Elmi və xəlqi ziyalı-Vəli Xuluflu
Gizli güllənənən alim
Qasırğalar gələndə təkcə güllər, çiçəklər sınıb tökülmür. Həm də qollu-budaqlı ağaclar parçalanır, yarılır, yıxılır. 20-ci illərin dalğaları elə-belə dalğalardan deyildi. O hər şeyi qasırğa gücü ilə dağıdıb, uçurdu. Amma təbiətin də öz qanunauyğunluqları var. Heç nə izsiz, tozsuz qalmır. Kökü torpaqlardan su içib başı buludlara söykənən möhtəşəm ağaclar nə qədər qasırğa görsə də, tufanlarla üzləşsə də yaşayır. Neçə-neçə dəyərli insanın ömrünə balta çalmış, həyatını zülmə döndərmiş 1937-ci ilin qara tufanının qurbanları Azərbaycan üçün sözün həqiqi mənasında itkidir. 1937-ci il qurbanlarını səhifə-səhifə vərəqlədikcə, tarixin daş yaddaşları arasından gələn fəryad səsləri insanı dəhşətə gətirir. Həmin fəryad edənlərdən biri də folklorçu alim, tarixçi, ölkədə yeni əlifbanın fəal tərəfdarı, Yeni Əlifba Komitəsinin üzvlərindən biri Vəli Xulufludur.
Əgər Stalin rejimi yüksək mədəniyyətə və intellektə sahib günahsız bu insanı məhv etməsəydi Xuluflunun ömrünə hələ neçə-neçə dəyərli və mənalı uğurlu səhifələr yazılacaq, kitablarına yeni kitablar əlavə olunacaqdı. O, hələ nə qədər xalq incisi toplayacaq, onlarla tədqiqat əsərinin altında “Vəli Xuluflu” imzası qoyulacaqdı. Amma Xulufunun elə özünün topladığı həmin folklorun içərisində belə bir məsəl də vardı: “Sən saydığını say, gör fələk nə sayır”….
Vəli Məmmədhüseyn oğlu Xuluflu -ədəbiyyatşünas, publisist, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvii, professor
1894-cü il mayın 26-da Azərbaycanda Yelizavetpol quberniyasının (indiki Şəmkir rayonunun) Xuluflu qəsəbəsində doğulmuşdur. İbtidai təhsilini mollaxanada almışdır (1905-1907). Sonra “Mədrəseyi-Ruhaniyyə” ni bitirmişdir (1912). Həmin məktəbdə müəllim saxlanmışdır (1913). Bu vaxtdan gizli inqilabi işə qoşulmuş, sonra RSDFP sıralarına daxil olmuşdur (1919). Gəncə quberniyasında qəza partiya komitəsinin katibi işləmişdir (1921-1922). Bakıda ADU-nun şərqşünaslıq fakültəsində təhsilini davam etdirmiş, eyni zamanda yeni türk (Azərbaycan) əlifbası komitəsində işləmişdir (1922-1927). “Bakı fəhləsi” kooperativ nəşriyyatında və Azərnəşrin bədii ədəbiyyat şöbəsində əməkdaşlıq etmişdir (1927-1929). Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda elmi katib, onun yenidən təşkili vaxtı isə Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru olmuşdur (1929-1932). Şifahi xalq ədəbiyyatının toplanması və nəşrinə qayğı göstərmişdir. “El aşıqları” (1927) toplusunu tərtib və çap etdirmişdir. İnstitut ləğv ediləndən sonra bir müddət Mərkəzi Arxiv İdarəsində müdir vəzifəsində çalışmışdır (1933). Sonra Azərbaycan SSR Xalq Maarif Komissarlığında universitet və elmi-tədqiqat müəssisələri idarəsinin rəisi və Dövlət Elmi Şurasının sədr müavini, eyni zamanda SSRİ EA Azərbaycan şöbəsinin baş mütəxəssisi olmuşdur (1933-cü ildən). Yeni türk əlifbası komitəsinin üzvü və yeni əlifbanın digər ölkə xalqları arasında yayılması üzrə təlimatçı kimi onun fəaliyyəti böyükdür. Bu münasibətlə Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan respublikalarında, Krımda, Kazan və digər şəhərlərdə olmuşdur. Azərbaycanı Tədqiq və Tətəbbö cəmiyyətinin işlərində fəal çalışmışdır (1924-cü ildən). Zaqfederasiyanın 10 illiyində ictimai-elmi və ədəbi xidmətlərinə görə Fəxri tərifnamə və qızıl saatla təltif olunmuşdur.
1938-ci ildə cəza tədbirləri dövründə həlak olmuşdur.
Vəli Xuluflu 1894-cü il mayın 26-da Şəmkir rayonunun Xuluflu qəsəbəsində doğulub. İbtidai təhsilini mollaxanada alaraq 1912-ci ildə “Mədrəseyi-Ruhaniyyə”ni bitirib. Sonralar Bakıda ADU-nun (indiki BDU) Şərqşünaslıq fakültəsində təhsilini davam etdirib. 1924-cü ildən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin işlərində fəal çalışmışdır. “Koroğlu” (1927), “İmla lüğəti” (1929), “Din və qadın” (1930), “Din və mədəni inqilab” (1930), “El aşıqları” (1927) kimi kitabların müəllifidir.
