Bir neçə gün əvvəl doğulduğum rayondan – doğma Masallıdan mənə bir kitab göndərilmişdi. Kitabı Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Yeni həyat” ictimai-siyasi qəzetinin baş ədəbi işçisi, “AzpressTİMES.az” saytınınn redaktoru, tanınmış jurnalist, publisist Akif Ağayev yollamışdı.
Kitab Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizə və qazilərimizə həsr olunub. Kitabda, həmçinin I Qarabağ müharibəsi zamanı məcburi köçkün olan şəxslərin həyat hekayələri də yer alıb.
İlk olaraq belə bir kitabı araya-ərsəyə gətirdiyinə görə qələm dostuma təşəkkür etmək istəyirəm. Şəhidlərimizin və qazilərimizin keçdiyi ömür yoluna nəzər salmaq qələm adamlarının müqəddəs vəzifələrindən biridir.
Kitaba Ön sözü filologiya elmləri doktoru, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi, tanınmış tənqidçi Vaqif Yusifli yazıb. Kitabın redaktoru isə tanınmış şair-publisist Arif Fərzəlidir.
Kitab “20 Yanvar – ağrılı xatirələr”, “Bütövləşən Vətən – Vətənləşən şəhidlər”, “Şəhid anasının görüşünə gedək”, “Ölümü gözə alan igidlərimiz” və başqa bölmələrdən ibarətdir. Hər bölmə qəhrəman oğullarımızın keçdiyi ömür yolunu bizim gözlərimizdə canlandırır.
Bayraq kimi ucadır, torpaq kimi müqəddəs,
Ana Vətən çağırdı, səsinə verdiniz səs,
Sizlərin qarşısında səcdə edir hər bir kəs,
Tarix yazan igidlər, Vətən olan şəhidlər!
“Fitrətimizdədir vətənpərvərlik” kitabını oxuyarkən neçə-neçə tanış şəhidimizin ömür yoluna yenidən nəzər saldım. Onların haqqında yazılan məqalələri oxuyarkən bir daha əmin oldum ki, doğrudan da, insan sonradan qəhrəman olmur, qəhrəman doğulur.
Ana torpaqdan güc aldın,
Düşmənlərindən öc aldın,
Ucaldıqca sən ucaldın,
Bayrağa dönən şəhidim!
Kitabda həm I Qarabağ, həm də II Qarabağ müharibəsinin Masallıdan olan şəhidləri haqqında geniş məlumat verilib. İlk məqalələrdən biri qəhrəman polis, Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan Səfəralı Məmmədov haqqındadır. S.Məmmədov Xocavənd rayonunun Qaradağlı kəndinin sakinlərini xilas edərkən minaya düşərək həlak olub və şəhidlik zirvəsinə yüksəlib.
Növbəti məqalə Milli Qəhrəman Elşad Hüseynov haqqındadır. E.Hüseynov Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub.
Ana üçün bala, övlad itkisi faciədir… Lakin öz balasını (balalarını) Vətən yolunda qurban verərək əyilməyən, sınmayan analardır Azərbaycan qadınları. Biz II Qarabağ müharibəsində necə böyük qəlbli analar gördük… O qəhrəman oğulları böyüdən mərd analar… Çiynində oğul tabutu daşıyan qəhrəman analar… “Şəhid anası” şeirimdə onların böyüklüyünü, əsalətini belə ifadə etmişdim:
Vətən qibləmizdir, səcdəgahımız,
Ona fəda olsun bizim canımız,
Vətənin anası, bizim anamız,
Şəhid anası!
Tabutu göylərə qaldıran əli,
Qürurun, vüqarın canlı heykəli,
Bir gecədə saçı ağaran gəlin –
Şəhid anası!
Onun yoldaşıdır səbir və dözüm,
Təsəlli dərdinə olmayır çözüm,
Qarşında acizdir ən güclü sözüm,
Şəhid anası!
İntiqam və Nurlan Əsgərovlar – iki şəhid qardaş. Nurlan Aprel döyüşlərində, İntiqam isə Şuşa uğrunda şəhid olub. Onların anası – Ziba xanım ilə müəllifin müsahibəsini oxuyarkən göz yaşlarım axmağa başladı… O qədər təsirliyidi ki, Ziba ananın Şuşa ziyarəti… Özümü onun yanında hiss etdim… Yuxularda gördüyün məkanı real həyatda görmək qəribə duyğudur… Və əgər bu məkan sənin balanın şəhid olduğu yerdirsə… “Sən demə İntiqam əbədiyyətə qovuşduğu gecə yuxuma girərək şəhid olduğu yeri mənə göstəribmiş. Bu da Allahın hikməti, qismətidir ki, o müqəddəs məkanı görmək mənə nəsib oldu. Və həmin yerdə Nurlanımın hərbi geyimini mənə təqdim etdilər. Arzum və yuxum çin oldu…”.
Torpaqlarımız işğaldan azad edildikdən sonra Şuşaya ilk səfərim zamanı onun mistik şəhər olduğuna inanmışdım. Ziba ananın Şuşaya səfəri bunu mənə yenidən xatırlatdı…
Anar Novruzovun şəhid olduğu günü çox yaxşı xatırlayıram. A.Novruzov dəfn olunan günü Ərkivanda yeddidən yetmişə hər kəs onu son mənzilə yola salırdı. Həmin günü Anar Novruzova, o cümlədən bütün şəhidlərimizə bir şeir həsr etdim:
ŞƏHİDİM
Bundan sonra
səsindən
nur yağmayacaq yer üzünə.
