
Gözəllik və həqiqət şairi
Hanı Molla Pənah, bivəfa cahan,
Təxəllüsü Vaqif, nəzmi dürr-əfşan,
İndi eyləmisən xak ilə yeksan,
Tapmaq olmaz kamalda can hanı?
(Aşıq Valeh)
Böyük şairimiz Molla Pənah Vaqifi mən lap uşaq çağlarımdan sevirəm. Kənd toylarında, məclislərdə çıxış edən aşıqlar tez-tez onun adını çəkir, onun qoşmalarını oxuyurlar. Biz onların oxuduqları sadə Vaqif misralarını çox asanlıqla əzbərləyirik…Vaqif kimdir? Bu sual ilk baxışda bəzilərinə qəribə görünə bilər. “Necə yəni Vaqif kimdir?” Vaqif şairdir. Hətta əlavə edib deyə bilərlər ki, böyük şairdir, dahi şairdir. Bunu mən də bilirəm, ancaq yenə də soruşuram: Vaqif kimdir? Böyüklük, dahilik Vaqifi heç də başqa böyük, dahi şairlərdən fərqləndirmir.
Vaqif əfsanəyə dönmüş, babaların hikmətinə, nənələrin nağıllarına, anaların laylasına, cavanların məhəbbətinə qayıtmış bir şairdir. Mən Molla Pənah sözünü eşidəndə heç Vaqifi tanımırdım. Uşaqlı-böyüklü hamı “Hər oxuyan Molla Pənah olmaz” deyirdi. Molla Pənah Vaqif əsl xalq şairi olmuşdur. Xalq şairi isə xalqın ən sədaqətli oğlu olmaq deməkdir. Vaqif xalqın ruhunu, dilini, arzu və istəyini, zövqünü, gözəlliyini dərindən-dərinə öyrəndikdən sonra hər şairin girişə bilmədiyi Şərq poeziyası göylərinə Azərbaycan şeiri bayrağını ucadan-uca qaldırmış, bununla da ədəbiyyatımızda realizm yolunu açmış bir şairdir. Onun ürəyi ilə xalqın ürəyi bir vurmuşdur demək azdır, çünki Vaqifin ürəyi bu gün də vurur. Onun ürəyi şeirlərindədir. Bu şeirlər ölməzdir.
Vaqifin saz çalıb çalmamağından xəbərsizəm. Ancaq cəsarətlə onu deyə bilərəm ki, Vaqif bəstəkar olmuşdur. Bu cəsarəti mənə onun şeirləri vermişdir. Vaqif qoşmalarını oxuyarkən görürük ki, o, sadəcə olaraq şeir yazmamış, Azərbaycan sözlərinin musiqisini kəşf etmişdir. Vaqif Azərbaycan sözlərini nota düzmüşdür. Onun hər qoşması, hər müxəmməsi, hər qəzəli bir mahnıdır. Vaqif şeirlərini oxuyarkən inana bilmirsən ki, bu o qədər insan təsvirini bir adam verə bilsin. Bu şeirləri sanki bütün xalq yazıb-yaratmışdır. Bəli, bütün xalqın estetik zövqünün ifaçısı olmuşdur. Ona görə də Vaqifin şeirləri sənə doğmadır.Vaqif şeirlərinin kimliyi bununla tamamlanmır. Vaqif tükənməz xəzinədir. Bu xəzinənin hər birinin içərisinə Azərbaycan xalqının adı yazılmışdır. Ona görə də Vaqifin inciləri yer üzərindəki bütün söz incilərindən öz Vaqifliyi ilə seçilir.
Vaqif dili mənalı və çox anlaşıqlıdır. Onun sözü, ifadə və cümlələri sadə olduğu qədər təbii və şirindir. Dildə təbiilik və şirinlik isə xəlqiliyin mühüm şərtidir. Böyük istedadımız Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatının iftixarlarındandır. Onun şeirləri təkraredilməzdir. M.P.Vaqif bədii irsi dərin xəzinədir. Lakin, bu xəzinədə hələ üzə çıxarılmamış incilər çoxdur. Vaqif şeirləri hər kəsi məftun edir.Vaqifin vəsv etdiyi məhəbbətdə üç mühüm cəhət-gözəllik-vəfa-ağıl birləşir və bir-birini tamamlayır.