Professor Cəlal Qasımovun “Vəli Xuluflu” monoqrafiyası Azərbaycan tarixinin ən keşməkeşli dövrlərindən birini əhatə edən, ötən əsrin əvvəllərində qurulan Azərbaycan Sovet hökumətinin tanınmış alimi Xuluflu Vəli Məmmədhüseyn oğlunun (Vəli Xuluflunun) həyat və yaradıcılığına həsr olunan və alimin fəaliyyətinə bu günün real həqiqətləri ilə yanaşan elmi-nəzəri tədqiqat əsəridir. Müəllif haqlı olaraq yazır: “…repressiya qurbanlarına bolşevik müstəntiqi (tənqidçisi) mövqeyindən deyil, milli ziyalı mövqeyindən yanaşaraq qiymət verməyə çalışmışıq”. Həqiqətən, Cəlal müəllim professor Vəli Xuluflunun fəaliyyətinə obyektiv yanaşaraq sovet dövründə alimin itmiş haqqını bu monoqrafiyası ilə qaytarmağa çalışıb. Professor Cəlal Qasımov sovet dönəmində əldə olunan nailiyyətlərə də obyektiv yanaşaraq nəsillər arasında olan varislik ənənəsini qoruyub saxlayıb. Monoqrafiyada professor Cəlal Qasımov Vəli Xuluflunun həyatı və təhsili haqqında dolğun və müfəssəl məlumatlar verir. Belə ki, yaşadığı dövr tarixin ən ağır dövrlərindən biri olmasına baxmayaraq, hər zaman V.Xuluflu təhsilini davam etdirərək elmi biliklər qazanmaqdan əl çəkməmişdir. O, qazandığı bilikləri kitablara köçürərək bu gün bizlərə həmin əsərləri ən əziz xatirə kimi miras qoyub. Bununla bir daha şahidi oluruq ki, bədii əsərlərə köçən qəhrəmanlar və elmi əsərlər yaradan alimlər tarix səhifələrində tez-tez xatırlanırlar.
“Vəli Xuluflu” monoqrafiyasında alimin Sovet hökuməti tərəfindən əsassız ittiham olunması, onun ailəsinin məşəqqətli günlərin yaşanmasına sövq edilməsi və bütövlükdə dövrün ziyalılarına qarşı sovetlərin düşmənçiliyi arxiv materialları ilə sübut olunur. Bu öz növbəsində fədakar alim C.Qasımovun ağır əməyinin, yorulmaz tədqiqatının nəticəsi olmaqla yanaşı, ümumilikdə, həmin dövr ziyalılarının ruhuna olan bir ehtiramdır. Axı dövrün ağır şərtlərində xalq üçün fəaliyyət göstərən bu azman qələm sahiblərini unutmaq qeyri-mümkündür.
Kitabda yer alan arxiv materialları və alimin ailə üzvlərinin hökumətə yazdıqları ərizələr tək Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları üçün yox, bütün ictimaiyyət üçün çox mühüm əhəmiyyətə malikdir. Arxiv materiallar folklorçu və ədəbiyyatçı alimlər üçün də əhəmiyyətlidir. Ötən əsrin 30-cu illərində qələm sahiblərinə qarşı yönəlmiş terrorun öyrənilməsi yönümündə professor Cəlal Qasımovun bu səpgidə elmi axtarışları əvəzsizdir.
Hər zaman bir alim kimi Vəli Xuluflu yaradıcılığı dövründə Azərbaycan dili haqqında düşünmüş və bu sahədə cidd-cəhdlə çalışıb. Elə bu istiqamətdə alimin bir neçə əsəri çap olunub. Cəlal Qasımov kitabda Vəli Xuluflunun bu sahədəki fəaliyyəti üzərində geniş dayanmış və monoqrafiyanın ikinci fəslini buna həsr etmişdir. Vəli Xuluflu dil məsələlərində dövrün çətinliklərinə görə müəyyən qədər sovet ideologiyası çərçivəsindən yanaşmasına baxmayaraq, yazılarında sətiraltı etirazlarını bildirmişdir. Monoqrafiyada mükəmməl şəkildə bu məsələlər qabardılmış və Vəli Xuluflunun Azərbaycan dili haqqında narahatlığı Cəlal müəllimin təhlili ilə oxuculara çatdırılmışdır.
Monoqrafiyanın üstün cəhətlərindən biri kimi Cəlal müəllim Vəli Xuluflunun bütün yaradıcılığını dərindən tədqiq etmiş, alimin folklor sahəsindəki fəaliyyəti geniş şəkildə mənimsənilmişdir. Cəlal Qasımov kitabda alimin əsərlərində ən incə nüanslara toxunmuş, real həqiqətləri olduğu kimi təhlil etmiş və Azərbaycan folklorunda Vəli Xuluflu fenomenini yüksək qiymətləndirmişdir.
Biz tez-tez 37-ci il repressiyası terminini vurğulayırıq, əslində həmin repressiyanın başlanğıcı elə imperiyanın gəlişi ilə qoyulmuşdu və təkcə 37-ci ildə olanlarla sonuclanmamışdı. Sadəcə olaraq 37-ci il hadisələrin, olanların pik nöqtəsi idi. Bir istiqamətdə türkə, türk xalqlarına qarşı yönəlmiş irticanın mahiyyətini ifadə edirdi. Təkcə onu demək kifayətdir ki, türkoloji qurultayın bütün iştirakçıları repressiyanın qurbanına çevrilmişdir.