Günəşin çöhrəsi
əvvəlki kimi işıqlanmayacaq, şəhidim…
Bundan sonra
gülüşlərinin hərarəti
isitməyəcək kainatı, şəhidim…
Bundan sonra
Anan
qurban ola bilməyəcək boyuna.
bacıların
oynaya bilməyəcəklər
sədası gələməyən toyuna, şəhidim…
Bundan sonra
göz yaşları yuva salacaq
atanın üzünün qırışlarında…
Bundan sonra
bir qızın
arzusu yox,
yuxusu çin olacaq.
Məzarın üstündə
salxım söyüdlər
saçını yolacaq, şəhidim…
Bundan sonra
məğrur addımların
sevindirməyəcək torpağı, şəhidim…
Bundan sonra
“Dözüm” səbrini yoracaq
yolunu gözləyənlərin, şəhidim…
Bundan əvvəli var…
Bundan sonrası yoxdur, şəhidim…
Bundan sonrası sonsuzluqdur, şəhidim…
Sonradan A.Novruzovun şəhidlik zirvəsi ilə bağlı bir məqalə də yazdım. Biz qələm adamlarının təsəllisi o olur ki, şəhidlərimizin qəhrəmanlıqlarından bəhs edən hekayələr, məqalələr, şeirlər və s. yazaq. Doğrudur, onların qəhrəmanlıqları qarşısında bizim yazdıqlarımız sönük qalır… Lakin bizim də təsəllimiz bu olur…
Kitabda Ramiz Cəfərov, Sahib Şirəliyev, Famil Əlizadə, Sənan Seyfullayev, Araz Seyfullayev, Murad Nefesov, Zaur Hüseynov, Amid Salayev, Sənan Mirzəyev, Ramil Məmmədov, İsmayıl İsayev, Şəmistan Yusifli, Sahil Babayev, Əmrah Abbasov, Mikayıl Həmidli, Eltac Əhədov, Nəsib Tağıyev, Şaiq Talıbov, Simran Rzayev, Fuad Həsənov, Cavanşir Qasımov, Əfqan Mirzəyev, Nəbi Teymurov, Mircəlil Əliyev, Əhməd Mirzəyev, Rafiq Əlihəsənov, Valeh Kərimov, Faiq Şükürov, Aqil Məlikov haqqında da məqalələr vardır. Bu məqalələri oxuyarkən düşündüm ki, belə qəhrəmanlar Vətəni daim yaşadacaqlar!…
Hüsnünə aşinadır,
Sevdalı ürəyimiz.
Bir ölüb, min dirillik,
Səni yaşadarıq biz.
Vətən!
***
Kitabda şəhidlərimizlə yanaşı, qazilərimiz haqqında da məqalələr yer alıb. Belə məqalələrdən biri Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı bir qolunu itirən Daməd İbrahimli haqqındadır. “Qanımız Vətən torpağına qarışıdı” adlı məqalədə Damədin belə bir fikrinə rast gəldim: “Nəinki qolum, canım da Vətənə qurbandır”. Necə qürur duymayasan belə igidlərlə?…
***
Düzünü deyim ki, bu kitabı göz yaşları içində oxudum. Bu qəhrəmanların həyat hekayələri məni həm qürurlandırdı, həm də duyğulandırdı. Şəhidlərimizin müqəddəs ruhları qarşısında sevgi və sayqı ilə baş əyirəm! Qəhrəmanlığınızla indi hamıya nümunəsiniz və bundan sonra da gələcək nəsillərə örnək olacaqsınız. Sizi nə biz unudacağıq, nə də tarix…
Hər birisi igiddir, hər birisi qəhrəman,
Mənfur yağı-düşmənə heç vermədiniz aman,
Tarix yaşadar sizi, əsla unutmaz zaman,
Bayraq kimi ucadır, ölümsüzdür şəhidlər!
***
Kitabda, həmçinin I Qarabağ müharibəsi zamanı doğma ev-eşiyindən məcburi köçkün olan şəxslərin də həyat hekayələri yer alıb. Bu məqalələri oxuyarkən gah kədərləndim, gah da sevindim. Sevindim ki, ilahi ədalət təcəlla etdi. Bir zamanlar zorla doğma ev-eşiyindən didərgin salınan vətəndaşlarımızın artıq doğma yurdlarına geri qayıdışı başlayıb. Şükür bu günə…
***
Bu yazının sonunda bir nüansı qeyd etmək istəyirəm. Böyük Zəfəri görən insanlardan olduğum üçün xoşbəxtəm. Torpaqları azad görmək arzusu ilə bu dünyadan nə qədər insan köçüb?… Bir zamanlar işğalda olan torpaqlarımızın həsrəti ilə “Bağışlama bizi, Vətən” şeirini yazmışdım. Şuşa işğaldan azad edilən günü böyük Zəfərimizə “Vətən, gözün aydın” adlı şeir həsr etdim. Sonuncu misraları belə idi:
Qanımızdan qutsal toprağa qatdıq,
Biz qələbə dolu tarix yaratdıq,
Çatdıq evimizə, Şuşaya çatdıq,
Vətən, gözün aydın, el, gözün aydın!
Allahdan bütün ŞƏHİDLƏRİMİZƏ rəhmət, QAZİLƏRİMİZƏ cansağlığı diləyirəm!
Rəsmiyyə Sabir iqtisad elmləri doktoru, şair
Subyekt.az