![]()
Bu gün Xankəndi şəhərində, Qarabağda BMT-Azərbaycan tərəfdaşlığı üzrə sayca üçüncü yüksək səviyyəli görüş keçirilir. Əsas müzakirə mövzuları qarşıdakı dövr ərzində Azərbaycan hökuməti və Birləşmiş Millətlər Təşkilatı arasında imzalanan “Dayanıqlı İnkişafa dair Tərəfdaşlıq Çərçivəsi” sənədinin icrası ilə bağlıdır. Bu çərçivə sənədinin icrasında Azərbaycan hökumətinin və BMT qurumlarının birgə fəaliyyət istiqamətləri müzakirə olunur.
Subyekt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Xankəndidə jurnalistlərə müsahibəsində iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov deyib.
O bildirib ki, Prezidentin Sərəncamı ilə 2021-2030-cu illəri əhatə edən 5 milli prioritet təsdiq olunub. Bu prioritetlər çərçivəsində iki strategiyanın icrası nəzərdə tutulub: “Birinci dövr strategiya 2022-2026-cı illəri əhatə edirdi ki, artıq onun icrasının sonuncu ilidir. Növbəti mərhələ 2027-2030-cu illəri əhatə edən yeni sosial-iqtisadi inkişaf strategiyasıdır ki, o da hazırlanıb və yaxın vaxtlarda təsdiqi gözlənilir.
Böyük Qayıdışa dair birinci Dövlət Proqramı artıq yekunlaşır və ikinci Dövlət Proqramının qəbul edilməsi planlaşdırılır. Bugünkü görüşdə həm 2027-2030-cu illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası qəbul edildikdən sonrakı dövrdə onun icrası, həm də Böyük Qayıdışa dair ikinci Dövlət Proqramının icrası zamanı hökumətin prioritetlərinə Azərbaycanda fəaliyyət göstərən BMT qurumlarının mümkün dəstəyi ilə bağlı müzakirələr həyata keçirilir”.
H.Hüseynov bildirib ki, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması prosesinə start verib və artıq müvafiq yol xəritələrinin layihələri hazırlanıb: “Bu yol xəritələrinin Şuşa və Naxçıvan şəhərləri üzrə icrası nəzərdə tutulur. İkiillik dövrü əhatə edən sənədlərdə hər bir şəhərin spesifik xüsusiyyətlərinə uyğun qəbul edilmiş inkişaf məqsədlərinin yerli inkişaf planlarına inteqrasiyası öz əksini tapıb. BMT qurumları Azərbaycan hökumətinə, xüsusilə də bu şəhərlərdə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə öz töhfəsini verəcək”.
Subyekt.az