Bu sovetlər dönəminin imperiya düşüncəsinin, türkə münasibətinin mahiyyətidir. Vətənpərvər alim C.Qasımov Azərbaycan xalqının sovetlər dönəmində hansı faciələrdən keçdiyini, nələri yaşadığını faktik materiallar, sənədlər əsasında geniş ictimaiyyətə təqdim etmişdir. Düzdür, həmin dövrün hadisələri ilə bağlı imperiyanın dağılmasından sonra mətbuat səhifələrində ara-sıra məqalələr çap olunur, radio-televiziya verilişlərində fikirlər söylənilirdi. Yaşlı nəsil isə onu canlı həyatında yaşamışdı və həmin qorxu, gecə qapının qəfil döyülərək gedər-gəlməzə göndərilmək xofu canından çıxmamışdı. Bu və ya digər dərəcədə evlərdə həmin hadisələr danışılır vəziyyət gələcək nəslə anlatılırdı. Azərbaycanın elə bir kəndi, qəsəbəsi, şəhəri olmazdı ki, həmin faciələri taleyində yaşamasın. Bir sıra nəsillər vardı ki, üstündən xətt çəkilmişdi. Ədəbiyyatşünas C.Qasımov fəaliyyətinin mühüm bir hissəsini məhz Azərbaycan ziyalı mühitinin sovetlər dönəmində hansı ağrılardan keçdiyini, nələrlə qarşılaşdığını, imperiyanın məram və məqsədinin mahiyyətində dayananların nədən ibarət olduğunu aydınlaşdırmağa çalışmışdır. Daha doğrusu, bu gizlinlərin bütün qatlarını xalqa çatdırmağı məqsədə çevirmişdir. Onu da əlavə edək ki, XIX əsrin sonu və XX əsrin əvvəlləri Azərbaycan ziyalı mühitinin tarixində xüsusi mərhələdir. H.Zərdabi, M.A.Şahtaxtlı, Ə.Hüseynzadə, Ə.Ağayev, Y.V.Çəmənzəminli, Ə.Haqverdiyev, R.Əfəndiyev, S.S.Axundov, H.Cavid, A.Səhhət, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ü.Hacıbəyov, M.Hadi, A.İldırım, Ö.F.Nemanzadə, A.Sur, V.Xuluflu, H.Zeynallı, S.Hüseyn, S.Mümtaz, Ə.Nazim və başqa onlarla böyük-böyük şəxsiyyətlər bu dövrün yetişdirmələridir. Xalqın tarixi taleyində müstəsna rolları ilə əbədilik qazanmışlar, bir növ tarix yazmışlar. C.Qasımov bu dövrün bizim bilmədiklərimiz və mahiyyətinə gedib çıxmağa çətinlik çəkdiyimiz məsələlərinə aydınlıq gətirmiş, böyük bir ziyalı nəslinin düşüncəsinin və tarixi taleyinin alt qatlarını (gizlinlərini) bizə çatdırmışdır. Əslində bir istiqamətdə bunlar daha çox xalqa çatdırılmalı olanlardı.
Monoqrafiyada məsələlər dörd fəsildə (“Həyatı və mühiti”, “Alimin əlifba və orfoqrafiya ilə bağlı görüşləri”, “Xalq yaradıcılığının toplayıcısı və folklorşünas ailm”, “Alimin sosial tarixi və mədəni görüşləri”) ümumiləşdirilir. “Giriş” də xüsusi olaraq vurğulanan bir epizoda diqqət yetirək: “Heç kimə sirr deyildir ki, müstəqilliyə qədərki mərhələdə elmi-ədəbi mühitdə Azərbaycan ziyalılarının həyat və yaradıcılığı müəyyən obyektiv və subyektiv səbəblərdən birqütblü-sinfi, partiyalı mövqedən tədqiq edilmişdir. Ona görə də həmin dövrün ictimai-siyasi hadisələrinin, eyni zamanda mütəfəkkir ziyalıların həyat və yaradıcılığının yenidən öyrənilməsinə və çağdaş elmi-nəzəri tələblər səviyyəsində araşdırılmasına böyük ehtiyac vardır. Hesab edirik ki, həyat və yaradıcılığının yenidən öyrənilməsinə və tədqiqinə ciddi ehtiyac duyulan şəxsiyyətlərdən biri də XX əsrin 30-cu illərində repressiv aksiyalara məruz qalan Vəli Məmmədhüseyn oğlu Xulufludur” (səh. 12).
Ədəbiyyatşünas alimimiz professor C.Qasımov isə elmi-mədəni mühitə bu monoqrafiyası ilə daha ətraflı, bizim bilmədiyimiz və gedib çatmağımızın o qədər də asan olmadığı tərəflərini bir bütöv olaraq təqdim edir. Məsələn, keçən əsrin 20-ci illərindəki fəaliyyətini səciyyələndirən ədəbiyyatşünasımız yazır: “1924-cü ildə Yeni türk əlifbası komitəsinin əməkdaşı kimi Şimali Qafqaza, Krıma, Tatarıstana, Türküstana səfər edərək latın əlifbasına keçməyin vacibliyini təbliğ edir. Bakı ədəbi mühiti, Səmədağa Ağamalıoğlu, Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy Haqverdiyev, Fərhad Ağazadə, Bəkir Çobanzadə və onlarla başqa mütəfəkkirlərlə qurulan işgüzar ünsiyyət Azərbaycanın, eləcə də Sovet İttifaqının müxtəlif yerlərinə olan elmi ezamiyyət, orada dinlədiyi, etdiyi çıxış və məruzələr, türkdilli xalqların folklor mədəniyyəti ilə yaxından tanışlıq V.Xuluflunun dünyagörüşünə, eləcə də elmi yaradıcılığına təsirsiz qalmamışdır. O, 1925-ci ildə elmi araşdırmaların məntiqi nəticəsi olan “Yeni türk əlifbası” kitabını nəşr etdirir”.
