![]()
Yeni dərs ilinin başlanması ərəfəsində Şamaxı rayonu Göylər kənd məscidi dini icması məktəb yaşlı uşaqlar üçün xeyirxah təşəbbüs həyata keçirib. İcma tərəfindən təşkil olunan aksiyada aztəminatlı ailələrin övladlarına məktəb ləvazimatları hədiyyə edilib.
Aksiya məscidin daxili ianələri hesabına reallaşdırılıb. Ümumilikdə 60 şagird dəftər, qələm, çanta və digər zəruri məktəb ləvazimatları ilə təmin olunub.
İcma nümayəndələrinin sözlərinə görə, belə tədbirlərin keçirilməsində əsas məqsəd aztəminatlı ailələrin yükünü azaltmaq, uşaqların təhsilə marağını artırmaq və onların yeni tədris ilinə daha böyük sevinc və ruh yüksəkliyi ilə başlamasına dəstək olmaqdır.
Valideynlər də bu təşəbbüsü yüksək qiymətləndirərək, övladlarının təhsilinə göstərilən diqqət və qayğıya görə məscid icmasına təşəkkürlərini bildiriblər. Onların fikrincə, bu cür aksiyalar həm ailələr üçün maddi dəstək, həm də uşaqlar üçün mənəvi stimul rolunu oynayır.
Göylər kənd məscidi dini icması isə gələcəkdə də bu kimi sosial yönümlü tədbirlərin davam etdiriləcəyini bildirib.


FOTO VƏ VİDEO Ruslan Rehimovundur.
#Şamaxı #Göylər
Subyekt.az