Həyat və yaradıcılığı haqqında
Molla Pənah Vaqif 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı kəndində anadan olmuşdur. Atası Mehdi ağa nüfuzlu adam idi. Müəllimlərindən biri də Şəfi əfəndi olmuşdur.
Adı Pənah, təxəllüsü Vaqifdir. Hörmətli şəxs olduğu üçün Molla adlandırılmışdır. Mollaxana təhsilini bitirdikdən sonra Vaqif həm müəllimlik etmiş, həm də aşıq şeiri üslubunda «Vaqif» təxəllüsü ilə şeirlər yazmışdır.
XVIII əsr Gürcüstan sərhəddindəki münaqişələr bir sıra ailələr kimi, onun da ailəsinin oradan köçməsini zəruri edir. Onlar əvvəl Gəncəyə, sonra Qarabağa, oradan da xanlığın mərkəzi olan Şuşa şəhərinə köçürlər. İbrahim xan Vaqifi saraya dəvət edir, onu əvvəl eşikağası, sonra isə baş vəzir təyin edir. Vaqif saraya düşdükdən sonra birinci vəzir olduqdan sonra xanlığın xarici siyasətinə rəhbərlik edib. O vaxt Azərbaycanda vəziyyət çox gərgin və mürəkkəb idi. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra, bəlkə hələ bir az da əvvəl Azərbaycanda müstəqil xanlıqlar yaranmışdı. Az bir müddət ərzində Şəki, Qarabağ, Gəncə, Quba kimi Azərbaycan xanlıqları beynəlxalq miqyasda tanınmağa başlayırlar.
Vaqif Vidadi, Hüseyn xan Müştaq, Ağqız oğlu Piri kimi şairlərlə dostluq etmişdir. Onun ən yaxın dostu isə heç şübhəsiz, həmyerlisi və bəzi mənbələrə əsasən, uzaq qohumu Vidadi olub. Vaqif öz qızlarını Vidadinin oğlanlarına ərə vermişdir. Onların müşairəsi (şerləşməsi) hər iki şairin yaradıcılığında mühüm yer tutur. Vaqifin Molla Vidadi ilə məşhur «Ağlarsan» adlı deyişməsi var. Vaqif nikbin, Vidadi isə bədbin insan idi.
Gürcüstan və Rusiya ilə Qarabağ xanlığının siyasi münasibətinin yaxşılaşdırmaq məqsədi ilə Tiflisə səfərə getmişdir. İranın siyasi, hərbi təzyiqlərinə qarşı fəal müqavimət göstərmişdir.
1795-ci ildə Ağa Məhəmməd şah Qacarın İbrahim xana göndərdiyi «Fələyin mancanağından fitnə daşları yağır, sən isə əbləhcəsinə şüşə içərisində oturmusan»- məktubuna Vaqif belə cavab yazır: «Əgər məni qoruyan mənim tanrımdırsa, şüşəni daş içərisində də salamat saxlar».
Qacar bundan qəzəblənib Şuşaya hücum edir, qalanı 33 gün mühasirədə saxlayır. Amma ala bilmir. Qacar 1797-ci ildə Qarabağ xanlığını cəzalandırmaq üçün yenidən Qarabağa hücum edir. İbrahim xan Balakənə qaynının yanına qaçır, Vaqif isə Şuşada qalır. Şair həbs edilərək zindana salınır. Lakin Qacar öldürülür, İran qoşunu geri çəkilir. Vaqif həbsdən azad edilir. Məhəmməd bəy Cavanşir hakimiyyəti ələ alır.
1797-ci ildə Vaqifi oğlu Əli bəylə birlikdə edam etdirir. Vaqifin evi talanır, əlyazmaları itir.