XIX əsrdə Azərbaycanın ictimai-siyasi mədəni həyatında boy göstərən ən ümdə məsələlərdən birisi əlifba məsələsi idi. A.Bakıxanovun xüsusi bir tərzdə vurğuladığı bu ümdə problem M.F.Axundov tərəfindən son dərəcədə ciddilik və ardıcıllıqla ortaya qoyuldu. Demək olar onun apardığı mücadilənin mühüm hissəsini əlifba məsələsi təşkil edirdi. Sistemli müraciətləri, mövqe nümayişi, müasirlərinə və səlahiyyət sahiblərinə müraciətləri də bunu aydınlıqla göstərirdi. Sonrakı mərhələdə M.Şahtaxtlının, S.M.Qənizadənin, R.Əfəndiyevin, H.K.Sanılının, Ü.Hacıbəyovun, N.Nərimanovun, M.Mahmudbəyovun, F.Ağazadənin və onlarla başqalarının bu məsələdə apardığı böyük işlər məhz reallığa, problemlərin aradan qaldırılmasına hesablanmışdı. Onu da əlavə edək ki, XIX əsrdə bütünlükdə Avropanı bürüyən maarifçilik Qafqazda da böyük təsirdə görünmüşdü. Məhz V.Xuluflu da həmin işlərin nəticəsi olaraq yeni əlifbanın yaradılmasında bir vətəndaş fəallığı ilə iştirak edirdi. Azərbaycan xalqının ictimai, siyasi, mədəni həyatının tarixində özünü göstərən ən dəhşətli hadisələrdən biri də əlifba məsələsi olmuşdur. Daha doğrusu, milli düşüncəni sarsıtmaq, xalqın keçmişi ilə bağlantılarını kəsmək, mədəni əlaqələrdə varisliyi itirmək məqsədilə əlifba problem yaradılırdı. Ərəb qrafikasından latına, oradan da kiril əlifbasına keçirilməsinin mahiyyətinə varmaq, yaratdığı vəziyyəti göz önünə gətirmək bu xalqın nələri yaşadığını aydınlaşdırmağın göstəricisidir. Professor C.Qasımov həmin dövrün ümumi mənzərəsini çox doğru və bütün tərəfləri ilə təqdim edir: “Məlumdur ki, sovetləşmənin ilk illərində latın əlifbasına keçmək günün ən aktual problemlərindən birinə çevrildi və bu işin realizəsi məqsədi ilə yeni Əlifba Komitəsi təsis olundu. Lakin yeni əlifbanın qəbulunda ziyalılar heç də yekdil fikirdə deyildilər.
Onların bəziləri əski əlifbanı – ərəb əlifbasını saxlamağı və onun üzərində müəyyən islahatlar aparmağı iddia edirdilərsə, digərləri də ondan imtina edib latın əlifbasına keçməyin tərəfdarı və təəssübkeşi kimi çıxış edirdilər. Sovet siyasi-ideoloji sistemi ərəb əlifbası tərəfdarlarını mürtəce, latınçıları isə yenilikçi kimi qələmə verir və təqdir edirdilər. Şübhəsiz ki, yeni əlifbaya keçid Vəli Xuluflunun dediyi kimi “yalnız hərflərin dəyişdirilməsi demək deyildi”, bu, eyni zamanda yeni dövrün, xüsusilə də türkdilli xalqların ictimai-siyasi, mədəni həyatında mühüm rol oynaya biləcək tarixi hadisə idi” (səh. 69). Doğrudan da bu Uzaq Şərqdən ta Bavariyaya qədər bütünlükdə türk ziyalı mühitinin düşüncəsini məşğul etməkdə idi. V.Xuluflunun da “Yeni türk əlifbası ilə yazı qaydaları” (1925), “İmla lüğəti” (1929), “Azərbaycan xalq dili lüğəti” (1930) əsərləri onun mühitdə ciddi elmi düşüncə sahibi olmasının göstəricisidir.
C.Qasımovun “Vəli Xuluflu” monoqrafiyasında axıra qədər davamlılıqla öyrənilən problemlərdən birisi görkəmli ziyalının Azərbaycan xalq ədəbiyyatının toplanması, nəşri və tədqiqi sahəsində gördüyü işlərlə bağlıdır. “Xalq yaradıcılığının toplanması və folklorşünas alim” fəsli bütünlükdə bu böyük problemin təhlilinə həsr olunmuşdur. Ümumiyyətlə, XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan folklorşünaslığının tarixində xüsusi mərhələdir. Bu dövrdə ziyalılarımız o qədər şərəf və ləyaqətlə gərəkli işlər görmüşlər ki, bütün zamanlarda xatırlanacaq və nümunə olacaq səviyyədədir. Bizə kimliyimizi, gediləcək yolumuzu, özümüzə sahib durmağın nümunəsini təqdim etmişlər. Ulu yaradan sanki, bu böyük simaları, dahiləri bir dövrə salmış, Azərbaycanın bitib-tükənməyən problemlərini sonuclamaq üçün göndərmişdi. Bu böyük şəxsiyyətlər vətən, xalq, millət üçün nələr etməyiblər. Vəli Xuluflu da onların sırasında olanlardandır. Ədəbiyyatşünas C.Qasımov “Koroğlu” dastanı timsalında bu əvəzsizliyi belə təqdim edir: “Qeyd edək ki, Vəli Xuluflunun “Koroğlu” su Azərbaycanda “Koroğlu” dastanlarının ilki olduğu kimi, onun kitaba yazdığı müqəddimə də Azərbaycan koroğluşünaslığında deyilmiş ilk elmi söz, ilk elmi müqəddimədir. Koroğluşünaslar indiyə qədər bu ön sözdən ara-sıra bəhs etsələr də, onun tədqiqinə ciddi fikir verməmişlər. Demək olar ki, tədqiqatçılar bu barədə məlumat xarakterli müəyyən sitat verməklə kifayətlənmişlər… Azərbaycan “Koroğlu” su Vəli Xulufludan başladığı kimi, Azərbaycan koroğluşünaslığı da V.Xulufludan başlayır. Başqa sözlə desək, V.Xuluflunun “Koroğlu” nun ilk nəşrinə yazdığı müqəddimə Azərbaycan koroğluşünaslığının da müqəddiməsidir” (səh. 115-116). “El aşıqları” (1926), “Tapmacalar” (1928) da folklorşünasın zəngin zəhmətinin bəhrəsi kimi ortaya çıxmışdır.
