
Klassik sənətkarların bədii irsinin qorunub saxlanmasında təzkirə müəlliflərinin böyük rolu və zəhməti olmuşdur. Orta əsrlərdə Məhəmməd Ovfi, Dövlət şah Səmərqəndi, Əmir Əhməd Razi, Lütvəli bəy Azər, Sam Mirzə sonrakı dövrlərdə Rzaqulu xan Hidayət, Hüseyn əfəndi Qayıbov, Seyid Əzim Şirvani, Məhəmmədağa Müctəhidzadə, Məhəmmədəli Tərbiyyət və başqaları ağır zəhmətə qatlaşaraq, sələflərinin və müasirlərinin əsərlərini toplayıb, özlərindən sonrakı nəsillərə çatdırmışlar.
Bu işi XIX əsrin sonlarında uğurla davam etdirən görkəmli ziyalılardan biri də Mir Möhsün Nəvvabdır. Azərbaycan mədəniyyəti tarixində görkəmli şair, xəttat, rəssam, musiqişünas, pedaqoq, nacim kimi məşhur olan bu ensiklopedik zəka sahibi həm də böyük filoloq-söz sərrafı olmuşdur. XIX əsrin 70-ci illərində Şuşada fəaliyyətə başlayan “Məclisi-Fərəmuşan “ ədəbi məclisinə başçılıq edən Nəvvab eyni zamanda Qarabağ şairlərinin əsərlərini toplayaraq, sanballı bir kitab-təzkirə düzəltmişdir.
Mir Möhsün Nəvvabı ilk olaraq musiqişünas, Azərbaycan dilində yazılmış “Vüzuhül-ərqam” (“Rəqəmlərin izahı”) risaləsinin müəllifi kimi tanıyırlar. Ən yaxşı klassik ənənələr ruhunda qələmə alınmış həmin əsər Şərqdə bu qəbildən yaradılmış son risalələrdən biridir. Azərbaycanda isə, Nəvvab sonuncu kimyagərlərdən, münəccimlərdən və köhnə məktəbə mənsub rəssamlardandır.
Onun yaratdığı qiymətli ədəbi miras ədəbiyyatımızın əmlakı, Nəvvabın şöhrəti isə xalqımızın qürurudur. Nəvvab kimi şəxsiyyətin həyatını, yaradıcılığını cümlələrə sığdırmaq olduqca çətindir. Xəmiri gərgin gündəlik işlə yoğrulan, fövqəl biliyə malik olan Nəvvab yaradıcılığı qərinələrə sığmayacaq.
Mir Möhsün Hacı Mirəhməd oğlu Nəvvab 1833-cü ildə Şuşada anadan olmuşdur. O, H.S.Əhmədin ailəsində doğulmuş və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır. İlk təhsilini ruhani məktəbində alan Nəvvab ərəb, fars, türk dillərini mükəmməl mənimsəmiş, sonra isə A.Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına yiyələnmişdir. Nəvvab öz dövrünün qabaqcıl elm və ədəbi-bədii yaradıcılığın müxtəlif sahələrində geniş fəaliyyət göstərən ziyalılarından olmaqla, həm rəssam və xəttat, nəqqaş, həm də şair, astronom, ədəbiyyatşünas, dövrünün maarifçisi, alimi, tarixçi və sənətkarı, musiqişünas azərbaycanlı alimi olmuşdur.
XIX əsrin ortalarında Azərbaycanın hər yerində kapitalist münasibətləri cücərən və yeni təfəkkür yaranan bir zamanda orta əsrlərə məxsus elmi biliklər sisteminə sahib ensiklopediyaçı alim Nəvvab bu şəhərdə yaşayıb-yaradır. Görkəmli musiqiçi, şair, rəssam, xəttat, münəccim, kimyaçı və riyaziyyatçı olan Mir Möhsünü əsərlərinin məzmunu, səviyyəsi və həcmi etibarilə həqiqətən də orta əsrlərin sonuncu ensiklopedist alimləri dəstəsindən hesab etmək mümkündür. Hərçənd ki, o, Şuşanın ictimai həyatında həmişə qabaqcıl, o dövr üçün mütərəqqi mövqelərdə durmuşdur.
Mir Möhsünün əsərləri içərisində “Təzkireyi-Nəvvab” toplusu daha artıq maraq doğurur. Burada XIX orta əsrlərdə Qarabağdan çıxmış 100-dən artıq şairin həyatı və yaradıcılığı haqqında məlumatlar toplanmışdır. Təzkirə 1913-cü ildə Bakıda kitab şəklində nəşr olunmuşdur.
