“Ciddiyə alınmamaq kompleksi Makronu səhvlərə sürükləyir”
Qarabağ müharibəsindən sonra “Ermənistanın yeni himayədarı” kimi ortaya çıxan Fransa bölgəni yenidən oda atacaq addımlar atır. Fransanın Zəngəzur dəhlizindən çox narahat olduğunu dilə gətirən ekspertlərə görə, Afrikadakı müstəmləkələrindən qovulan Paris buna görə Türkiyənin məsuliyyət daşıdığını düşünür və Ankaraya təzyiq etmək istəyir.
Subyekt.az Musavat.com-a istinadən xəbər verir ki, bu fikirlər TRT Haber-in yayımladığı məqalədə öz əksini tapıb.
Məqalədə qeyd olunub ki, son zamanlarda Ermənistanda Fransanın adı çox eşidilir və Paris burada addımlarını gah açıq-aşkar, gah da kəşfiyyat təşkilatları vasitəsilə gizli şəkildə atır.
Müəllif Sertaç Aksan yazıda eyni günlərdə yayımlanan iki ayrı xəbərin, əslində, bölgə ilə bağlı əhəmiyyətli ipucları verdiyinə diqqət çəkir:
“Fransanın “Le Figora” nəşrində yer alan məqalədə Paris-İrəvan xətti ilə bağlı maraqlı detallar yer alıb. Yazıda irəli sürülən iddialara görə, Fransa prezidenti Emmanuel Makron Azərbaycanın Qarabağ əməliyyatı zamanı bəzi addımlar atmaq istəyib. Bura Laçın dəhlizindən yürüş edərək keçmək, Avropadan Azərbaycanla bağlı birgə qınama qərarı tələb etmək, Vatikandan açıqlama gözləmək kimi mövzular aiddir.
İkinci xəbərdə isə Azərbaycan Kəşfiyyat Xidmətinin beynəlxalq mediada əksini tapan açıqlamalarına yer verilib. Azərbaycan kəşfiyyatının məlumatına görə, Fransa Ermənistanı yeni müharibəyə hazırlayır və Bakının milli təhlükəsizliyinə xələl gətirəcək casus şəbəkəsi yaratmağa çalışır.
Bütün bunlardan aydın olur ki, Fransa Ermənistan məsələsində yeni qapı açır. Bundan başqa, Makronun Ukrayna-Rusiya müharibəsi ilə bağlı mövqeyi, müxtəlif vaxtlarda verdiyi açıqlamalar və Avropa Birliyindən tamamilə ayrı tonu diqqəti Parisə çəkir”.
Məqalədə qeyd edilir ki, Ermənistan üzərindən oynanan oyun Türkiyəni də yaxından maraqlandırır.
Bölgədəki prosesləri yaxından izləyən Atatürk Universitetinin dosenti Savaş Eyilmez TRT Haber-ə mövzu ilə bağlı açıqlamasında deyib ki, İkinci Qarabağ Müharibəsi Azərbaycan mütləq üstünlüyü ilə başa çatandan regionda qüvvələr balansı yenidən formalaşmağa başlayıb.
Onun sözlərinə görə, məğlubiyyətdən sonra Moskvaya ümidini itirən İrəvan hökuməti Avropa İttifaqı və NATO-ya yaxınlaşmağa başlayıb:
“Burada Fransa işə qarışaraq İrəvan və Paşinyanın müdafiəçisi rolunu oynamağı öz üzərinə götürdü. Bu istiqamətdə siyasi addımlar atmağa başladı. Məsələn, Fransanın xarici işlər naziri Kolonna İrəvana səfəri zamanı Ağrı dağının fotosunu paylaşaraq “Mən Ermənistana qayıtmışam” deməklə İrəvana hər cür hərbi yardımın edilə biləcəyini açıqlamışdı”.
Qarabağ qələbəsindən sonra imzalanan sazişin ən mühüm maddələrindən biri də Azərbaycanla Naxçıvan arasında yeni nəqliyyat əlaqəsi oldu. Savaş Eyilmezin sözlərinə görə, bu vəziyyət Fransanı ciddi şəkildə narahat edib:
“Zəngəzur dəhlizinin reallaşması ilə türk dünyasının ticarət, logistik və siyasi əlaqələri güclənəcək. Zəngəzur həm Türk Dünyasının, həm də bölgənin parlayan ulduzu olacaq.