“Alimin sosial-tarixi və mədəni görüşləri” adlı hissədə problem “Bolşeviklərin ateizm siyasətinin mahiyyəti”, “Vəli Xuluflunun dini-estetik görüşləri”, “Qadın azadlığı uğrunda mübarizə və köhnəlmiş adət-ənənələrin tənqidi”, “V.Xuluflunun İran-Turan probleminə münasibəti”, “Səlcuq dövləti tarixinin ilk tədqiqatçısı” müstəvisində təhlilini tapır. Buradakı bəzi məsələlər, məsələn, dinlə dini bayramlarla bağlı olanlar sırf ideologiyanın, siyasi mühitin özündən irəli gəlirdi. “Vaxtilə Azərbaycanda Sovet işğalı xalqların uzun müddət ərsəyə gətirdiyi adət-ənənələri, əxlaq və davranış qaydalarını alt-üst etməklə intellektin əxlaqi meyar üzərində birtərəfli qələbəsini təmin etdi… Milli ideologiyalar, milli düşüncə tərzi sosialist düşüncə tərzinin şikarına çevrildi” (səh. 221). V.Xuluflunun “İran və Turan” (Kommunist qəz., 1934, 23 sentyabr), “Səlcuq dövlətinin daxili quruluşuna aid” (1930) əsəri müəyyən tendensiyalara, ideologiyanın müəyyənləşdirdiyi prinsiplərə uyğun olub-olmamasına baxmayaraq çağdaş elmi-nəzəri fikrin prinsipləri əsasında təhlil olunmalı və bütünlükdə mahiyyəti ilə aydınlaşdırılmalıdır. V.Xuluflu 37-ci il repressiyasının qurbanlarındandır. Ədəbiyyatşünas alimimiz çox doğru olaraq 37-ci ili Azərbaycan ziyalı mühitinin soyqırımı kimi ardıcıllıqla vurğulayır. C.Qasımov həmin istintaqın protokolunu verir və onların hansı əzablarla, acılarla yaşamasının sənədlərini ictimaiyyətə təqdim edir. İndi bizim bu gizlinlərin fakt, sənəd səviyyəsində açılmasına ehtiyacımız daha çoxdur. Olanları daha çox öyrənməli və gələcək nəsillərə çatdırmalıyıq. Böyük ideallarla yaşayan, millətin gələcəyi, idealları üçün ömrünü şama döndərən bu böyük şəxsiyyətlərin cismani cəhətdən yox edilməsi onların ideallarının qarşısına sədd çəkə bilmədi. Onlar öz böyük işləri, ölümləri ilə özlərinə ölümsüzlük qazandılar. Xalqa xidmət etməyin nümunəsinə çevrildilər. Gediləcək yolu müəyyənləşdirdilər. Bu gün həmin düşüncə pardaxlanır və dünyaya günəş kimi doğur. Müstəqil Azərbaycanımız bu müqəddəs amalın, mübarizənin nümunəsidir.
Xalqın mənəvi dünyasının məhsulu olan şifahi ədəbiyyat zəngin bədii incilər xəzinəsidir. Azərbaycan xalqının müxtəlif zamanlarda yaratdığı nağıllar, əfsanələr, dastanlar əsrdən-əsrə, nəsildən-nəslə keçərək zəmanəmizə qədər gəlib çatmışdır. Şifahi xalq ədəbiyyatı nümunələrinin ilk dəfə yazıya alınması təxminən XV-XVI əsrlərə aiddir. O vaxtdan indiyədək yazarlar, tədqiqatçılar, eləcə də, folklorşünaslar bir çox işlər görmüş, çoxlu sayda folklor nümunələrini yazıya almışlar. XIX əsr Azərbaycan folklorşünaslıq elminin təşəkkül tapdığı, formalaşdığı bir dövrdür. Şifahi xalq ədəbiyyatının toplanmasında böyük əmək sərf edən və çox məsuldar fəaliyyət göstərən folklorşünaslarımızdan biri də Vəli Xulufludur. 1934-cü il yanvar ayının 1-dən 1939-cu il yanvarın 1-dək Azərbaycanda XDİ-nin komissarlığında 27458 nəfər insan repressiyaya məruz qalıb.
Elmi zəkası ilə xalqımızın mədəniyyət tarixində xüsusi yeri olan, gələcək nəslin savadlanmasına işıq saçan, 1922-1929-cu illərdə Yeni Türk Əlifbası Komiyəsinin fəal üzvü Vəli Xulufluya məhz dövlət təhlükəsizlik leytenantı Şer Mark tərəfindən ona əksinqilabçı, millətçi damğası vurularaq 28 yanvar 1937-ci ildə həbsi öçün 68 saylı order yazılır, həmin gündə Azərbaycan DTK-nın komissarı Sumbatova təqdim olunmuş “qərqrq əsqsən” 3 fevral 1937-ci il tarixdə həbs edilir. Lakin nədənsə 35 saylı protokoldan çıxarışda göstərilir:
Vəli Məmmədhüseyn oğlu Xuluflu partiya bileti 1429085, əksinqilab-trotskçi və millətçi kimi DTK-a tərəfindən üzə çıxarılaraq, partiya sıralarından xaric edilsin.
Voroşilov rayon K(b)P katibi Y.Okinşeviç
16.04.1937-ci il.
Qəribədir, necə olur alim həbs ediləndən ay yarım sonra partiya sıralarından “xaric” edilir.
