
15 fevral 2025 – ci il tarixində “Qarabağ müharibəsi əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”, həmçinin AVMVB- nin Kəlbəcər rayonu şöbələrinin təşkilatçılığı ilə Gəncə şəhərində Kəlbəcər Batalyonu Murovdağ şəhidlərinin anım günü keçirildi. Yığıncaqda batalyonun yaradılmasındandan başlayaraq, sonradan xidmət etmiş zabit və döyüşçülər, şəhid ailələri iştirak etdi. Kəlbəcər Batalyonu oktyabr 1991- ci ildə 809 saylı batalyon, 01 05.1992 –ci ildən sonra 701 saylı h/ h- nin tərkibində 712 saylı tabor (Kəlbəcər batalyonu), sonra isə 3- cü tabor adı altında Kəlbəcər, Laçın, Füzuli, Ağdam uğrunda aparılan döyüşlərdə cəsarətlə iştirak etmiş, itkilər vermişdir.
Batalyonun döyüş yolu haqqında “Murovda qalan izlər” və “Kəlbəcər batalyonu” adlı kitabları işıq üzü görüb. Təşəbbüs qrupu tərəfindın yığıncağın idarə edilməsi mənə həvalə edilmişdi. Azərbaycanın müqəddəs şəhidləri, o cümlədən Murovdağ qış əməliyyatı şəhidləri 1 dəqiqəlik sükutla yad edildikdən sonra məruzə üçün “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi” nin Kəlbəcər rayonu üzrə yeni seçilmiş sədri, batalyonun keçmiş qərargah rəisi, daha sonra komandiri olan Balay Nəsibova söz verildi.
Natiq öz çıxışında 1991- ci ildə Milli Ordunun ilk yaranması, Kəlbəcərdə h/ h- nin quruculuğunda çətinliklər, görülmüş işlər, qazanılmış uğurlar, Ağdərə əməliyyatı, Laçın əməliyyatı, Kəlbəcərin süqutu dövründə olan döyüşlər, problemlər, ağır qış dövrü və relyef şəraitində keçirilmiş 1994- cü il Murovdağ qış əməliyyatı, sonradan döyüşçülərimizin Füzuli və Ağdamın azad olunması uğrunda aparılan əməliyyatlarda, 2020 – ci ildə, 44 günlük Vətən savaşında, Antiterror əməliyyatında kəlbəcərlilərin fəal işirakı, xidmətlərindən danışdı, bütün 28 illik işğal dövrü mübarizə əzmlərinin daim yüksəkdə tutduqlarını və savaşa hazır olduqlarınl vurğuladı.
Müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin qanı, qazilərimizin və döyüşçülırimizin canı, əzab – əziyyəti bahasına qazanılmış tarixi qələbə, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması yüksək qiymətləndirildi. Gələcəkdə baş verəcək hər hansı düşmən təxribatına qarşı döyüşçülərin hər zaman onun yanında olacağını bildirdi. Həmçinin o, Azərbaycanla Ermənistan arasında sülh sazişi olmayanadək və sonrakı dövrdə arxayınçılığa qapılmamağı, daim döyüşə hazır vəziyyətdə olmağın vacibliyini qeyd etdi.
Batalyon komandiri əvəzi şəhid Fehruz Alışovun qardaşı Xəlil Rüstəmov, şəhid Fariz Sarıyevin qardaşı Akif Sarıyev, bacısı Fıxrəndə Sarıyeva, şəhid Mirzəli Mehdiyevin qardaşı Gəncəli Mehdiyev, şəhid Zimistan Qurbanovun qardaşı Vasif Qurbanov, şəhid Atayev Əlinin qardaşı Rizvan Atayev, şəhid Mürşüd Məmmədovun oğlu Amil Məmmıdov, şəhid atası Habil İbrahimov, cəsur döyüşçülərdən İbad Vəliyev, Qismət Allahverdiyev, zabitlərdən kapitan Akif Kamalov, mayor Adil Nağızadə, döyüşçü Vüqar İsayev və digər iştirakçıların çıxışları, təklifləri böyük marağa səbəb oldu. Yekunda batalyon şəhidlərinin anım gününün mütəmadi olaraq hər il 15 fevralda keçirilməsi, bu qrupdan olan insanların yerlərdə diqqət və qayğı ilə əhatə olunması, qanunla təsbit olunmüş hüquqlarının müdafiəsi ilə bağlı dövlət icra orqanları ilə birgə fəaliyyət və digər məsələlərin gələcəkdə daha da inkişaf etdirilməsi qeyd edildi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə şəfa, vətən oğulları döyüşçülərinə isə can sağlığı versin. Azərbaycanımızın başı daim uca olsun!
#Kəlbəcər #MurovdağƏməliyyatı #Şəhidlər_Ölməz #Heç_Kim_Unudulmur
Mayil Adilov
Ehtiyatda olan zabit
Subyekt.az