
Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi səfəri Azərbaycana etməsi ölkələrimiz arasındakı əlaqələrin mahiyyətini, xalqların dostluğunu, qardaşlığını növbəti dəfə sübut edir. Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri ikitərəfli strateji tərəfdaşlığın dinamikasını daha da gücləndirəcək. Eyni zamanda bu səfər ölkələrimiz arasında əməkdaşlığının dərinləşdirilməsinə bir daha xidmət edəcək.
Azərbaycan və Gürcüstanı tarixən çoxsaylı və möhkəm əlaqələr birləşdirir. Xalqlarımız arasında keçmişdə formalaşan tarixi dostluq əlaqələri bu gün sarsılmaz siyasi, iqtisadi müttəfiqliklə möhkəmlənib. Eyni zamanda, mədəniyyətimiz, adət-ənənələrimiz, əlaqələrimiz nəsildən-nəslə keçdiyi üçün təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da münasibətlər nümunəvi xarakter alıb.
Dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan-Gürcüstan əlaqələri daha da dərinləşib. Bu tərəfdaşlığın bariz nümunələrindən biri də birgə həyata keçirilən regional layihələrdir. Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tiflis-Qars dəmir yolu bu gün həm Azərbaycan, həm də Gürcüstan üçün strateji əhəmiyyət kəsb edir. Bu layihələr təkcə ölkələrimizin iqtisadiyyatına deyil, eyni zamanda Avropa və Asiyanın enerji və nəqliyyat təhlükəsizliyinə də ciddi töhfə verir.
Ölkələr arasında bu cür möhkəm beynəlxalq həmrəylik və diplomatik koordinasiya, ikitərəfli münasibətlərin səmərəliliyini daha da artırır.
Subyekt.az