Vəli Xuluflunun həbsindən sonra evində axtarış aparılarkən götürülmüş sənədləri protokolda öz əksini tapmışdır.
12493/80 saylı instintaq işində IY şöbənin rəisi, təhlükəsizlik mayoru Gerasimovun 27.01.1937-ci ildə təsdiqetdiyi arayışda qeyd edilir ki, SSRİ vətəndaşı, türk dövlət təhlükəsizlik idarəsinin əməkdaşları tərəfindən Tixomirov və Çiçikalovun ifadələri əsasında həps olunur. O, Azərbaycan cinayət məsəlləsinin 72/73-cü maddələri ilə günahkar bilinir.
Vəli Xuluflunu həmin maddə ilə günahlandırmaqla məqsəd aydın idi. Onlar nəyin bahasına olur-olsun alimi cismani şəkildə məhvinə nail olmaq istəyirdilər.
Güllələnməyə məhkum olanlar həddindən çox olduğundan müttəhimlərin məhkəməsi 15-20 dəqiqədən artıq çəkmirdi.
Həmin illər “qara siyahı” ya düşməyən, partiyaların nümayəndələrini “yaddan çıxarmayan” imperiya qulları, onlara 10-il müddətinə həbs kəsməklə şaxtalı Sibirə göndərilir və bununla da o, öz “qayğıkeşliyini” bu cür şəkildə göstərirdilər.
V.Xuluflu ölkədə yeni əlifba ideyasının fəal təbliğatçısı idi. O həmçinin Yeni Əlifba Komitəsinin üzvi idi. Eyni zamanda 43-illik ömür yolunda respublikada yüksək elmi təfəkkürə malik bir alim, içtimai fəaliyyətində, mədəniyyətimizin tarixində silinməz izlər qoymuşdur. Məhz belə elmi təfəkkürə malik olan Vəli Xuluflu ağlasığmayan bir terrorda suçlanırdı. Bu teroru Vəli Xuluflunun boynuna qoymaq üçün istintaqı aparan Qalstyan alimin həbs olunmasından düz altı ay sonra ona ağır işgəncələr verməklə irəli sürülmüş ittihamları “etiraf etməyinə” nail olur. 12 oktyabr 1937 ci il saat 18-də başlayan məhkəmədə sədr: Matuleviç , üzvlər; Zaryanov, Jiqurun iştirakı ilə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyasında qərara alınır ki, Vəli Məmmədhüseyn oğlu Xuluflu təqsirli bilinir və o ən ağır cəzaya-güllələnməyə məhkum edilir.
Hökm o gecə yerinə yetirilir. Vəli Xulufluya aid olan sənədlərin arasında alimin ölümünü təsdiq edən arayışa diqqət yetirsək görərik ki, nə qədər soyuq, etinasız şəkildə yazılmışdır. Bu kiçik arayış böyük bir ziyalının ölümünü “etraf” edirdi. Nə qədər ağır olsa da bu bir acı həqiqət idi.
Vəli Xuluflu Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun elmi katibi, Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru, Mərkəzi Arxiv İdarəsinin müdiri, Xalq Maarif Komissarlığında universitet və elmi-tədqiqat müəssisələri idarəsinin rəisi, Dövlət Elmi Şurasının sədr müavini, SSRİ EA Azərbaycan şöbəsinin baş mütəxəssisi işləmiş, Yeni Türk Əlifbası Komitəsinin üzvü və bu əlifbanın digər ölkə xalqları arasında yayılması üzrə baş təlimatçısı kimi əvəzsiz xidmətləri, “Azərbaycanı Tədqiq və Təbliğ Cəmiyyəti”nin işlərində fəal çalışmaları olmuş bu ziyalını Zaqafqaziya Federasiyasının 10 illiyində “İctimai-elmi və ədəbi xidmətlərinə görə” fəxri tərifnamə və bir qızıl saatla təltif etmişdir. Həmin o saat isə çox az-onun 1938-ci ildə güllələnməsinədək işləmişdir…
Dost-aşinalarının və zaman keçdikcə elmi-ədəbi ictimaiyyətin, xalqın ona münasibət və qədir-qiyməinə gəldikdə isə… Adlı-sanlı tədqiqatçılar, məşhur oçerkistlər bu alimi “Azərbaycan ədəbiyyatşünaslığında xüsusi azman imza”, “folklorumuzun toplanması, nəşri və tədqiqində ən ardıcıl və ən fədakarlardan biri”, “elmi və xəlqi ziyalı”, “səbrü-qərar kanı” kimi frazalarla təqdim və yad edirlər. Bu deyimlərdən sonuncusu daha çox onun ötən əsrin 20-ci illərinin ortalarında dəfələrlə səfər edib, həftələr-aylarla qaldığı bölgələrimizdə, bolşevizmin mənəvi-psixoloji təcavüz “eroziya”sına məruz qalmış xalqımızın qeyrət-qəhrəmanlıq ruhunu qaldırmaq sevda-sevgilərilə bağlıdır. Nəhayət, bu fədakar alim 1927-ci ildə aşıq Hüseyn Bozalqanlının dilindən qələmə aldığı iki, 1929-cu ildə dörd qolu və 6 nağılvari hekayət olmaqla, yüz ilə yaxındır oxuyub dili-millən coşğulandığımız “Koroğlu” dastanımızı (əlbəttə, zaman-zaman təkmilləşdirilmə və əlavələr edilməsini də qeyd etməliyik) kitab halında nəşr etdirir.
