![]()
Dünya gözlərimiz önündə yenidən şəkillənir. Siyasi coğrafiya köklü dəyişməsə də, geosiyasi ağırlıq mərkəzləri yerini dəyişir; öyrəşilmiş ittifaqlar yeni sınaqlarla üzləşir, iqtisadi çıxarlar təhlükəsizlik məsələləri ilə daha sıx çulğaşır. Enerji, yükdaşıma, texnologiya, müdafiə və diplomatiya artıq bir-birindən ayrılmadan, vahid strateji düşüncənin qarşılıqlı bağlı istiqamətləri kimi çıxış edir. Belə bir dönəmdə dövlətlərin beynəlxalq mövqeyi yalnız ərazisinin böyüklüyü, əhalisinin sayı, yaxud təbii sərvətlərinin həcmi ilə müəyyənləşmir; əsas məsələ dəyişən şərtlər içində milli çıxarları qorumaq, güvənli tərəfdaş olmaq və öz gələcəyinin siyasi memarlarından birinə çevrilmək bacarığıdır.
Azərbaycan məhz bu keyfiyyətləri ilə seçilir.
Dövlət müstəqilliyini 35 il öncə bərpa etmiş ölkəmiz minilliklərin mədəni yaddaşına, zəngin dövlətçilik gələnəklərinə və özünəxas sivilizasiya təcrübəsinə arxalanaraq çağdaş beynəlxalq münasibətlər sistemində müstəqil siyasi iradəsini nümayiş etdirir. Bu, necə deyərlər, keçmişin mənəvi zənginliyini gələcəyin strateji imkanlarına çevirmək bacarığıdır. Başqa sözlə, Azərbaycan həm tarixə yiyə çıxan, həm də tarix yaradan dövlət kimi çıxış edir.
Bizim üstünlüyümüz ondadır ki, böyük güclərin rəqabət meydanında özümüzü qarşıdurmanın tərəfi kimi göstərmir, çıxarların uzlaşa biləcəyi güvənli tərəfdaş kimi təsdiqləməyə çalışırıq. Bax, bu yanaşma nə passiv bitərəflikdir, nə də siyasi tərəddüd… – Əksinə, bu, milli çıxarların aydın müəyyənləşdirildiyi, beynəlxalq konyunkturanın düzgün qiymətləndirildiyi və qərarların müstəqil qəbul olunduğu fəal diplomatiya modelidir.
Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərini qarşılıqlı fayda və suveren bərabərlik əsasında inkişaf etdirir, işbirliyi imkanlarını genişləndirərkən özünün prinsipial mövqelərini güzəşt predmetinə çevirmir. – Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin diqqətçəkən özəlliklərindən biri də budur.
Bəli, Azərbaycanla Böyük Britaniya və Quzey İrlandiya Birləşmiş Krallığı arasında strateji tərəfdaşlığın yeni mərhələyə yüksəlməsi ayrıca siyasi anlam daşıyır.
Dublində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə yalnız iki dövlət arasında münasibətlərin növbəti diplomatik sənədi kimi qiymətləndirilməməlidir; burada söhbət onilliklər boyu formalaşmış iqtisadi işbirliyinin daha geniş təhlükəsizlik, texnologiya, yatırım və siyasi dialoq müstəvisinə daşınmasından gedir.
1994-cü və 1998-ci illərdə qəbul edilmiş müvafiq bəyannamələrlə əsası möhkəmləndirilən münasibətlər indi yeni beynəlxalq ortamın tələblərinə uyğun məzmun qazanır. Öncəki mərhələlərdə enerji sahəsində işbirliyi özəl ağırlığa malik idisə, yeni mərhələdə tərəfdaşlığın gündəliyi müdafiə sənayesindən rəqəmsal transformasiyaya, yükdaşıma və logistik bağlantılardan yaşıl maliyyələşdirməyə qədər genişlənir.
Bu, Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərdə enerji resursları təqdim edən ölkə statusu ilə kifayətlənməyərək, yatırım, tranzit, istehsal, innovasiya və təhlükəsizlik sahələrində uzunmüddətli tərəfdaşlıq imkanları yaradan dövlət kimi mövqeyinin güclənməsi baxımından önəmlidir.
