
” Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir”.
Heydər Əliyev
Müəllim – zülməti yaran nur, cəhaləti elmin qılıncıyla yox edən, elmi üstün olan, qəlbiylə insanlara yaxınlaşan, böyük örnək, insanlara elm öyrətməklə həyatını şam kimi əridən, qəlblərdə əbədi həyat quran şəxsiyyətdir. O, hikkədən kənar, qürurdan uzaq, bar verən ağac kimi başıaşağı, gülməsi təbbəssüm, millətin xalqın yükünü çiynində daşıyan fədaidir. İdeallığa doğru gedən, ancaq yerişini dəyişməyən, heç bir qarşılıq gözləmədən könül saraylarını inşa edən, ciddiyyəti qəlbinə hakim edən, ancaq təkəbbürlənməyən, peşəsini sevən, sevməyi sevən, nifrətə nifrət edən bir anadır. O, xətaları görən ancaq, sahibinə söyləməyən, əməlləri ilə onlara örnək olmağa çalışan bir insandır. Onun örnəyi elə onun həyatıdır. Əsl müəllim bildikləri ilə kifayətlənməyərək hər gün elmin bağçasında yeni-yenibiliklər öyrənər. Bildiklərini şagirdləri ilə paylaşmağı özünə sevinc hesab edər. İnsani münasibətlərdə insanlara insan olduğu üçün dəyər verər.
Müəllim insan memarı, ümid qəhrəmanı, məhəbbət dolu bir qəlb, ismətliylə bir örnəkdir. Elə bir örnək ki uşaq təfəkkürümüzdə saf, təmiz, əxlaqlı mehriban bir qəhrəmana çevrilərək bütün həyatımız boyu əməllərimizdə yanımızda olan bir örnək. Anadan sonra yer üzünün fədaisi müəllimdir. İnsan məxluq, elm isə Allahın mülküdür. Müəllim isə elm mülkünün Allahın bəndəsinə ötürücüsüdür. Ən böyük ötürücü isə Hz.Muhəmməd (səllalahü aleyhi və alihi salam) dır. ― Alimlər mənim varislərimdir. Alimin ölümü yerdə aləmin ölümüdür, deyən peyğəmbərimiz, elm sahiblərinin alim olmasında da müəllimin roluna müstəsna əhəmiyyət vermişdir. Müəllim könül insanı, qəlb dostu, həqiqət carçısı bəşəriyyətin iftixarı dünya və axirət günəşidir. O, dinləyicisinin mənəvi dünyasına baş vuraraq onun nəfsinin təmizliyini, əxlaqının gözəlliyini təmin edər. Beləliklə müəllim əməyi sayəsində dil qəlbin tərcümanına, göz də qəlbin aynasına çevrilər. İnsan onun vasitəsi ilə kainatda bütövləşər, özünə yer tapar. Məktəb – müqəddəs bir məbəddir. Müəllim isə burada maarif, fəzilət, sevgi qapılarını insanların üzünə açandır. Hər il oktyabrın 5-i bütün dünyada Müəllim Günü kimi qeyd olunur. Hələ Keçmiş Sovet İmperiyasında 1965-ci il qərarı ilə qeyd edilən müəllim günü ölkəmizdə müstəqillik qazandıqdan sonra isə oktyabrın ilk bazar günü daha geniş qeyd edilir. Bu gün müəllimlər öz peşə bayramlarını keçirirlər. Bu gün hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən müəllim tutur. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşə olduğundan insanlar həmişə müəllimə hörmətlə yanaşmışlar. Müxtəlif dövrlədə minlərlə müəllim əməyi milləti cəhalətdən qurtarmış, müharibələrin qarşısı alınmış, insanlar elm və texnikanın gücü ilə texnika əsrinə gəlib çatmışdır. Müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşür. Bu əməyin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Ümummilli liderimiz Heydər Əliyev də həmişə müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini həmişə minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Onun ölkəmizə rəhbərli etdiyi bütün dövrlərdə həmişə müəllimələrimiz diqqət mərkəzində olmuş, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalınmışdır. Aqillər deyib ki, uşaq beyni ağ vərəqə bənzəyir: Oraya nə yazılsa əbədi qalar. Demək sağlam fikirli, aydın düşüncəli, cəmiyyət üçün gərəkli övladlar böyütmək üçün o ağ vərəqə dəyərli amillər, xeyirxahlıq, vətənpərpərvərlik, saflıq-paklq, səmimiyyət bildirən hissləri hopdurmalı, düşüncələrinə ağıqaradan seçməyi yazdırmalıyıq. Bu gün təmiz beyinlərə elə ― toxum ‖ səpməliyik ki, sabah özümüz utanmayaq. Bütün bunları öyrənmək üçün bir məkan – məktəb, öyrətmək üçün isə bir insan var – müəllim. Bu günün müəllimləri də daima şagirdlərinə vətənpərvərlik, xeyirxahlıq, hörmət və bu kimi insani xüsusiyyətləri aşılamalı XIX əsrin birinci yarısına qədər Azərbaycanda yalnız mollaxanalar və mədrəsələr var idi. Bu məktəblərin də xüsusi bir dərs rejimi var idi. Əsas etibarı ilə bu tipli məktəblər Azərbaycan uşaqlarını öz ana dilindən uzaqlaşdırırdı, burada nə Azərbaycan, nə də başqa dillərdə heç bir fənn tədris olunmurdu. Lakin Bakıda XIX əsrdə ilk məktəblər açılması, müəllim ordusunun artması ilə ana dilimizin inkişafına da təkan verdi. Ölkədə cəhalətə demək olar ki son qoyuldu. Müəllim gününün qeyd edilməsinə dair isə ilk dəfə olaraq qərar 1966-cı ildə YUNESKO-nun qərarı ilə verilib. O gündən indiyədək dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-i müəllim günü kimi qeyd edilir. Azərbaycanda isə müstəqillik əldə ediləndən sonra bu gün qeyd xüsusi edilməyə başlandı.
