![]()
Müəllimlik ən gözəl peşədir… Həm peşədir, həm də sənət. Sənətdir – müəllim isə sənətkar.
Sənətkarlar öz sənətlərini ustalıqla idarə etsələr, qarşılarındakı insan əsl sərvət olar. Olur da.
Lakin… çox təəssüf olsun ki, bəzi müəllimlər müəllim adına qara ləkədir. Dərs saatları üstündə düşən dava-şavalar müəllim adına silinməz qara möhür vurur.
Bir də bir etirazım var ki, pensiya yaşı tamam olmuş müəllimlərə müqavilə ilə dərs verilməsin. Çünki həm gənc müəllimlər kənarda qalır, həm də dərs bölgüsü üstündə biabırçılıqlar başlayır.
Təqaüd yaşı çatmış müəllim məncə yükünü çəkib getməli, və yaxşıca dincəlməlidir. Tanıdıqım müəllimlər var ki belə etmir, əksinə təhsil ocaqlarına üz tutur , eləsi var xahiş edir eləsi var hədə-qorxu gələrək müqavilə ilə yeni dərs saatları tələb edirlər , hətta qarşısındakı orta yaşlı müəllimlərə barmaq belə silkələyirlər.
Əslində, təcrübəli müəllimlərin məsləhətinə, öyrətdiklərinə hər zaman ehtiyac var. Onlar illərin zəhməti ilə formalaşmış müəllimlərdir. Amma onların yeri auditoriyada deyil, daha çox gənc müəllimlərə yol göstərməkdə, onlara dəstək olmaqda olmalıdır. Çünki hər gənc müəllim bu sahəyə yeni nəfəs, yeni baxış, yeni yanaşma gətirir.
Əgər biz təhsilin gələcəyini düşünürüksə, müəllimlik sənətinin dəyərini qorumaq üçün həm köhnə təcrübədən, həm də yeni baxışdan faydalanmalıyıq. Təhsildə ədalət, şəffaflıq və sağlam mühit yaranarsa, o zaman müəllim adına kölgə salan hallar da tədricən yox olacaq.
Yeni dərs ilində müəllimlərimizə uğurlar arzu edirəm.

Firəngiz Sabirqızı
Subyekt.az