Bir zaman havada qanad saxlayın,
özüm vardır mənim sizə, durnalar!
Qatarlaşıb nə diyardan gəlirsiz?
Bir xəbər versəniz, bizə, durnalar!
Gözəl şeir oz təravətini heç bir zaman itirmir. Əsrlər keçir, nəsillər bir-birini əvəz edir, əsl sənət əsəri olan şeirlər həmişə dodaqlarda səslənir, ürəklərə təsir edir, dillərdə əzbər olaraq yaşayır. Belə şeirlərin tərif və təbliğə ehtiyacı yoxdur. Onlar çap olunmasalar da, öz ömürlərini ecazkar bir qüdrətlə uzaqlaşdırırlar. Əsrlərin imtahanlarından çıxıb unudulmayan belə əsərlər klassik irsimizin ən gözəl nümunələridir. Molla Pənah Vaqif də öz təravətini əsrlərcə yaşadan klassik şeirimizin ölməz nümunələrini yaratmış sənətkarlardan biridir. Vaqif yüksək zövq, incə hisslər, dərin və nikbin duyğular şairidir. Onun yaradıcılığında məhəbbət lirikası əsas yer tutur. Onun qələmə aldığı gözəllər bütün xarici məlahəti və daxili zənginliyi ilə təsvir edilib. Vaqifin şeir dili ilə Vətənin-Azərbaycanın təbiəti, xalq məişəti və adətlərinin real mənzərəsi, azəri gözəllərinin təbii-mənəvi aləmi tam milli xüsusiyyətləri, zəngin koloriti ilə təsvir olunmuşdur. Vaqif lirik şairdir. Məzmunca zəngin, formaca rəngarəng yaradıcılığa malik olan şairin lirikası iki xətt üzrə inkişaf etmişdir. O, həm də klassik şeir üslubunda (qəzəl, müstəzad, müxəmməs,və s.) şeirlər yazmışdır. Vaqif qoşmalarının mühüm hissəsini gözəlliyin təsvirinə həsr etmişdir. Bu əsərlərdə təsvir olunan “sərv qədli”, “mina boylu”, “zülfi ənbər” gözəllər, eyni zamanda yerişi, gözəl duruşu, gözəl rəftar və danışığı ilə də şairin ruhunu oxşayan real insanlardır.
Oturuşun gözəl, duruşun gözəl,
Sallanışın gözəl, yerişin gözəl,
Xoyun, xülqün gözəl, hər işin gözəl,
Bəxş olub bu xubluq xudadan sənə.
Xarici gözəlliyin təsviri şairin şeirlərində əsas yer tutur. İnsan gözəlliyindən bəhs edən Vaqif sadə, həyati təşbihlər vasitəsilə təsvir etdiyi gözəli oxucunun gözü qarşısında məharətlə canlandıra bilir. Vaqifin gözəlin portretini yaratmasını şairin şeirində belə müşahidə edirik.
Zülflərin sünbüldür, yanağın lalə
Baxışı tən edir vəhşi qəzalə,
Gözləri məstanə, ağzı piyalə
Gərdəni minadır mənim sevdiyim.
Vaqif gözəllikdən danışarkən təkcə zahiri keyfiyyətlərlə kifayətlənmir. Şair gözəlliyin əsl mənasını forma ilə məzmun vəhdətində, birliyində axtarır. Insanın hüsnü, zahiri görkəmi ilə yanaşı əxlaqi, rəftarı, kamalı da gözəl olmalıdır. Şair qadınları mənəvi cəhətdən gözəl, həyalı, abırlı, incə zövqə malik insanlar kimi görmək istəyir. Vaqifin yaradıcılığında vəfa, namus, etibar, sədaqət, səmimiyyət kimi mənəvi keyfiyyətlər gözəlliyin əsası, tərkib hissəsidir. Onun görmək istədiyi gözəlin ən azı aşağıdakı əqli, mənəvi xüsusiyyətləri olmalıdır:
Öyünməsin kimsə, gözələm deyib,
Ayrı təhər olur, halı gözəlin
Günəş üzlü, şirin gözlü, xoşqılıq
Ləblərindən axır balı gözəlin.
