![]()
Vətən müharibəsi bütün Azərbaycan xalqının bir yumruq kimi birləşdiyi bir an oldu. Cəbhədə döyüşən əsgərlərimiz, arxa cəbhədə çalışan vətəndaşlarımız, sosial mediada informasiya müharibəsi aparan gənclərimiz – hamısı bu tarixi zəfərin iştirakçıları idi. Hər kəs öz payını verdi bu qələbəyə.
Bu zəfərin ən qiymətli əmanəti şəhidlərimizdir. Onlar canlarından keçərək torpaqlarımızı azad etdilər. Bu gün Azərbaycan xalqı hər bir şəhidini qürur və ehtiramla yad edir. Onların adları tariximizin qızıl hərflərlə yazılan qəhrəmanlarıdır.
Son 5 il ərzində azad olunan torpaqlarda böyük bərpa və yenidənqurma işləri həyata keçirilib. Füzuli, Kəlbəcər , Şuşa, Zəngilan, Laçın və digər bölgələrə həyat qayıdır. Yeni yollar, hava limanları, məktəblər, xəstəxanalar və digər infrastruktur layihələri regionun inkişafını sürətləndirir. Artıq keçmiş köçkünlər öz doğma yurdlarına qayıtmağa başlayıblar.
Qarabağ yalnız torpaq deyil, həm də milli kimliyimizin, mədəniyyətimizin beşiyidir. Bu gün Şuşada keçirilən beynəlxalq tədbirlər, konsertlər və mədəniyyət festivalları Azərbaycanın bu torpaqlarda nə qədər əzmlə və qürurla var olduğunu göstərir.
5 il öncə yazılan bu zəfər tarixi bizə göstərdi ki, xalq bir olduqda, qarşısında heç bir güc dayana bilməz. Bu gün Azərbaycanın qarşısında yeni hədəflər var – azad olunmuş əraziləri bərpa etmək, bölgədə sabitliyi və rifahı təmin etmək və bu qələbəni daim yaşatmaq.

Firəngiz Sabirqızı
Subyekt.az