![]()
Azərbaycan Dövlət Pedaqoji Universitetində ADPU, TÜRKSOY, Yunus Əmrə İnstitutu, Daşkənd Beynəlxalq Universiteti və ADPU-nun Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə 14–15 may tarixlərində əyani və onlayn formatda keçirilən “I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” adlı beynəlxalq elmi konfransın açılış mərasimində iştirak etdik.
Elmi konfrans Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Koreya, Rusiya, Ukrayna, Moldova, Estoniya, Əfqanıstan və digər ölkələrdən alim və tədqiqatçıları bir araya gətirdi.
Bir əsr əvvəl Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk dünyasının ortaq düşüncə, elm və mədəniyyət tarixində mühüm dönüş nöqtəsi olmuşdur. Bu gün həmin tarixi irsin yenidən elmi müstəvidə müzakirə olunması, ortaq dil, əlifba, milli kimlik və türk xalqları arasında inteqrasiya məsələlərinin gündəmə gətirilməsi xüsusi əhəmiyyət daşıyır.
ADPU-nun Filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova fakültə kollektivi adından tədbir iştirakçılarına konfransa göstərdikləri böyük marağa görə minnətdarlığını bildirib. O, Birinci Türkoloji Qurultayın elmi irsinin gənc nəslə çatdırılması, ana dilinə sevginin gücləndirilməsi və milli-mənəvi dəyərlərin təbliğinin vacibliyindən bəhs edib. Dekan Könül Həsənova bu istiqamətdə Pedaqoji Universitetin Filologiya fakültəsində həyata keçirilən ardıcıl və sistemli fəaliyyətlər barədə də məlumat verib.
Konfransda səsləndirilən fikirlər bir daha göstərdi ki, ana dili milli yaddaşın, mənəvi dəyərlərin və dövlətçilik şüurunun əsas dayaqlarından biridir. Xüsusilə rəqəmsallaşan dünyada dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi hər birimizin üzərinə düşən mühüm məsuliyyətdir.
Azərbaycanın ev sahibliyi etdiyi Birinci Türkoloji Qurultayın 100 illiyinin beynəlxalq səviyyədə qeyd olunması türk dünyasının elmi və mənəvi birliyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.













Günay Ağamalı
Milli Məclisin deputatı,
Ana Vətən Partiyasının sədri
Subyekt.az