Burada daha bir önəmli məqam var: Böyük Britaniya qlobal maliyyə, yatırım, elm və diplomatiya sistemində ciddi imkanlara malik dövlətdir. Azərbaycan isə Avrasiyanın strateji bağlantı məkanında yerləşən, enerji təhlükəsizliyində rol oynayan və yükdaşıma dəhlizlərinin inkişafında vacib təşəbbüslər irəli sürən ölkədir. Bu iki potensialın uzlaşdırılması ikitərəfli münasibətlərdən daha geniş – bölgəsəl iqtisadi işbirliyi üçün də yeni perspektivlər aça bilər.
Özəlliklə Orta dəhlizin inkişafına verilən dəstək diqqətəlayiqdir.
Çağdaş dünyada yükdaşıma dəhlizi sadəcə yüklərin bir məntəqədən digərinə daşınması anlamına gəlmir; dəhliz həm də iqtisadi təhlükəsizlik, ticarət marşrutlarının şaxələndirilməsi, təchizat zəncirlərinin dayanıqlığı və dövlətlərin geoiqtisadi önəminin artması deməkdir. Azərbaycanın Gündoğarla Günbatar, Quzeylə Güney arasında bağlantı imkanları bu anlamda ölkəmizin strateji kapitalıdır.
Ancaq coğrafi üstünlük öz-özlüyündə uğur təmin etmir. Onu gerçək siyasi və iqtisadi nəticəyə çevirmək üçün infrastruktur, çevik idarəetmə, güvənli tərəfdaşlıq və davamlı yatırım mühiti gərəkdir. Azərbaycan bax, bu yöndə atdığı addımlarla öz coğrafiyasını iqtisadi üstünlüyə, iqtisadi üstünlüyünü isə diplomatik təsir imkanlarına çevirməyə çalışır.
Strateji tərəfdaşlığın müdafiə və təhlükəsizlik komponenti də yeni dönəmin gerçəklikləri baxımından xüsusi önəm kəsb edir. Çağdaş təhlükəsizlik anlayışı yalnız hərbi güclə məhdudlaşmır. – Sınırların etibarlı idarə olunması, institusional dayanıqlıq, hüquq-mühafizə əməkdaşlığı, texnoloji hazırlıq və müdafiə sənayesinin inkişafı dövlətin ümumi təhlükəsizlik sisteminin tərkib hissələridir.
Azərbaycan üçün bu məsələlərin mənəvi-siyasi ölçüsü də var. –
Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə çağdaş tarixinin ən önəmli ümummilli hədəflərindən birinə yetib. Qalib Azərbaycan anlayışı məhz bu tarixi uğurun ifadəsidir; lakin qələbənin dövlətçilik baxımından davamı da olmalıdır. – Söhbət, əldə edilmiş nəticələrin dayanıqlı sülhə, təhlükəsizliyə, iqtisadi tərəqqiyə və beynəlxalq mövqelərin möhkəmlənməsinə çevrilməsindən gedir.
Qələbə tarixi nəticədir, onun yaratdığı imkanları gələcəyin rifahına çevirmək isə strateji məsuliyyətdir.
Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması yönündə irəli sürdüyü sülh gündəliyi də bu məntiqə söykənir. 2025-ci ilin 8 avqust Vaşinqton Sülh Zirvəsinin nəticələrinə yeni strateji tərəfdaşlıq sənədində verilən önəm göstərir ki, Güney Qafqazda davamlı sülh perspektivi artıq daha geniş beynəlxalq işbirliyi gündəliyinin mühüm mövzularındandır.
Əlbəttə, sülh yalnız siyasi açıqlamalarla təmin edilmir. Onun güvənli hüquqi əsasları, qarşılıqlı öhdəlikləri və praktik iqtisadi nəticələri olmalıdır. Azərbaycan üçün əsas prinsip dəyişməzdir – dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sınırlarına sayğı! – Bu prinsiplərin Böyük Britaniya ilə strateji tərəfdaşlıq sənədində də təsbit edilməsi xüsusi önəm daşıyır.
Bununla yanaşı, çağdaş diplomatiyanın uğuru təkcə təhlükəsizlik və iqtisadiyyatla ölçülmür. – Təhsil, elm, süni intellekt, rəqəmsal idarəetmə, mədəniyyət və insanlararası əlaqələr də dövlətlərin gələcək rəqabət qabiliyyətini müəyyənləşdirir.
Azərbaycanın zəngin mədəni irsi, multikultural birgəyaşayış təcrübəsi və Gündoğarla Günbatar arasında formalaşmış tarixi ünsiyyət gələnəkləri bu sahədə mühüm mənəvi üstünlükdür. Mədəniyyət həm də beynəlxalq güvən yaradan, xalqları yaxınlaşdıran və dövlətin dünyadakı tanınma imkanlarını genişləndirən canlı qüvvədir.