Yanağı gül, zülfü yasəmən gərək,
Dişləri inci, sinəsi gen gərək,
Haldan xəbər verən, dərdbilən gərək,
Heç olmaya məkrü alı gözəlin.
Vaqifin dili olduqca sadə, ahəngdardır. Şeir dilimizin saflığı onun adı ilə möhkəm bağlıdır. Vaqifi çoban da, alim də, qoca da, cavan da yaxşı başa düşür. Bahar səhərlərində günəşin gün işığı nə qədər yaxıcı və parlaqsa,Vaqifin dili də bir o qədər hərarətli, sadə və aydındır.Vaqif sadəliyinin primitilivliklə heç bir əlaqəsi yoxdur. Əksinə, bu sadəlik məna dolğunluğunu, fikirləri təbii, bədii təsir qüvvəsinə malik bir şəkildə əks etdirir.
M.P.Vaqifi böyükdən-kiçiyə hamı sevir, oxuyur. Hər kəs onun əsərlərində təbiəti və təbiət gözəlliklərini bir daha sevir. Məktəblərdə yuxarı sinif şagirdləri ilə bərabər, kiçik yaşlı şagirdlər də onun əsərlərini oxuyur.
Xalq üçün yaradan böyük sənətkarlar heç vaxt ölmürlər. Xalq onların haqqında müxtəlif rəvayətlər, əfsanələr düzəldir, onları mahnılarda, dastanlarda yaşadır. Belə sənətkarlardan biri də böyük şairimiz Molla Pənah Vaqifdir. Vaqif haqqında rəvayətlərdə Vaqif şair olmaqdan başqa böyük bir alim, Dədə Qorqud müdrikliyinə malik bir el ağsaqqalı kimi canlandırılır. Bu materiallar içərisində şairin həyatının nağılvari tarixçəsi olan “Vaqifin nağılları” xüsusilə diqqəti cəlb edir. Nağıl 1930-cu illərdə Aşıq Hüseyn Seyfəlinin dilindən yazıya alınmışdır. Aşıq hadisələri çox sadə şəkildə, yerli şivəyə, ifadələrə uyğun olaraq söyləmişdir. 33 səhifəlik bu kiçik nağılda istifadə olunan qoşmalar Vaqifin əlyazmalarında və çap edilmiş kitablarında olan qoşmalardan fərqlidir. Bunlarda misralar, sözlər, necə deyərlər, el variantında söylənmişdir. Məsələn, şairin Qarabağa gəlməsi belə təsvir olunur.
Bir tubu boylunun, səlbi cananın
Gərək qulluğuna yetəsən dürüst.
Tər hənalı əlin, nazik barmağın
Yetişcək dəstindən tutasan dürüst.
Klassik söz sənətkarlarımızın əsərləri kimi özlərinin də surəti fırça ustalarımız üçün həmişə ilham mənbəyi olmuşdur. Xalqımızın ölməz şairi Molla PənahVaqifin obrazı gördüyünüz bu cür çalarla yaradılmışdır. Xalq rəssamı M. Abdullayevə görə Vaqif öz boyaları ilə birgə gözəllik, nəciblik duyğuları ilə yaşayan şair, həmçinin xalqın milli qürurunu özündə yaşadan siyasi dövlət xadimidir. Azərbaycanın xalq rəssamı T.Tağıyev isə ölməz Vaqifi elimizin-obamızın təbii şairi və hardasa öz gözəllik duyğularında üzünün cizgiləri, boyaları da avazıyıb aydınlaşan sadə təbiətli bir gənc kimi görmüşdür. Respublikanın əməkdar incəsət xadimi S.Şərifzadəyə görə Vaqif məğrurdu, əyilməzdi; bütün bunlarla bərabər, öz daxili aləmindən də ayrıla bilməyən vətəndaş bir şairdir. Əməkdar incəsənət xadimi Nəcəfquluzadə isə Vaqifi ucsuz-bucaqsız vətən torpağından ilham alan, onun gözəlliyi ilə yaşayan böyük sənətkar kimi təsvir eləyir. Bu da maraqlıdır ki, fırça ustalarımız həmişə şairi gənc, nəciblik, incəlik və gözəllik duyğuları ilə yaşayan sənətkar kimi təsvir etmişlər. Bu, heç şübhəsiz ki, şairin özünün əsərlərindəki gənclik, kövrək duyğularından irəli gəlmişdir. 300 illik uzun bir ömür yaşayan Molla Pənah Vaqif söz yox ki, min illər keçdikdən sonra da beləcə duyulacaqdır.