Nəvvab riyaziyyat, kimya və astronomiya ilə maraqlanırdı. O öz evində iki teleskop qoyaraq, kiçik bir rəsədxana və kimya laboratoriyası yaratmışdı. 1899-cu ildə dərslik kimi qələmə aldığı “Kifayətül-ətfal” kitabında o, göy cisimlərinin yerləşməsi və günəş tutulmaları haqda cədvəllər tərtib etmişdir. Alim kimya laboratoriyasında şagirdləri ilə sınaqlar keçirir və orta əsrlərdə yaşamış kimyagərlər tərəfindən verilən nüsxələri yoxlayırdı. Nəsihətnamə əsərində cavanlara verdiyi nəsihətlərin sayı 500-dən artıq idi. Tanınmış pedoqoq və alimin etik görüşləri müəyyən mənada onun “Kifayətül-ətfal,Nurül-Ənvar” və Pəndnamə kimi kitablarında da öz əksini tapmışdı. Qarabağ və bütün Azərbaycan incəsənətinə ən böyük töhfəsini isə Nəvvab heç şübhəsiz, öz bədii yaradıcılığı ilə vermişdi. Bir çox akvarel rəsmləri, kitab miniatürləri və bir neçə bina və məscidə vurduğu naxışlar bizə yadigar qalmışdır.
Mir Möhsün Nəvvabın məşhur musiqi traktatı Vüzuhül-ərqam ilk dəfə 1913-cü ildə Bakıda nəşr olunmuşdur (Onun musiqiyə həsr etdiyi Kəşfül-həqiqəti-məsnəvi əsəri də məlumdur). Həmin risaləsində Mir Möhsün ayrı-ayrı muğamların, bəzi dəstgahların mənşəyi və onların adlarının kökü haqqında məsələləri araşdırır, muğamların şer mətnləri ilə əlaqəliliyi, ifaçı ilə dinləyicinin qarşılıqlı münasibətləri, akustika baxımından onların optimal yerləşməsi problemlərinə toxunur. Nəvvab ilk dəfə olaraq, dəstgah terminindən istifadə edir, o vaxt Qarabağda məlum olan altı dəstgahın adını çəkir: Rast, Mahur, Şahnaz, Rahavi, yaxud Rahab, Çahargah və Nəva. Nəvvabın sözlərinə əsasən, ifa olunan dəstgahın tərkibi bir çox hallarda ifaçının zövqündən və qabiliyyətindən asılı olur. Alim həmin əsərində Qarabağ musiqiçiləri tərəfindən ifa olunan 82 mahnı nə muğamın adını çəkir. Mir Möhsün bir neçə muğamın mənşəyini və onların adının etimologiyasını araşdırır. Belə ki, Azərbaycan, Nişapur, Zabuli, Bağdadi, Şirvani, Qacarı, Şah Xətai və başqa muğamların adlarını onların yaranmasında rol oynamış şəxslərlə və yer adları ilə əlaqələndirir. Rast muğamını bahar mehi, Rəhavini yağış damlaları, Çahargahı ildırım çaxışı, Dügahı fontan vuran bulaqlarla, Humayunu quşların uçuşu, Nəvanı bədbəxt sevgililərin ah-naləsi, Mahuru suların şırıltısı, Şahnazı bülbüllərin cəh-cəhi, Üşşaqı quşların havada süzməsi,Üzzalı meteoritlərin hərəkəti ilə əlaqələndirir.
Nəvvabın poetik irsi əsasən onun Azərbaycan və fars dillərində tərtib etdiyi divanlarında, təzkirəsində toplanmışdır. Şairin 148 səhifədən ibarət farsca divanı 1897-ci ildə, 128 səhifədən ibarət azərbaycanca divanı 1898-ci ildə özünün Şuşadakı şəxsi daşbasma mətbəsində çap edilibdir. Qeyd etmək istərdik ki, şairin ana dilindəki divanı daha tam əlyazma variantı əsasında 1999-cu ildə “Şuşa” nəşriyyatında nəşr edilmişdir.
Nəvvabın Azərbaycan dilindəki divanında klassik şeirin bir sıra janlarında yazılmış şeirlər -qəzəl, mürəbbe, müxəmməs, müsəddəs, müəşşər, şarparə, fərdlər, o cümlədən, şivahi xalq ədəbiyyatı üslubunda yazılmış qoşmalar toplanmışdır. Qeyd etmək lazımdır ki, bu divandakı şeirlər klassik divanlara məxsus qaydada düzülməmişdir.
Ümumiyyətlə, şeirlərin düzülüşündə heç bir qaydaya riayət olunmamışdır. Əsər dibaçə ilə başlanır. Burada müəllif özü haqqında bioqrafik məlumat, əsəri yazmağa başladığı tarixi və əsərlərinin siyahısını vermişdir.