Bu baxımdan mədəni diplomatiya ilə iqtisadi diplomatiyanın, elmi əməkdaşlıqla siyasi tərəfdaşlığın bir-birini tamamlaması Azərbaycanın beynəlxalq mövqelərinə əlavə məzmun qazandıra bilər. Böyük mədəniyyətin daşıyıcısı olan dövlət özünü yalnız siyasi açıqlamalarından daha çox, intellektual potensialı, yaradıcı enerjisi və bəşəri dəyərlərə töhfəsi ilə də tanıtmalıdır.
Burada gələcəyə yönəlmiş başqa bir vacib vəzifə ortaya çıxır: beynəlxalq tərəfdaşlıq sənədlərində müəyyənləşdirilən imkanların ölkə içində gerçək nəticələrə çevrilməsi.
Yeni yatırımlar, yüksək texnologiyalar, rəqabətqabiliyyətli istehsal, ixtisaslı insan kapitalı və bölgələrin iqtisadi fəallığının artırılması strateji işbirliyinin cəmiyyət tərəfindən duyulan nəticələri olmalıdır. Böyük diplomatik uğurun dəyəri onun vətəndaşın həyat keyfiyyətinə, gənclərin inkişaf imkanlarına və milli iqtisadiyyatın dayanıqlığına verdiyi töhfə ilə də ölçülür.
Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də məhz budur: siyasi müstəqilliyi iqtisadi dayanıqlıqla, hərbi təhlükəsizliyi texnoloji inkişafla, milli kimliyi qlobal rəqabət qabiliyyəti ilə daha sıx əlaqələndirmək.
Bütün bunların fonunda Azərbaycan–Böyük Britaniya strateji tərəfdaşlığının yeni mərhələsi daha geniş mənzərənin tərkib hissəsi kimi görünür. Azərbaycan bir tərəfdən Türk dünyası ilə (ailəmizlə!) inteqrasiya imkanlarını genişləndirir, digər tərəfdən Avropa, Asiya və digər beynəlxalq tərəfdaşlarla çoxşaxəli münasibətlərini inkişaf etdirir. Bu istiqamətlər bir-biri ilə düzgün uzlaşdırıldıqda Azərbaycanın müstəqil xarici siyasət imkanlarını artıran tamamlayıcı xətlərdir.
Dünyanın yeni siyasi və iqtisadi arxitekturunda Azərbaycan üçün ən mühüm məsələ hansısa güc mərkəzinin kölgəsində görünmək deyil, əlbəttə – əsas məsələ öz milli çıxarları və imkanları ilə seçilən müstəqil aktor kimi çıxış etməkdir.
Böyük dövlətlərlə tərəfdaşlıq da bax, bu anlamda dəyərlidir: tərəflərin imkanları fərqli ola bilər, lakin münasibətlərin əsasında qarşılıqlı sayğı, hüquq bərabərliyi və ortaq çıxarlar dayanmalıdır.
Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində özünün qalib dövlət təcrübəsi, müstəqil siyasi iradəsi, zəngin mədəniyyəti və artan geoiqtisadi imkanları ilə çıxış edir. Qarşıdakı illərdə əsas hədəf bu üstünlükləri daha da möhkəmləndirmək, dəyişən beynəlxalq ortamın risklərini düzgün hesablamaq və yeni imkanlardan milli inkişaf adına istifadə etməkdir.
Çağdaş dünyada güclü dövlət həm də gələcəyini planlaşdıran, tərəfdaşlarını düzgün seçən, rəqabətin risklərini idarə edən və beynəlxalq proseslərdə öz sözünü deyə bilən dövlətdir.
Azərbaycanın strateji imzası da məhz burada görünür – böyük güclərin müəyyənləşdirdiyi gündəliyin sadəcə iştirakçısı olmaqdan daha üstün – öz milli iradəsi, təşəbbüsləri və tərəfdaşlıqları ilə gələcəyin gündəliyinin formalaşmasına töhfə vermək.
Tarixi Zəfərin verdiyi qüruru davamlı inkişafın gücünə, milli suverenliyin təmin etdiyi imkanları beynəlxalq nüfuza, zəngin mədəni irsi isə gələcəyin yaradıcı potensialına çevirmək. – Qalib Azərbaycanın qarşısında açılan yeni üfüq bax, budur!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
Subyekt.az