Vaqif poeziyasına professional bəstəkarlarımız müraciət etməzdən əvvəl, onun qəzəl və qoşmaları muğamlarımızın, təsniflərimizin, xalq mahnılarımızın mətni kimi könülləri oxşamışdır. Bu ənənənə indi də davam etdirilməkdədir. Vaqif şeiriyyətinə dərindən vaqif olan böyük müğənnimiz Bülbülün şairin sözləri ilə oxuduğu bir sıra xalq mahnılarımız ona bəslənilən ümumxalq məhəbbətinin təzahürüdür. Şairin lirik şeirlərinin ruhunu Fikrət Əmirov orkestr üçün bəstələdiyi ecazkar “Vaqifi” pyesində olduqca gözəl ifadə edə bilmişdir.
Cahangir Cahangirovun “Durnalar”, Əşrəf Abbasovun “Heyran olmuşam”, Qənbər Hüseynlinin “Sonalar kimi”, Ramiz Mustafayevin “Vaqif” operasından “Vaqifin ariyası” kimi bəstələdiyi “Görmədim” və başqa müəlliflərin vokal əsərləri bəstəkarlıq yaradıcılığının ilhamlı bəhrələridir.
(Rəşid Behbudovun ifasında“Heyran olmuşam” mahnı-romansı səslənir )
“Heyran olmuşam” mahnı-romansı Azərbaycan vokal ədəbiyyatında Vaqifin şeirlərinə mahnı-romans formasında bəstələnmiş ilk nümunə idi. Rəşid Behbudovun ifasında həmin mahnı-romans Vaqif şeriyyətinin bütün gözəlliyini dolğunluğu ilə çatdırırdı. “Heyran olmuşam” mahnı-romansı səslənən kimi geniş yayıldı və həmişə eyni rəğbətlə qarşılandı. Bu mahnı-romans bütövlükdə Vaqif yaradıcılığına heyranlığımızın ifadəsidir.
Azərbaycan milli mədəniyyətini min bir ulduzlu göyə bənzətmək olar. Bu sönməz ulduzların arasında ən gur işıq saçanların, öz şəkli, öz adı və öz səmti olanlardan biri də Vaqifdir. Vaqif bizə xalqın ürəyindən axıb gəlmişdir. Onun həmişəcavan poeziyası şeir aşiqlərinin qəlbində, dilində üç əsr ömr sürüb, damcı-damcı bir yerə toplanıb və bugün bizim gördüyümüz ümmanı yaradıbdır.
M.P.Vaqif hərcəhətli fəaliyyəti ilə xalqın həyat tərzində, məişətində, adət və ənənəsində yenilik, gözəllik axtarırdı.O, həyatın irəli sürdüyü bir sıra mütərəqqi məsələləri,-qadın azadlığı, başqa xalqlarla dostluq əlaqəsi yaratmaq, maarifləndirmək, dünyəvi elmlərə yiyələnmək, məişətdə yüksək əxlaqi ənənələri qiymətləndirmək kimi məsələləri çalışırdı ki, zəhmətkeşlərin xeyrinə həsr etsin. Şair xalqın ehtiyaclarına, qüssəsinə və kədərinə bələd idi, onun dərdinə ürəkdən yanırdı. Bu dövrun məhsulu оlan əsərlərində şairin maddi və mənəvi sıxıntıları da öz əksini tapmışdır. Bu cəhətdən “Bayram оldu” qоşmasını misal gostərmək оlar.