Regionda baş verən son proseslər onu göstərir ki, bəzi qərb dövlətləri, eləcə də Fransa və İran Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün irrasional fəaliyyətlə məşğuldurlar. Xüsusən də Paris və Tehran terror qruplaşmalarını dəhlizə yerləşdirir, onları silah və pulla təmin edir. Zəngilandan başlayaraq Daşkəsənə qədər uzanan xəttə PKK terrorçuları da daxil olmaqla 10 min silahlı yerləşdirilib. PKK/YPG terror təşkilatından başqa Sasna Tsrer, Voma, Poqa, Nor Asala, Bever, Yerkrapa kimi erməni terror qrupları da var.
Açıq mənbələrdə əksini tapan bəzi məlumatlarda Zəngəzur dəhlizinə yerləşdirilən bu terrorçulara gündə 12 dollar maaş verildiyi və bunun Fransa, o cümlədən erməni diasporu tərəfindən işıqlandırıldığı iddia edilir. Bundan başqa, təhlükəsizlik mənbələri Ermənistan – Azərbaycan sərhəd xəttində və Zəngəzur bölgəsində yerləşdirilən terrorçu qrupların PKK terror təşkilatı tərəfindən ciddi şəkildə dəstəkləndiyini bildirir.
Təkcə bu deyil… Fransa və İran hərbi ekspertləri bu terrorçulara sui-qəsd, təxribat, elektron müharibə, raket, mina və kəşfiyyat təlimləri verirlər. Atdığı addımlarla yeni müharibəyə hazırlaşdığı görünən Ermənistan məğlubiyyətlərindən dərs çıxarıb razılaşmalara sadiq qalmaq əvəzinə, Fransa və İrandan aldığı təlimatları yerinə yetirir. Yenə də İrəvan açıq-aşkar böyük məğlubiyyətə sürüklənir. Onlar indi bir şeyi aydın başa düşməlidirlər… Ermənistanın hansı dövlətlərlə, hansı terror qruplaşmaları ilə müttəfiq olmasından asılı olmayaraq, Azərbaycan – Türkiyə qardaşlığına qarşı uğur qazanması mümkün deyil”.
Ermənistanın Rusiyanın boşluğunu Fransa ilə doldurması öz daxilində başadüşüləndir. Ancaq Parisin həm Rusiya-Ukrayna müharibəsi, həm də Ermənistan məsələsi ilə bağlı son vaxtlar dilə gətirdiyi məsələlər kifayət qədər maraqlıdır. Savaş Eyilmez Makronun nə etmək istədiyi ilə bağlı suala belə cavab verib:
“Fransanın 600 mindən çox mütəşəkkil və nüfuzlu erməni əhalisi var. Bunu gözardı etməmək lazımdır. Fransa və onun lideri Makron, əslində, “ciddiyə alınmamaq kompleksi” ilə Avropanın liderliyi üçün oynayır. Bunu o qədər həvəslə və tələsik edir ki, Fransa üçün ciddi səhvlərə səbəb olur. Makron xüsusilə Türkiyə və Azərbaycana hücum edərək Afrika və Qafqazda itirdiyi gücü və nüfuzunu insanlara unutdurmağa çalışır. Üstəlik, o, “Ukraynaya əsgər göndərək” kimi qəribə ifadələri ilə həqiqətən də gülüş doğurur.
Bu açıqlamalar çox ciddi qəbul edilməsə də, Moskva və Berlin tərəfindən yeri gələndə hesab soruşmaq üçün qeyd edilir. Hələlik Berlinin Parisə reaksiyası Fransanın Avropa Parlamentinə təqdim etdiyi təkliflərə veto qoyması ilə formalaşır”.
Başda dediyimiz kimi, məsələnin Fransa-Ermənistanı və təbii olaraq Azərbaycana təsir etdiyi görünsə də, Türkiyədən müstəqil olaraq hadisələrin inkişafını düşünmək mümkün deyil”.
Sertaç Aksan ümumi mənzərənin Ankaradan necə göründüyünə də toxunub. O, Fransanın son dövrdə həyata keçirdiyi siyasətləri üçün Türkiyədə ayrıca bir başlıq açmağın zəruri olduğunu vurğulayıb:
“Hətta bu başlıqları iki alt başlıq ilə bəzəyə bilərik: Afrikada Türkiyə və Qafqazda Türkiyə. Hər iki vəziyyət Fransanın yuxusunu qaçıracaq səviyyədə Türkiyənin xeyrinə inkişaf edir.
Afrikadakı müstəmləkələrindən bir-bir qovulan Fransa bunun əsas səbəbi kimi Türkiyəni görür. Fransada ümumi rəy “Qarabağın itirilməsinin səbəbi Türkiyədir” kimi formalaşıb”.
Savaş Eyilmez atılan addımları “Türkiyədən Afrika və Qafqazın qisasını almağa çalışmaq” kimi şərh edib.
Subyekt.az