Böyük alimimiz həmin illərdə bir-birinin ardınca tərtib etdiyi “El aşıqları” (1927), “Tapmacalar” (1928) kitablarını da çap etdirir. “El aşıqları” kitabına Qurbani, Xəstə Qasım, Dədə Ələsgər, aşıq Hüseyn Şəmkirli və başqalarının tərcümeyi-halları ilə yanaşı, yaradıcılıqlarından yazıya aldığı yüzdən çox qoşma, gəraylı, təcnisləri, habelə Hüseyn Şəmkirliyə məxsus “Reyhan” dastanını da daxil edir. Mütəxəssislərin fikrincə, həmin kitabın əhəmiyyəti yalnız aşıq yaradıcılığının toplanması və nəşri ilə bitmir, o, eyni zamanda o vaxtdan bəri nəşr edilən aşıq şeirlərinin toplanılma və tədqiqi prinsiplərinin əsasını qoymuş olub.
Gözəl və özəl folklorşünasVəli Xuluflunun “ürək məntiqi” ilə yazdığı bir yazıdan bir hissə:
“Aşıqlar kəndin öz arasından çıxan, çox halda çobanlıq və ya nökərçilik zamanı yavaş-yavaş söz deyib, bala-bala saz çalmağı öyrənən, sonra da el-el, oba-oba gəzən sənətkarlardır. Bunlar camaatın hər bir xeyir işində, hayında-toyunda, şənində-sünnətində saz-sözüylə hazır olanlardır”.
“İlin hansı fəslində olursa-olsun, bir kəndə aşıq gəldimi, böyüklü-kiçikli bütün oba onun başına toplanar. Günün qulağı batan kimi yatmağa öyrəşmiş kənd uşaqları, ələlxüsus, nökərlər, sığırçılar axurlarda, xırmanlarda, dam-divar dibində böyüklərlə bərabər səhərəcən aşığın dəst dastanlarına, noğul nağıllarına qulaq asarlar. Bax, aşığın kütləni tərbiyə etməsi məsələsi də buradan başlanır”…
1928-ci ildə V.Xuluflu Azərbaycanı Öyrənmə Cəmiyyətinin xəttilə daha bir canlı xalq xəzinəsini- “Tapmacalar” kitabını nəşr etdirir. Tapmacaların ideya və bədii xüsusiyyətlərindən bəhs edən yığcam, lakin dərin məzmunlu müqəddimədə Azərbaycanda o dövrədək heç tədqiq olunmayan tapmacaların əhəmiyyəti, xalq ədəbiyyatı növləri içərisində mövqeyi və s. haqda danışan müəllif, onların xalq həyatı, məişəti, yaşayış tərzi, məşğuliyyəti və s. yaşamı ilə əlaqədar yarandığını, xalq həyatının “matematikası” olduğunu söyləməsi ardınca yazır: “El ədəbiyyatının başqa növlərinə nisbətən tapmacaların materialı daha real və daha təbiidir. Təbiətdə və həyatda nə görülürsə, tapmaca da onun üzərində qurulur. Kitabçanı başdan-ayağa qədər oxuyanlar bu materialların hamısının əfsanə və mövhumat üzərində deyil, təbiət üzərində qurulduğunu görəcəkdir. …Tapmacalar da uzun qış gecələrində adamları lampa işığı, yanar ocaq kimi başına toplayan xalq yaradıcılığı qüvvəsidir. Kəndlilər, ələlxüsus uşaqlar, bu xoş “çətincə” başına yığışıb, deyə-gülə xeyli gap-qələcə eləyərlər. Axı oralarda teatr, kino, sirk və s. bu kibi başqa ictimai yer, məşğuliyyət ünvanları yoxdur…”
Yorulmaz folklorşünas tapmacaların tək elə toplanması ilə deyil, onların coğrafi fərq və müqayisələrilə də məşğul olurmuş. Onlardan birini nümunə gətirək. Daim səfərlərdə olmuş bu tədqiqatçı öyrənib ki, kitab haqda məşhur tapmacanı Naxçıvanda:
Ay gedər adamla,
Bir xonça badamla,
Nə dili var, nə ağzı
Hey danışar adamla –
Bakıda (konkret olaraq Buzovnada) isə:
Ay gedir adamınan,
Bir xonça badamınan,
Nə dili var, nə ağzı
Danışır adamınan –
formasında deyirmişlər. Hələ burası da var ki, bu kitabçanın özəlliyi tək elə tədqiqatçının tapmaca janrının spesifik xüsusiyyətləri, bayatılarımızda olduğu kimi – az sözdə çox məna (hələ məqsədli yanıltma-yalanpışlığını demirik!) ifadə etməsindən dolayı fikirlər söyləməsi ilə məhdudlaşmır. Məsələnin bir “tapmaca” lılığı da bundadır ki, kitabda verilmiş 726 tapmaca əlifba sırası ilə düzülmüş və hər birinin yazıya alındığı yerlər də qeyd edilmişdir.
Azərbaycanda “Koroğlu” dastanının özünəməxsus söylənmə, toplanma, nəşr və tədqiq tarixi var. 1920-ci illərin əvvəllərindən “Azərbaycanı Öyrənmə Cəmiyyəti” də “Koroğlu” nun toplanmasına təşəbbüs göstərib. Müxtəlif mətbu orqanlarında eposdan nümunələr, seçmələr, yeni yazıya alınmış parçalar çap olunub. Həmin illərdə bu sahədə ən səmərəli fəaliyyət göstərənlərdən biri isə folklorşünas alim, professor Vəli Xuluflu idi. 1927-ci ildə V.Xuluflu “Koroğlu”nun iki qolunu – “Toqat səfəri” və “Bağdad səfəri”ni, 1929-cu ildə isə latın qrafikasında Hənəfi Zeynallının redaktorluğu ilə “Koroğlu”nun on qolunu yenidən nəşr etdirib. V.Xuluflu Koroğlu əhvalat və hadisələrini Tovuzda Aşıq Hüseyn Bozalqanlıdan toplayıb.
