ildə Moskvada vəfat etmişdir.
Qaynayan suda buz
necə əridilirsə,
Biz də bir-birimizdə
eləcə qeyb olduq artıq…
İstedadlı şair, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatılaureatı (1950) və türk inqilabi poeziyasının banisi Nazim Hikmət türk dünyasının və XX əsr dünya ədəbiyyatının ən böyük şairlərindəndir. Bu danılmaz bir həqiqətdir. Belə ki, xalqlararası bir qurum olan YUNESKO-nun 2002-ci ili-şairin 100 illiyini bütün dünyada Nazim Hikmət ili kimi elan etməsi bu gerçəkliyin daha bir təsdiqidir.
Nazim Hikmət Azərbaycan, Türkiyə, digər türk və doğu xalqlarının poeziyasına misilsiz təsir göstərmiş, şeirdə yeni yollar açmış, novotor sənətkar, keçən əsrin və bütün keçmiş və gələcək yüzilliklərin əbədi yaşayacaq klassikidir.
Səni düşünmək gözəl şey, ümidli şey,
Dünyanın ən gözəl səsindən
Ən gözəl şarkını dinləmək kimi bir şey…
Fəqət artıq ümid yetməyir mənə,
Mən artıq şərqi dinləmək deyil,
Şərqi söylemək istəyirəm.
Nazim Hikmət, Türk şair, dramaturq, romançı və xatirə yazarıdır. Siyasi düşüncələri üzündən dəfələrlə həbs edilmiş və yetkin həyatının böyük hissəsini həbsdə, ya da sürgündə keçirmişdir. Şeirləri əllidən çox dilə çevrilmiş, əsərləri bir çox mükafatlara layiq görülmüşdür. Türkiyədə sərbəst nəzmin ilk tətbiqçisi ve çağdaş türk şeirinin ən önəmli simalarındandır. Adı 20-ci yüzilinən sevilən şairləri arasında yer almaqdadır. Görkəmli şair Nazim Hikmətin yaradıcılığı Azərbaycanla sıx bağlıdır. Azərbaycan xalqı, ziyalıları, şair və yazıçıları Nazim Hikmət kimi tanınmış ədibin simasına münasibətdə kommunist təbliğatının daşıyıcısına deyil, uzun illər boyu siyasi-ideoloji sərhədlərin ayırdığı Türkiyənin ətrini, dilini, ruhunu bizə gətirən bir böyük insana sevgisini anladırdı. Türkiyədə qadağan olunduğu illərdə rəsmi Sovet İttifaqının tərkibində olduğu üçün Azərbaycan da Nazimi sovet siyasi məqsədləri çərçivəsində qəbul edirdi… Həmin illərdə Nazim Türkiyənin, türklüyün, türk dilinin simvolu idi. Nazimin ölməz şeirlərindəki ayrılıq yanğısı və qəribsəyən türk dilinin şirinliyi, cəlbediciliyi qandan, candan olan bir yaxınlığı özündə yaşadırdı. O illərdə dünyanın əksər dillərində çap olunan pyesləri türk səhnəsindən başqa, dünyanın bir çox səhnələrini gəzirdi. “Dünyanı dolaşan bir Türkiyə şarkısı” (Əziz Nesin) kimi Nazim Hikmət Türkiyə – Vətən yanğısını həyat sevinci ilə dolu misralarına hopdurmuşdu:
Mən bir cəviz ağacıyam, Gülhanə Parkında
Nə sən bunun fərqindəsən, nə də polis fərqində…
Nazim Hikmətin sevgi dolu nəfəsiylə süslənmiş Azərbaycana həsr olunmuş şeirləri, xalqımızın mədəniyyətinə dair məqalə və xatirələri də Azərbaycan ədəbi mühiti, oxucusu üçün maraq doğurur və sevgi ilə qarşılanırdı. Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dostluğu, onlarla yaradıcılıq əlaqələri Nazim üçün də, xalqımız üçün də türklüyün yaşayan səsi, nəfəsi idi. Bu keşməkeşli tarixləri özündə yaşadan bu nəfəs, xalqın Nazim Hikmət sevgisi və Nazim Hikmətin simasında Türkiyəyə olan sevgi heç tükənmədi, daha da güclü oldu.
İnsanların içindəyəm, sevirəm insanları,
Hərəkəti sevirəm,
Düşüncəni sevirəm,
Kavqanı sevirəm,
Sən kavqamın içində bir insansın sevgilim,
Səni sevirəm.
Hikmət novotor şair idi. Bütün həyatı boyu o, daima yeni formalar, mövzular, metaforalar üzərində işləmişdir. Maraqlıdır ki, şair1963- cü ildə, vəfatından qısa müddət öncə, yeni poetik görüşləriini belə açıqlamışdı: Mən mövzunu elə bir formanın içinə yerləşdirmək istəyirəm. daha canlı, daha rəngli formaya üstünlük verirəm. Kövrək hisslər ustadı, duyğulu qələm sahibi Nazim Hikmət eyni zamanda ürəyini, duyğularını, düşüncəsini, qələmini, başdan-başa həyatını xalqına verməklə öyünən türk şairlərindən biridir. Şair adı, irqi, coğrafiyası, milliyyəti nə olursa olsun, milli azadlıq, ictimai ədalət , sülh üçün döyüşən hər bir xalqın bu uğur yollarındakı savaşlarını şerlərində öymüş və geniş yer vermişdir. Onların zəfərlərini öz xalqının zəfəri, məğlubiyyətini isə öz xalqının məğlubiyyəti, sevincini, kədərini də özününküləşdirmişdi. Onun əsərlərində bu açılardan, bu sevinclərdən məğlubiyyərt və zəfərdən əks-səda var.
Çox razıyam dünyaya gəldiyimdən,
Sevirəm torpağını, işığını, vuruşunu, çörəyini.
Enini, uzununu, santimetrinə qədər,
Dəqiq bildiyim halda,
Və bildiyim halda Günəşin yanında
Bir oyuncaq qədər kiçik olduğunu,
Yenə də dünya inanılmaz qədər böyükdür mənim üçün. Nazim Hikmət təkcə xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına təsir göstərmişdir. Söz dünyasının nəhəng simalarından olan nazimHikmət Azərbaycan, Türkiyə və dünya ədəbiyyatında silinməz iz qoyub. Nazim Hikmət ölkəmizdə hər zaman ehtiramla anılacaq. Çünki Azərbaycan onun üçün Vətən olmuşdur. Nazim Hikməti tanıyanlar onun sıradan bir insan deyil, dahi olduğuna heç zaman şübhə etmirdilər. Türk ədəbiyyatında sərbəst şeirin banisi olan şairin əsərlərinin bədii-estetik xüsusiyyətlərinə görə seçilirdi. Nazim Hikmətin şeirləri türkcə səslənəndə, rus dilinə tərcümə olunanda və digər dillərdə oxunanda da onun içərisindəki fikir oxucunu təsir altına salır. Rusiyanın neçə-neçə böyük şairləri nazim Hikmətdən bəhrələndiyini etiraf etmişdir. Azadlıq və bərabərlik carçısı olan Nazim Hikmət yaradıcılığı hər zaman seviləcəkdir.
AYNUR TURAN
Subyekt.az