![]()
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqindən irəli gələn məsələlərin yerlərdə təhlili, qarşıda duran vəzifələrin müzakirəsi, dövlətçilik ideyalarının təbliği və ideoloji təxribatların fəsadlarının izahı məqsədilə Bala Qusar ərazi partiya təşkilatında görüş keçirilmişdir.
Görüşdə Bala Qusar nümayəndəliyi üzrə Ərazi Partiya Təşkilatının sədri Babacan Zəkiyev eləcə də Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatının sədr müavini Neva Abdurəhmanova iştirak edərək çıxış etmişlər. Tədbirdə partiyanın ideoloji prinsiplərinin yerli səviyyədə təşviqi, milli maraqların qorunması, cəmiyyətin siyasi maarifləndirilməsi, informasiya təhlükəsizliyinin təmin olunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi kimi mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır
Görüşü giriş sözü ilə açan Bala Qusar nümayəndəliyi üzrə Ərazi Partiya Təşkilatının sədri Babacan Zəkiyev çıxışında Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan, partiyanın yarandığı gündən etibarən dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli həmrəyliyin qorunması və Azərbaycanın davamlı inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətin əhəmiyyətindən bəhs etmişdir.Qeyd olunmuşdur ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında partiya sədri İlham Əliyevin səsləndirdiyi fikirlər və müəyyənləşdirdiyi strateji istiqamətlər partiya təşkilatlarının qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələrin uğurla həyata keçirilməsi üçün yalnız mərkəzi səviyyədə qəbul edilən qərarların öyrənilməsi kifayət etmir. Həmin qərar və ideyaların mahiyyəti yerlərdə dərindən təhlil edilməli, əhali arasında izah olunmalı və gündəlik fəaliyyətin əsas istiqamətlərindən birinə çevrilməlidir.Çıxışda vurğulanmışdır ki, hər bir ərazi partiya təşkilatı dövlətçilik ideyalarının təbliğində, vətəndaşlarla əlaqələrin möhkəmləndirilməsində, ictimai problemlərin öyrənilməsində və cəmiyyətin siyasi maarifləndirilməsində fəal mövqe tutmalıdır. Partiya üzvlərinin üzərinə düşən əsas vəzifələrdən biri ölkədə həyata keçirilən siyasətin məqsəd və mahiyyətini düzgün izah etmək, insanları düşündürən məsələlərə həssas yanaşmaq və ictimai məsuliyyət hissini gücləndirməkdir.
Bala Qusar ərazisində də bu istiqamətdə işlərin ardıcıl şəkildə aparılmasının vacibliyi qeyd edilmişdir. Bildirilmişdir ki, yerli əhali ilə mütəmadi görüşlərin keçirilməsi, vətəndaşların müraciət və təkliflərinin dinlənilməsi, gənclərin ictimai fəaliyyətə cəlb olunması və milli-mənəvi dəyərlərin təbliği ərazi partiya təşkilatının fəaliyyətində xüsusi əhəmiyyət daşıyır.Sədr çıxışında müasir dövrdə informasiya məkanında baş verən proseslərə də diqqət çəkmişdir. Qeyd edilmişdir ki, rəqəmsal texnologiyaların və sosial şəbəkələrin geniş yayılması məlumatların sürətlə yayılmasına imkan yaratsa da, eyni zamanda, yanlış məlumatların, manipulyativ məzmunların və cəmiyyətdə çaşqınlıq yaratmağa yönələn iddiaların yayılması riskini artırır. Belə bir şəraitdə hər bir vətəndaşın məlumatları tənqidi qiymətləndirməsi, faktları yoxlaması və emosional çağırışlara əsaslanaraq nəticə çıxarmaması mühüm əhəmiyyət kəsb edir.
Xüsusilə vurğulanmışdır ki, ideoloji dayanıqlılıq yalnız müəyyən siyasi fikirləri müdafiə etməkdən ibarət deyil. Bu, eyni zamanda, milli maraqları dərk etmək, hüquqi dövlət prinsiplərinə hörmətlə yanaşmaq, cəmiyyətdə qarşılıqlı etimadı qorumaq, müxtəlif fikirlərin sivil müzakirəsi deməkdir.

.

.

Ceyhun Ağabəy
Subyekt.az