“Koroğlu” dastanının 1929-cu il nəşrinin önəmli məqamlarından biri “Gürcüstanda yaşayan Ahıska türklərindən Koroğlu” dastanıdır. Bu, müstəqil və çox dəyərli bir variantdır. “Ahıska türklərində Koroğlu” aşığın söylədiyi mətndir, o dəyişdirilməyib, işlənməyib və redaktə olunmayıb. “Gürcüstan-Ahıska türklərindən Koroğlu” variantını Məhəmməd Bidzinov V.Xulufluya təqdim edib. M.Bidzinov bu nağılı Ahıskada xalq aşığı Məhəmməd Yusifzadə Qoşayevdən yazıya alıb.
Kitabı BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova nəşrə hazırlayıb.
Kitab alimlər, folklorşünaslar, tələbələr və orta məktəb şagirdləri üçün nəzərdə tutulub.
XX əsr Azərbaycan xalqının tarixində ziddiyyətlərlə, mürəkkəb situasiyaların, gərginliklərin yaşanması ilə, müharibələrlə, itkilərlə, olmazın əzabların acısı ilə yaddaşlarda qalıb. Bu yüzillikdə Azərbaycan iki dəfə öz müstəqilliyinə qovuşub. Şərqdə ilk demokratik respublikanın qurucusu kimi adını tarixə yazıb. Ziyalı mücadiləsinin dönməzliyi, milli düşüncənin, azərbaycançılıq ideologiyasının formalaşması da bu əsrin adındadır. Qazandıqlarının nə dərəcədə çox olmasını deyə bilmərəm, ancaq itirdikləri sonsuzluqladır. Bu itkilərin başlanğıcı isə XIX əsrin əvvəllərindəki Gülüstan və Türkmənçay müqaviləsi ilə (1828) qoyulub.
Belə ki, həmin dövrdə rus və fars şovinizminin marağında Azərbaycan Şimali və Cənubi Azərbaycan olmaqla iki yerə bölündü. Şimali Azərbaycan144 min kvadrat kilometr ərazi ilə Rusiyanın istilasında qaldı. Çar Rusiyası və Sovetlər imperiyası Azərbaycana, bütünlükdə türk qövmlərinə qarşı daha amansız mövqe nümayiş etdirdilər. Sovetlər imperiyası Azərbaycan torpaqları hesabına bir Ermənistan respublikası formalaşdırdı. Çözülüb qurtarmayan ağrıların başlanğıcını qoydu. İrəvanın, Zəngəzurun, Göyçənin itkisi, Qarabağ müharibəsinin dəhşətləri bu əsrin adındadı. 37-ci il repressiyası adı ilə tarixə, xalqın yaddaşına yazılmış olan hadisələri də bura əlavə etdikdə məsələnin mahiyyəti daha da böyüyür. Çağdaş mərhələdən bu olanlara diqqət yetirəndə, onların mahiyyətini, məqsəd və məramını aydınlaşdırmağa çalışanda düşünürsən ki, bu xalq hansı dəhşətləri, faciələri yaşayıb.
Artıq Azərbaycan özünün müstəqilliyini qazanıb. Müstəqillik Azərbaycan xalqının son dövrlərdə, sovetlər imperiyasının dağılmasından sonra qazandığı ən böyük uğurdur. Ulu yaradanın millətimiz üçün açdığı nicat qapısıdır. Bu gün biz tariximizi, keçib gəldiyimiz yolu daha dərindən, daha ağılla, düşünülmüş şəkildə öyrənməli və baş verənlərdən, olanlardan nəticə çıxarmalıyıq. Müsbət olan odur ki, belə bir işin başlanğıcı qoyulmuş və müxtəlif istiqamətli işlərin aparılmasına rəvac verilmişdir. Bir qədər də cəsarətlə desək olunacaq işlər, gediləcək yol müəyyənləşdirilmişdir. Tarixçilərin, etnoqrafların, arxeoloqların, ədəbiyyatşünasların, folklorşünasların, musiqişünasların və sair gördüyü işlər buna nümunədir.
Repressiyaya məruz qalan vətən oğullarının acı taleyi xalqın onurğa sütununu sındırmağa, bir etnos olaraq mövcudluğunun silinməsinə hesablanmış planın əsaslı tərkib hissəsidir. İndi ən böyük iş həmin olanları bir ideologiya, siyasət hadisəsi olaraq xalqa (böyükdən kiçiyə) çatdırmaqdır. Milli dövləti olmağın, müstəqilliyin nə qədər müqəddəs, əvəzsiz olduğunu aydınlaşdırmaqdır. Müstəqilliyin keşiyində bir əsgər kimi dayanmaq borcunun şərəfidir.
Azərbaycan el-obalarını oymaq-oymaq gəzib, xalqın hikmət qənimətlərini-tapmacasından tutmuş atmacasınadək bütün ağız incilərini, şifahi ədəbiyyat yatırını imkanı qədər toplayıb çap etdirən bu repressiya qurbanı rəsmi-rəyasi mənbələrdə yalnız ölümündən 18 il sonra (1956-cı ildən) “görkəmli ədəbiyyatşünas-alim”,“alovlu publisist”, “mükəmməl ziyalı”, “ictimai xadim” adlandırılıb…
Sağlığında isə dost-aşinalar arasında onu, saysız “elat səfərləri” sil-siləsində dil-ağızlardan yazıya alıb 1927-ci ildə çap etdirdiyi bəlli qəhrəmanlıq dastanımızla ilgili- “Koroğlunun qələm dəlisi” adlandıranlar da varmış…
Aynur Turan