![]()
Bu gün Bakıda “İdrak” liseyində baş verən hadisə təkcə bir məktəbin divarları arasında yaşanan faciə deyil, daha geniş miqyasda Azərbaycan təhsil sisteminə yönəlmiş ciddi xəbərdarlıqdır. Hadisə cəmiyyətdə haqlı narahatlıq və dərin təəssüf doğurub.
Müəllim adının nüfuzdan salındığı, pedaqoji dəyərlərin arxa plana keçirildiyi bir mühitdə başqa nəticə gözləmək sadəlövhlük olardı. Çünki müəllim cəmiyyətin mənəvi sütunudur. Bu sütun sarsılanda, bütöv sistem laxlayır. Bu gün açılan atəş, əslində, tək bir insana yox, Azərbaycan təhsilinə, onun sabahına açılan atəş kimi qiymətləndirilməlidir.
Son illər təhsilin mahiyyətindən çox, onun “idarə olunması”, “optimallaşdırılması” və “bazar mexanizmləri” ilə ölçülməsi pedaqoji mühitdə ciddi boşluqlar yaradıb. Təhsil bazara çevriləndə, mənəvi dəyərlər ikinci plana keçir, müəllim nüfuzu isə ucuzlaşır. Nəticədə gələcəyə töhfə verən şəxsiyyətlər yox, aqressiya və məsuliyyətsizliklə yüklənmiş fərdlər yetişdirilir.
Təhsil naziri Emin Əmrullayev və bu sahəyə cavabdeh olan qurumlar artıq bir yox, min dəfə düşünməlidir: biz hansı təhsili qururuq və hansı nəsli yetişdiririk? Məktəb yalnız bilik ötürən məkan deyil, insan formalaşdıran müqəddəs ocaqdır. Orada baş verən hər bir neqativ hadisə cəmiyyətin gələcəyinə birbaşa təsir göstərir.
Bu gün “İdrak” liseyində yaşananlar həyəcan siqnalıdır. Əgər bu siqnal eşidilməzsə, sabah daha ağır nəticələrlə üz-üzə qalmaq qaçılmaz olacaq. Təhsili xilas etmək üçün ilk növbədə müəllim adını, pedaqoji dəyərləri və məktəbin mənəvi mühitini xilas etmək lazımdır.

Rövşən Hüseynli
Subyekt.az