M.M.Nəvvabın divanını oxuyarkən onun Azərbaycan klassik poeziyasının görkəmli nümayəndələri, xüsusilə də Füzuli və Vaqif ənənələri ilə sıx surətdə bağlı olduğunu görürük. Şair maraqlı bir üsuldan istifadə etmiş, Füzulinin “Leyli və Məcnun” poemasından iki qəzələ bir qəzəllə nəzirə yazmışdır. Füzulinin “Leyli və Məcnun” poemasında eyni qafiyəli – “Yar rəhm etdi məgər naləvü əfğanimizə” misrası ilə başlanan 7 beytlik və “Küfri-zülfin salalı rəxnələr imanimizə” misrası ilə başlanan 6 beytlik qəzəllərinə Nəvvab:
Qəm qübarı yatıb əzbəs dili-viranəmizə,
Kafər ağlar bizim əhvali- pərişanimizə
mətləli 17 beytlik nəzirə ilə cavab vermişdir.
Ağa Füzulinin “Ey məzaqi – canə dövrün şəhdü şəkkər tək ləziz” misrası ilə başlanan 7 beytlik qəzəlinə:
Ey ləbi-ləlin ləbimdə şirü şəkkərtək ləziz,
Şərbəti-abi-dəhanın abi-kövsərtək ləziz
mətləli 6 beytlik nəzirə yazmışdır.
Nəvvab divanında Füzuli şeirlərinə yazılmış digər nəzirələrə də rast gəlirik. Qarabağ ədəbi mühitinin əksər nümayəndələri kimi, Mir Möhsün də M.P.Vaqif təsirindən kənarda qalmamışdır. Şairin “Yox qəmi ol kimsənin kim, dilbəri dilbər ola” misrası ilə başlanan 6 bəndlik mürəbbesində Vaqifin:
Xublar arığından yarımaq olmaz,
İgidin həmdəmi gərək çağ ola
misraları ilə başlanan qoşmasının təsiri aydın görünməkdədir.
Müxtəlif elmlərə bələd və açıqfikirli bir ziyalı olduğu üçün Şuşadan ətraf şairlər və musiqiçilşğər onun mənzilinə toplaşar, yeni şeirlərini oxuyar, musiqiyə qulaq asarmışlar. 1872-ci ildə “Məclisi-üns” Natəvanının sarayına köçdükdən bir az sonra Nəvvabın təşəbbüsü ilə “Məclisi fəramuşan” (“Unudulmuşların məclisi”) təşkil edilmişdir. Üzvləri isə “Məclisi-üns” ün unutduğu şairlər olmuşdur. Bu məclisdə dövrün tanınmış şairləri ilə yanaşı, Qarabağın məşhur xanəndə və sazəndələri də iştirak etmişlər. Məclisin məşğələləri qışda Mir Möhsünün mənzilində, yay aylarında isə Cıdır düzündəki “Ağzıyastı kaha” deyilən yerdən keçirilmişdir. Məclis üzvlərini dünya hadisələri və mədəni yenilkilərlə tanış etmək üçün Nəvvab Bakıdan “Əkinçi”, Tiflisdən “Ziya” və “Kəşkül” qəzetlərini, Hindistandan fars dilində nəşr olunan “Həbbül-mətin” məcmuəsini alırdı.
1903-cü ildə Nəvvabın təşəbbüsü ilə qiraətxana-kitabxana açılan zaman artıq “Məclisi fəramuşan” ın fəaliyyəti zəifləmişdi. Qiraətxanaya şairin oğlu Miribrahim rəhbərlik edirdi. Nəvvabın ən böyük xidməti isə bir-birindən qiymətli elmi, tarixi, bədii əsərləridir.
XIX əsrin sonunda onun təsis etdiyi şəxsi mətbəənin Azərbaycan kitab mədəniyyətinin inkişafında böyük rolu olmuşdur. Həmin mətbəədə o öz əsərlərindən başqa, digər şairlərin də əsərlərini çap etmişdir. Nəvvabın külliyyatı tam halda bugükü günədək hələ çap olunmamışdır. Ancaq əsərlərindən bəziləri ayrı-ayrı dövrlərdə nəşr olunmuşdur.
Son dövrlərdə Nəvvab yaradıcılığına diqqət artmış, onun bir çox əsərləri nəşr olunmuş, yaradıcılığı ilə əlaqədar elmi-tədqiqat əsərləri yazılmışdır.
Demək olar ki, Nəvvabın elmi, içtimai fəaliyyəti çoxsahəli, zəngin olduğu kimi, bədii yaradıcılığı da geniş, rəngarəng olmuşdur. 86 il maraqlı ömür yolu (1833-1919) keçmiş Mir Möhsün Nəvvab bir-birindən dəyərli, gözəl əsərlər yazaraq mədəniyyət tariximizə töhfə etməsi ilə bərabər, klassik ədəbiyyatımızın parlaq nümunəsi olub, oxuculara ilk dəfə təqdim olunan “Divan” ı ilə də Azərbaycan ədəbiyyatı tarixində ən yüksək yerlərdən birini tutur.
Aynur Turan
Subyekt.az