(Səhnəyə oxucu gəlir və “Bayram oldu” qoşmasını söyləyir)
Məlumdur ki, Vaqif dövrundə Azərbaycan bir sıra xanlıqlara ayrılırdı. Vaqif bacarıqlı bir dovlət xadimi kimi bu parcalanmanın olkənin mədəni-iqtisadi inkişafına ciddi manеə оlduğunu anlayır və var qüvvəsi ilə xanlıqları birləşdirməyə can atırdı. Lakin bu mumkun оlmadığı şəraitdə olkənin təhlukəsizliyini təmin еtmək ucun şair Rusiya ilə оlan əlaqələri daha da möhkəmlətməyə başlayır. Bu zaman Irandan Ağa Məhəmməd şah Qacar tərəfindən gözlənilən təhlukəni hiss еdən Vaqif olkəni mudafiəyə hazırlaşır, bu məqsədlə qоnşu dovlətlərlə ittifaq bağlayır, Rusiya ilə siyasi əlaqələri mohkəmləndirirdi. Məhz Vaqifin bеlə bir siyasi fəaliyyəti nəticəsi оlaraq Qarabağ xanlığı Şuşa qalasını Qacarın hücumundan mudafiə еdib qоruya bilir. Lakin Qarabağ xanlığı Qacarın ikinci hücumunu dəf еtməyə muvəffəq оla bilmir. Buna həm Rusiya оrdularının uzaqlaşması, həm də olkədə baş vеrən fəlakət imkan vеrmir. 1797-ci ildə Şuşa qalasını işğal еdən Qacar Vaqifi də zindana saldırır. Lakin Vaqif, Qacarın öldürulməsi ilə əlaqədar оlaraq həbsdən qurtarır. Bu munasibətlə yazılan “Еy Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax” misrası ilə başlayan qəzəlində şair həmin məsələyə tоxunmuşdur.
(Səhnədə digər oxucu “Еy Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax” qoşmasını söyləyir)
Şifahi xalq şеirindən gələn və Vaqifin yaradıcılığında yuksək bir zirvəyə qalxan həyatsеvərlik XVIII əsr Azərbaycan pоеziyasının ən büyük nailiyyəti və üstünlüyüdür. Vaqif şеir dilimizi ərəb, fars tərkiblərindən, muəmmalı ifadələrindən təmizləyərək canlı xalq dilinin оbrazlı ifadələrindən istifadə еtmək yоlu ilə sadələşdirmiş və zənginləşdirmişdir. Vaqifin pоеziya dilimizə gətirdiyi yеniliklər bu gunə qədər rеalist şеrimizin inkişafı ucun əsas bir zəmin оlmuşdur.
Məhz buna gorə də Vaqif şеrinin rеalist istiqamətini gorən M.F.Axundоv Vaqif pоеziyasındakı rеalizmə оlan bеlə mеyli yuksək qiymətləndirmişdir.
Vaqif özundən sоnra gələn şеrimizin inkişafına qüvvətli təsir gostərmişdir. Şairin əldə оlan şеir inciləri də оnun zəngin yaradıcılığı haqqında gеniş danışmaq ucun imkan vеrir. Vaqif şеirinin büyük həyati qüvvəsini hiss еdib ədəbiyyatımızın inkişafına gostərdiyi qüvvətli təsiri yuksək qiymətləndirən Firudin bəy Kocərli həsrətlə yazırdı: “Hərgah Vaqif və Vidadi kimi məşhur şairlər özgə millətlər arasında zuhur еtmiş оlsaydılar, bişubhə indiyə kimi оnların asar və əşari dəfəat ilə capdan cıxıb əbnayi-millət icərisində yayılmışdı. Оnların qəbri ustundə nişangah qоyulmuşdu və vəfatlarının əlli və yuz sənəlik yubilеyi daha artıq cəlal və təntənə ilə yad оlunmuşdu”.
