![]()
Fransanın Baş naziri Sebastyen Lökornü noyabrın 10-da Matinyon iqamətgahında həmkarlar ittifaqları və işəgötürən təşkilatlarının nümayəndələri ilə sosial konfrans keçirəcəyini açıqlayıb. Görüş ölkə üzrə noyabrın 5-də keçirilən genişmiqyaslı etiraz aksiyalarından sonra baş tutacaq.
Subyekt.az AZƏRTAC-a istinadən xəbər verir ki, Baş nazir əmək və həmrəylik nazirindən son günlər aparılan məsləhətləşmələri bazar gününədək yekunlaşdırmağı xahiş edib. Hökumət dövlət qulluqçularını təmsil edən qurumlarla müzakirələri də davam etdirir.
Daxili İşlər Nazirliyinin saat 13:00-a olan məlumatına əsasən, Paris istisna olmaqla, ölkə üzrə keçirilən 180 yürüşdə 270 min nəfər iştirak edib. Ümumi Əmək Konfederasiyası (CGT) isə 73 şəhərdə 250 mindən çox nümayişçinin iştirak etdiyini bildirib. Saat 17:00 radələrində nazirlik Paris də daxil olmaqla, aksiyalarda iştirak edənlərin ümumi sayının təxminən 600 min nəfərə çatdığını açıqlayıb. Müqayisə üçün qeyd edək ki, nazirliyin məlumatına görə, oktyabrın 17-də keçirilən aksiyalarda 550 min nəfər iştirak edib.
Dövlət və ictimai xidmət sahələrinin əməkdaşları da tətilə qoşulublar. İctimai Hesablar və Fəaliyyət Nazirliyinin məlumatına əsasən, günorta saatlarına olan məlumata görə, dövlət qulluqçularının 9,89 faizi, yerli idarəetmə orqanlarının əməkdaşlarının 4,60 faizi, xəstəxana sektorunda çalışanların isə 3,93 faizi tətilə qatılıb.
Subyekt.az