“1947-ci ilin may aynın 22-də Təbriz şəhərində günəşli havada böyük canlanma var idi. Əhali “Gülüstan bağı”na yığılmışdı. Orada dar ağacı qurulmuşdu. Camaata məlum idi ki, bu gün Milli Hökumətin Baş Prokuroru Firudin İbrahimini dar ağacından asacaqlar (digər inqibalçıların hamısını Təbriz şəhərinin “Saat qabağı” adlanan yerində dar ağaçından asırdılar). “Gülüstan bağı” şah qoşunu və jandarmaları ilə əhatə olunmuşdu. Saat 12-yə yaxın uca boylu, enli kürək, əynində milə-mil pencək, ağ köynək və qırmızı qalstuk taxmış, şux geyimli Firudin Ibrahimini jandarmaların əhatəsində dar ağacına gətirdilər. O vaxta qədər F.İbrahimini görməmişdim. Birdən əhali təlatümə gəldi. Jandarmalara və şah qoşununa hücum ctmək istədilər. Xalqın nahaq qanının töküləcəyindən ehtiyat edən F.İbrahimi əlini yuxarı qaldırdı və uca səslə dedi: “Mənim əzizlərim, həmvətənlilərim, səbir edin, qoy qan tökülməsin! Çox keçməz ki, Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq. Yaşasın Azərbaycan xalqı! Yaşasın doğma Ana Vətənimiz Azərbaycan!” Cəlladlar qorxularından F.İbrahimini dərhal edam etdilər.”
Subyekt.az