Vaqif ölkənin ən ağır günlərində xalqdan ayrılmamış, şeirləri və ağıllı mülahizələri ilə xalqda ruh yüksəkliyi oyatmağa çalışmış, yaşamaq eşqi, həyata bağlılıq tərənnüm etmişdir. “Bax”, “Görmədim” və sair kimi ictimai mənalı şeirləri buna misaldır.
Mən cahan mulkundə, mutləq, dоğru halət görmədim,
Hər nə gördüm, əyri gördüm, ozgə babət görmədim
Aşinalar ixtilatında sədaqət görmədim,
Biətu iqraru imanu dəyanət görmədim,
Bivəfadan lacərəm təhsili-hacət görmədim.
Vaqif həm dünənin, həm bu günün, həm də sabahın, irəlidə, hələ bizdən sonra gələcək çox-çox əsrlərin şairidir. O, həm bizim ölməz sələfimiz, ən əsası isə həqiqi xalq şairimizdir. Doğma torpağı ucaldan Vaqifin adı əsrlər boyu yaşayacaqdır. Vaqif XVIII əsrdə yazıb yaratmışdır, demək azdır. Çünki Vaqif dedikdə, biz ilk növbədə realizm, xəlqilik haqqında düşünürük.Vaqif gözlərimizdə bir inqilabçı-yenilikçi şair kimi öz doğma torpağına, öz elinə-obasına son dərəcə bağlı bir ustad sənətkar kimi canlanır.
Şeirimizə ana dilinin şirinliyini, cazibə və gözəlliyini ustalıqla gətirən M.P.Vaqif bu sahədə öz missiyasını ləyaqətlə yerinə yetirən şairlərin öncüllərindən oldu. XVIII əsrə qədər şeirimizdə olan ərəb və fars tərkibli sözlərin, demək olar ki, xeyli hissəsi Vaqifin könül rübabına yaxın düşə bilmədi. Bəlkə də elə bu səbəbdən Vaqifin ölümündən çox sonra onun şeirlərini xalq arasından toplayıb çap etmək mümkün oldu. Vaqif özündən sonra yaranan şeirimizə dərin təsir etmişdir. Ulu öndərin təşəbbüsü ilə ilə 1982-ci ilin qışında mədəniyyət beşiyimiz olan Şuşanın Cıdır düzündə unudulmaz şairimizin məqbərəsinin açılışı oldu.
Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il tarixli sərəncamına uyğun olaraq M.P.Vaqifin əsərləri latın qrafikasında çap olunaraq bütün kitabxanalara verildi.
(Ekranda Şuşanın görüntüləri verilir. Vaqifin məqbərəsi, ev muzeyi canlanır)
Dağların qoynunda, buludların arasında, yüksəkdə, Vaqif xatirəli bir şəhər var. Şairlər oylağı. Şuşa şəhəri.
Bu gün bir nisgil də ovqatımıza qəm notları qatır ki,Vaqifin böyük məhəbbətlə sevdiyi Şuşa erməni daşnaklarının işğalı altında inildəməkdədir. Cıdır düzündəki yaralı məqbərəsi illərdir öz doğma ziyarətçilərinə həsrət qalıbdır. Amma inanırıq ki,Vaqifin dediyi kimi, bu əhli-zülmlərin söndüyü gün mütləq olacaq. Yağı düşmən M.P.Vaqifin dili ilə desək, Ağa Məhəmməd Şah Qacarın taleyindən ibrət götürəcək. Qoy könlümüzdən qopub gələn Xan Şuşinskinin havalandırdığı “Qarabağ şikəstəsi” istedadlı gənc müğənni Anar Hüseynin ifasında şairin sözlərinə yazılmış “Durnalar”ın qanadları altında Şuşamıza pərvazlansın.
Aynur Turan
Subyekt.az