Təhsil prosesinin əsas siması müəllimdir. Müəllim peşəsinə yiyələnmiş hər bir şəxs uşaqları sevməli, şagirdləri ilə səmimi münasibət qurmağı bacarmalı, onlara bu peşənin sirlərini açmalıdır. Müəlllim bir peşə olduğu kimi onu icra etmək üçün bir sıra qabiliyyətlər olmalıdır. Bu qabiliyyətlər sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur. Akademik qabiliyyət – geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur.
Didaktik qabiliyyət – bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiyələnməkdə özünü göstərir.
Müəllimdə ünsiyyət – (kommunikativ) qabiliyyəti – uşaqlarla, öz həmkarları və valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur Konstruktiv qabiliyyət – isə özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqla ifadə olunur
İradi-emosional qabiliyyət – müəllimin özünü, hisslərini düzgün idarə etməkdə, mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli olmaqla ifadə olunur
Pedaqoji qabiliyyətlər – insana hazır verilmir; onları gündəlik fəaliyyətdə, gərgin əməklə qazanmaq olar.
Müəllimlik işinin xüsusiyyətlərindən danışarkən isə aşağıdakıları qeyd etmək olar :
1) Müəllim yüksək əqidə, məslək sahibi, müəllim — Vətəndaş olmalıdır. O, xalqın, Vətənin problemləri ilə yaşamalı, gəncliyi də bu ruhda yetişdirməlidir. Xalq şairi B.Vahabzadə vaxtilə orta məktəbdə ədəbiyyat müəlliminin necə Hüseyn Cavid və onun ağır həyatı haqqında ürək yanğısı ilə, hətta ağlayaraq dərs keçməsini xatırlayır danışırdı.
2) Müəllim yüksək mədəniyyətə və mənəviyyata malik olmalıdır. O, özündə zahiri və daxili mədəniyyəti, nəcib əxlaqi keyfiyyətləri (düzlük, ədalətlilik, xeyirxahlıq,humanizm, sadəlik və b.) cəmləşdirməlidir. Müəllim tərbiyə işinə özündənbaşlamalıdır, çünki özündə olmayan keyfiyyəti başqalarına verə bilməz.
3) Müəllim dərin biliyə, erudisiyaya malik olmalıdır. Bilik müəllimin əsassilahıdır. Y.A.Komenski biliksiz müəllimi işıqsız lampaya, susuz bulağa bənzədirdi. Belə ” müəllim ” uşaqlara dərin bilik verə bilməz. Zəif müəllim zəif dəşagird, tələbə yetişdirər.
4) Müəllim fənnini, peşəsini və uşaqları sevməlidir. L.N.Tolstoya görə, öz işinisevən müəllim yaxşı müəllimdir, bununla yanaşı uşaqları və fənnini sevən müəllim isə əla müəllimdir. Pedaqogika tarixində uşaqları öz övladı kimi sevən, onlara ürəyini verən müəllimlər az olmamışdır Y.Korçak, V.A.Suxomlinski, A.S.Makarenko, Y.Talıbov, və b. belə müəllimlərdən biri olmuşdur.
5) Müəllim yüksək nüfuz sahibi və uşaqlara nümunə olmalıdır. Dərin bilik, mədənilik, mənəviyyat nümunəsi olan müəllimin nüfuzu da yüksək olur. Nüfuzu qazanmaq çətin, itirmək isə asandır: yersiz hərəkət, ədalətsiz münasibət, ehtiyatsız söz müəllimi nüfuzdan sala bilər. Buna görə də, hər bir müəllim sözlərinə və hərəkətlərinə məsuliyyətlə yanaşmalı, öz nüfuzunun keşiyində durmalıdır. Müəllim sözü müqəddəs deyil müqəddəs olan müəllimlikdir.Yəni müqəddəs olanlar öz vəzifələrini layiqincə yerinə yetirən insanlardır. Müəllim gənc nəslin formalaşmasında böyük rol oynayır. Uşaq ikən bizə qələm tutub yazmağı öyrədən, hər il keçdikcə öz bildiklərini bizimlə bölüşən dəyəli varlıqlardır müəllimlər.
Aynur Turan
Subyekt.az