![]()
Yanvarın 30-da Milli Məclisin Gənclər və idman komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti haqqında təqdimatı keçirilib. Komitənin sədri Şahin İsmayılov iclası açaraq Milli Məclisin sədri Sahibə Qafarovaya tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.
İclasın 2 fevral Gənclər Günü ərəfəsində keçirildiyini deyən Şahin İsmayılov bu əlamətdar gün münasibəti ilə gənclərə öz təbriklərini çatdırıb, rəhbərlik etdiyi komitənin gənclər təşkilatları ilə səmərəli əməkdaşlıq etdiyini söyləyib. O, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-ci il fevralın 2-də Azərbaycan Gənclərinin Birinci Forumunun keçirildiyini, Ümummilli Liderin müvafiq sərəncamı ilə Azərbaycanda Gənclər Gününün təsis edildiyini vurğulayıb.
Komitə sədri Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın qəbul edildiyini, Gənclər Fondunun bu istiqamətdə səmərəli fəaliyyət göstərdiyini qeyd edib. O, gənclər siyasətinin daim dövlətimizin prioritetləri sırasında olduğunu, ölkəmizdə bu sahənin inkişafı ilə bağlı mühüm addımların atıldığını deyib. Azərbaycan Prezidentinin gənclərin ictimai-siyasi həyatda aktiv iştirakı ilə bağlı söylədiyi fikirlərə diqqət çəkərək, onların bu tövsiyələrdən yararlanaraq fəaliyyət göstərdiklərini bildirib.
Anar Məmmədov

.

.

.

Subyekt.az